Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-343/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin polis sahə inspektoru X1 iştirakları ilə, X2 Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin 13 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin 13 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Səbail rayon polis idarəsinin 39-cu PB-nin ezam olunmuş təhqiqatçısı X4 icraatında olmuş vətəndaş X5 şikayəti əsasında toplanmış HK-1/328 nömrəli material üzrə araşdırma aparılaraq 20 iyun 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarı o, rəsmi olaraq 03 noyabr 2022-ci ildə almışdır. Qərar ilə tanış olduqda ona məlum olmuşdur ki, guya o, vətəndaş X6 döymüşdür və bunun nəticəsində onu AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmişlər. Bunun əsasında Səbail rayon polis idarəsinin 39-cu PB-nin sahə inspektoru X3 tərəfindən 13 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və Səbail rayon polis idarəsinin 39-cu PB-nin rəisi X8 tərəfindən 13 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək onu 300 manat məbləğində cərimə etmişlər. Hesab edir ki, barəsində qəbul edilmiş qərar, onun əsasında tərtib edilmiş protokol və sonda qəbul edilmiş qərar qanuni əsasları olmadığı səbəbindən ləğv edilməlidir. Bu səbəbdən o, AR Baş Prokuroruna və Səbail rayon prokuroruna rəsmi şəkildə ərizə ilə şikayət etmişdir. Hazırda araşdırma davam edilir. Belə ki, təhqiqatçı X4 icraatında olmuş vətəndaş X5 şikayəti əsasında toplanmış HK- 1/328 nömrəli material üzrə araşdırma aparılaraq 20 iyun 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə tanış olarkən məlum olur ki, şikayətçi X9 20 may 2022-ci il tarixdə kim tərəfindən döyülməsi barədə ətraflı məlumat verməmiş, şahidləri təqdim etməmişdir, halbuki, yanında müşayiət edən iki xanım olmuşdur. Sadəcə Roma adlı şəxsin adını bildirmiş və bu səbəbdən hadisə vaxtı hadisə yerinə gələn polis tərəfindən şübhəli şəxs qismində heç kim cəlb edilməmiş, şahidlər cəlb edilməmişlər. Məlumat üçün bildirir ki, onu adı Ramildir. Bundan əlavə, Səbail rayonu ərazisində yüzlərlə Ramil və digər bu ada oxşar olan şəxslər var. Bir daha bəyan edir ki, o - X7 20 may 2022-ci il tarixdə heç kəsi döyməmişdir və vətəndaş X6 ümumiyyətlə tanımır. Onunla heç bir qanuna zidd olan hərəkətlər etməmişdir. Əgər etmişdirsə, onda sübutlar olmalıdır. Klub daxilində və çöldə çoxlu sayda kameralar var. Klub şəhərin mərkəzində yerləşir. Hər yerdə, hər tində kameralar var. Klubda həmişə çoxlu sayda xarici qonaqlar, müştərilər və daxili personal var. Bu hadisəni görən bir şahid tapılmayıb? Əlbəttə ki yox. Ona görə ki, bu hadisə onun tərəfindən törədilməmişdir. Vətəndaş çöldə kiminlə nə edirsə, ona nə aidiyyəti var? Bunun üçün asayişi qoruyan polis var. Hadisədən bir neçə gün sonra o, 39-cu polis bölməsinə dəvət edilmiş və orada izahat verərək bildirmişdir ki, şikayətçi X6 tanımır, onu döyməmişdir və ümumiyyətlə heç kimlə mübahisəsi olmur. Onların klubu şəhərin ən tanınmış klublarındandır. Daimi xaricdən gələn və digər tanınmış şəxslər qonaqları olur. Əgər hər hansı müştəri qanunsuz hərəkət etsə, dərhal 102 xidmətinə məlumat verərlər. Adam döyməyə nə ehtiyac var? O, özü ziyalı ailədə böyümüşdür və son Parlament seçkilərdə deputatlığa namizəd seçilmişdir. Hesab edir ki, qanunun tələbinə uyğun araşdırma aparılmadığı səbəbindən heç kəsə ittiham sürülə bilməz və heç kim istər cinayət, istərsə də inzibati təqibə məruz qala bilməz. Bir daha bəyan edir ki, o, qanuna zidd hərəkət etməmişdir və bu hadisə ilə bağlı iş materiallarında hər hansı bir sübut təqdim edilməmişdir. Belə halda onun Konstitusiya ilə qorunan hüquqları tapdalanır. Hesab edir ki, həqiqət üzə çıxarılacaq və şikayətçiyə həqiqətən xəsarət yetirən şəxs məsuliyyətə cəlb ediləcəkdir. Üzləşmə zamanı şikayətçi X9 onu tanımadığını və hadisə vaxtı onun orada olmadığını polisə bildirsə də, bu barədə qərarda həç bir məlumat verilməmişdir. Qərarda yalnız ekspert tərəfindən verilən rəy qeydə alınmışdır. 03 noyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, barəsində protokol yazılmışdır. 03 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu 39-cu polis bölməsinin dəftərxanasına rəsmi qaydada müraciət edərək barəsində tərtib edilmiş protokol və qərarı rəsmi almışdır. Həmin protokolu və qərarı oxuyaraq ona məlum olmuşdur ki, Bakı şəhəri Səbail rayonu 39-cu polis bölməsinin əməkdaşı onu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 300 manat məbləğində cərimə etmişdir. 39-ci PŞ-nin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib ediləndə onun iştirakı olmamışdır. Ona xəbər verilməmişdir və orada qeydləri yoxdur. Hesab edir ki, onu başqa bir şəxslə səhv salmışlar. Göstərilənlərə əsasən təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə barəsində Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 yazılı vəsatəti əsasında şikayətə onun yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X5 şikayəti əsasında toplanmış HK-1/328 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərar Bakı şəhəri Səbail rayon prokuroru tərəfindən 29 sentyabr 2022-ci il tarixdə ləğv edilmişdir, belə olan halda həmin qərar əsasında inzibati qaydada tənbeh edilməsinə dair 13 sentyabr 2022-ci il tarixli, MN ******* saylı qərar qüvvədə qala bilməz, ləğv olunmalıdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, X2 barəsindəki 13 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol təhqiqatçının cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərarı əsasında yazılmış, protokola 39-cu polis bölməsinin rəisi tərəfindən baxılaraq 13 sentyabr 2022-ci il tarixdə həmin şəxsin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Sonradan məlum olmuşdur ki, təhqiqatçının 20 iyun 2022-ci il tarixli qərarı Bakı şəhəri Səbail rayon prokurorunun 29 sentyabr 2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin təhqiqatçısı Elnur Həsənov tərəfindən qəbul olunmuş 20 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş X2 müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materialın qərarla birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunması qərara alınmışdır; -Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin polis sahə inspektoru X3 tərəfindən tərtib olunmuş 13 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir; -Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs kimi barəsində 300 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -Bakı şəhəri Səbail rayon prokurorluğunun 19 dekabr 2022-ci il tarixli 508-Ş-22 nömrəli məktubundan və rayon prokuroru Natiq Əsədov tərəfindən qəbul edilmiş 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, tam, obyektiv və hərtərəfli yoxlama aparılmadığına, bir sıra zəruri xüsusatlar araşdırılmadığına və toplanmış sübutlara düzgün hüquqi qiymət verilmədiyinə görə X5 müraciəti əsasında Səbail RPİ-nin 39-cu polis bölməsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunmasına dair təhqiqatçı Elnur Həsənovun 20 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş və əlavə yoxlama aparılması üçün Səbail RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokolun tərtib edilməsinə və onun haqqında həmin maddə ilə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinə, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin təhqiqatçısı Elnur Həsənov tərəfindən qəbul olunmuş 20 iyun 2022-ci il tarixli qərar əsas olmuşdur. Hansı ki, X5 müraciəti əsasında Səbail RPİ-nin 39-cu polis bölməsində toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmadığına, bir sıra zəruri xüsusatlar araşdırılmadığına və toplanmış sübutlara düzgün hüquqi qiymət verilmədiyinə görə cinayət işinin başlanmasının rədd olunmasına dair sözügedən 20 iyun 2022-ci il tarixli qərar Bakı şəhəri Səbail rayon prokurorunun 29 sentyabr 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və əlavə yoxlama aparılması üçün Səbail RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 barəsində inzibati icraatın başlanmasına və inzibati qaydada tənbeh olunmasına əsas olmuş təhqiqat orqanının 20 iyun 2022-ci il tarixli qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 29 sentyabr 2022-ci il tarixli qərarı ilə ləğv olunmaqla qüvvədə olmadığına görə, mübahisələndirilən 13 sentyabr 2022-ci il tarixli qərarın qüvvədə qalmasına hüquqi əsaslar yoxdur, həmin qərar ləğv edilməlidir. Qərar həmin əsasla ləğv edilməli olduğundan isə, şikayətdə irəli sürülən dəlillərin yoxlanılması üçün əsaslar qalmır, həmin dəlillər ibtidai araşdırma orqanı tərəfindən yoxlanılaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 300 manat məbləğində inzibati cərimə edilməsinə dair 13 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-343/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-343/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver