Məhkəmə qərarları › İş №3(007)-3433/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3433/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3433/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X3 və həmin orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 53A ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən 2023-cü il üçün fəaliyyəti nəticəsində əmələ gələn tullantıların ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmamış, müəyyən edilmiş 2-TG (hava, su təsərrüfatı və tullantı) illik hesabatı müəyyən olunmuş qaydada və müddətdə təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X5 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, özü Şəxs MMC-də, MMC-yə aid sexdə olmuşdur. Orada demişlər ki, mühasib “covid”dən vəfat edib. O da rəhbərə demişdir ki, hesabat verməlidirlər, tullantılar olur. Hazırda nazirliyə bir sıra müəssisələr hesabatlarını təqdim edib. Qanunun tələbidir, hesabatı onlara təqdim etməlidirlər. Hesabatı verməyə borcludurlar. O, müəssisədə əməkdaşlara demişdir ki, hesabatları hazırlayıb, onlara təqdim etsinlər, lakin təqdim etməmişlər. Hətta, bəzi müəssisələrdə adətdir, onlara qonaqpərvərlik edirlər, hədiyyə edirlər, ona hədiyyə də vermişlər. “COP 29”a görə nazirlikləri hazırda gərgin işləyir, bir az tüstü olan kimi gedirlər, araşdırırlar, səbəbini öyrənirlər. MMC-də olanda orada Rəhimə xanımla başqa bir qız olmuşdur. Məktubun MMC-yə 27 iyunda daxil olduğunun səbəbini bilmir, bunu ondan yox, poçtdan soruşmaq lazımdır, amma MMC-nin nümayəndəsini 20 may tarixi üçün çağırmışlar. Nümayəndəni çağırıb müzakirə edəcəkdilər ki, niyə hesabatı verməyiblər. O, cərimənin məbləğini demişdir. Ona min manat verilməsini tələb etməmiş, rüşvət istəməmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 qeyd olunanları müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, qanunun tələbinə əsasən istehsal prosesində təhlükəli tullantılar əmələ gətirən birliklər, müəssisələr, təşkilatlar və idarələr hesabatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə şöbəsi və rayon (şəhər) Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırdıqdan sonra yanvarın 25-dək verməlidirlər. Belə hesabat verilmədiyinə görə müəssisəyə yaxınlaşmışlar, araşdırmaya dəvət etmişlər. Protokol tərtib edilməzdən əvvəl gözləmişlər, telefonla əlaqə saxlamışlar, lakin onlar araşdırmaya gəlməmişlər, həm də məlumatları daxil etməmişlər. Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı onlardan rüşvət istəmiş, verməmişlər, bununla bağlı sübutları da vardır. Həmçinin, araşdırma zamanı prosessual pozuntulara yol vermişlər. Belə ki, 21 iyun 2024-cü il tarixdə iştirakları olmadan akt tərtib edilmişdir, onları idarəyə 20 may 2024-cü il tarixdə saat 10:00-a dəvət etsələr də həmin məktub 25 iyun 2024-cü üil tarixdə, yəni akt və protokolun tərtibindən sonra onlara çatdırılmışdır. Eləcə də, onlar kolbasa istehsal edirlər, heç bir tullantı olmur, sexdə fəaliyyət göstərirlər, oranın öz kanalizasiyası var. Orada şirkətin ətraf mühiti çirklətməsi mümkün deyil, şirkət kolbasa istehsal edir, necə tullantıları ola bilər. Hazır ət alıb kolbasa istehsal edirlər, heyvan alıb kəssə idilər, bəlkə ola bilərdi. Onlar ekologiyaya zərərli tullantılar, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti ilə məşğul deyillər. Protokol tərtib edən şəxs buna dair sübut təqdim etmyib. İndiyədək 21 il ərzində bir dəfə də olsun protokol tərtib edən şəxs bu barədə bildiriş verməyib. Hesab edirlər ki, tərəflərindən inzibati xəta törədilməyib və dövlət orqanı bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyib. Eləcə də, ciddi prosessual qüsurlarla akt və protokol tərtib edilib. Əlavə olaraq bir daha qeyd edir ki, onlar tullantılarla bağlı hesabat verməli deyillər, Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib özləri müəyyənləşdirməlidirlər. Hesab edir ki, təmsil etdiyi MMC həmin xətanın subyekti deyildir, tullantı olub-olmamasını sübut etmək vəzifəsi Ekologiyanın üzərinə düşür. Hesabatı ətraf mühitə zərər vuran müəssisələr etməlidirlər. Onlar ətraf mühitə zərər vuran müəssisə deyillər, əgər, ətraf mühitə zərər yetirə bilən müəssisədirlərsə, bunu qarşı tərəf sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 21 iyun 2024-cü il tarixli 85147 nömrəli aktın surətindən görünür ki, həmin idarənin 04 iyun 2024-cü il tarixli 148 nömrəli sərəncamına əsasən xidməti ərazidə nəzarət tədbirlərini həyata keçirtmək məqsədilə və idarəyə daxil olmuş fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqlərini aparmayanlar araşdırılarkən məlum oldu ki, Nizami rayonu, Babək prospekti 53A-da fəaliyyətdə olan Şəxs MMC tərəfindən 2TG (hava, tullantılar, su təsərrüfatı) nömrəli illik tullantılar 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Hüquqi şəxslər (təbiətdən istifadəçilər) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. İdarədə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli və 17 avqust 2022-ci il tarixli 308 nömrəli qərarlara əsasən çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmə haqları ödənilməmiş və hər ayın 10-na kimi hesabatların təqdim edilməsi təmin olunmamışdır. Beləliklə, Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 18-ci maddəsinin tələbləri pozulmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 8 aprel 2013-cü il tarixli 24/11 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair” 2-TG (tullantılar) illik hesabat formasından görünür ki, istehsal prosesində təhlükəli tullantılar əmələ gətirən birliklər, müəssisələr, təşkilatlar və idarələr hesabatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə şöbəsi və rayon (şəhər) Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırdıqdan sonra yanvarın 25-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim etməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 mart 2019-cu il tarixli 17/12 nömrəli qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına atılan zərərli maddələrə dair” 2-TG (hava) illik hesabat formasından görünür ki, hesabat atmosfer havasını çirkləndirən stasionar mənbələrə malik olan hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən fevral ayının 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edilir (regional ekologiya və təbii sərvətlər idarələri ilə razılaşdırıldıqdan sonra). İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Bu, tərtib olunmuş 21 iyun 2024-cü il tarixli aktla və verilmiş izahatlarla öz təsdiqini tapır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Bundan başqa, hüquqi şəxsin izahatında qeyd olunan digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi hazırkı icraatın predmeti deyildir, inzibati araşdırma aparan orqanın əməkdaşları tərəfindən bu proses zamanı yol verdikləri, neqativ hesab etdikləri hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və müvafiq məsuliyyət məsələsinin həlli üçün aidiyyəti prokurorluq orqanına müraciət edə bilərlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə təqsirli bilinib, barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar