Məhkəmə qərarları › İş №3(007)-3437/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3437/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3437/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndələri Nümayəndə1 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi-“LCG” vəkil bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 115, BMS plaza, mənzil 91 olan Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X14, X1, X15, X7, X4, X11, X12, X5 və X6 13 may 2024-cü il tarixdən hal-hazıradək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi Nümayəndə1 protokolun məzmununa uyğun izahat vermiş, sualları cavablandırarkən göstərmişdir ki, vətəndaşlara iş icazəsi almadan, qonaq kimi göndərə bilərdilər ki, gedib işlə tanış olsunlar, bundan sonra əmək müqaviləsi bağlayaraq işə cəlb edə bilərdilər. İşə cəlb etmə dedikdə, vətəndaşın vaxtını həmin işə sərf etməsi də sayılır. Belə ki, işçi vaxtını ayırıb, oraya gedirsə, artıq işə cəlb olunmuş sayılır. Daxili İşlər Nazirliyinə sorğu veriblər, iş icazəsi alındığını müəyyənləşdiriblər. Sonra məlum olmuşdur ki, bildirişləri qüvvəyə minmədən vətəndaşlar işlədilib, əmək hüquqları pozulub. Daxili İşlər Nazirliyi tərəfindən bütün şirkətlər barədə onlara mütəmadi məlumatlar göndərilir, iş icazələrinin alınması barədə məlumat verirlər ki, yoxlayın, görək, əmək müqavilələri var, yoxsa yoxdur. Protokolda sadalanan 8-9 işçinin heç birinin izahatını almamışlar, amma həmin şəxslərdən ən azı birinin çağırıb izahatını ala bilərdilər. Belə məlumatın daxil olması onlar üçün protokol tərtib etməyə əsasdır. Protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X8 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X9 izahatında göstərmişdir ki, protokolda qeyd olunan vətəndaşların heç biri Şəxs MMC tərəfindən işğaldan azad olunmuş ərazilərdə işə cəlb edilməmişdir, ona görə onlarla əmək müqaviləsinin bağlanmasına və elektron qaydada sistemə daxil edilməsinə əsaslar olmamışdır. Məsələn, o, restoranda işləməsi üçün laçınlı ilə razılaşır, icazəni alıb göndərir ki, bir gün baxsın işə, müəyyən etsinlər ki, qəbul edəcək-etməyəcək. Vətəndaş gedib işə, işləməli olduğu yerə baxır, lakin işləmək istəmir. O, işçi kimi qəbul etmək istədiyi şəxslərə 700 manat təklif edir, lakin yenə də orada işləmək istəmirlər. Sistem onlara sadəcə 3 icazə növü verir, onlar da ancaq işçi kimi onlara icazə ala bilərlər. Həmin şəxslərə qonaq kimi icazə almağa icazələri yoxdur. Onlar portalı işçilərə aça bilərlər, onların özləri həmin ərazilərə işlə bağlı gedirlər, oraya qonaq göndərmək hüquqları yoxdur. Hər hansı inzibati xəta törəmədiklərini nəzərə alıb, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokolda adları qeyd olunan şəxslərin heç biri işlərin (xidmətlərin) görülməsinə cəlb edilməmişdir. Buna dair hər hansı sübut təqdim olunmamışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, o, Laçın rayonunda 2023-cü ilin oktyabr ayının əvvəlində olmuşdur. İş üçün oraya getmiş, görmüşdür ki, şərait yoxdur. Bir gün yarım qalmışdır. Lakin heç bir iş görməmişdir. İşi qəbul etsə, ofisiant olacaqdı və 500 manat maaş alacaqdı. Lakin görmüşdür ki, şərait yoxdur, ona görə iş təkilfini qəbul etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında protokola dair material üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından, onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin məktubundan (qeydiyyat tarixi və nömrəsi yoxdur) görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə Şəxs MMC tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə toplanaraq tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, işğaldan azad edilmiş ərazilərə giriş üçün həmin MMC tərəfindən adlarına icazə alınmış, inzibati xəta haqqında protokolda qeyd olunan X14, X1, X15, X7, X4, X11, X12, X5 və X6 adlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, təqdim edilmiş sübut yalnız Şəxs MMC tərəfindən müvafiq şəxslərin adına 13 may 2024-cü il tarixdə işğaldan azad edilmiş ərazilərə giriş üçün icazənin alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan ibarətdir. Hansı ki, belə məlumatın olması yalnız şifahi məlumatdan ibarətdir, yazılı sübut qismində həmin məlumat protokola əlavə edilməmiş, məhkəməyə də təqdim olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsindən ibarət araşdırma (sübutla müşayiət edilməyən), hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respubikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etməsi barədə qənaətə gəlinməsi üçün yetərli və əsaslı sayıla bilməz. İnzibati araşdırma orqanı adlarına icazə alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedib-getməmələrini, oraya getdikləri halda isə Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməmələrini, bu işlərin həcmini, növünü, işlərin davam etmə müddətini, onlara bu işlərin görülməsi haqqının ödənilib-ödənilməməsini və s. bu kimi xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Məhkəmə bu qənaətə gəlməsini həm qanunvericiliyin tələbləri, həm də təqdim edilmiş sübutların məcmusu baxımından əsaslandırmaqla belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, hüquqi şəxs tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Bununla da, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib olunanadək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması, nəticə etibarı ilə protokolun düzgün tərtib olunmaması, təqdim edilmiş materialların natamam olması, sübutların kifayət etməməsi ilə bağlı qənaətə gəlməyə kifayət qədər əsas verir. Hansı ki, bu kimi pozuntuların məhkəmədə araşdırılaraq aradan qaldırılması mümkünsüzdür, məhkəmənin işə baxarkən aşkar etdiyi pozuntular, tədqiq olunmalı olan sübutlar məhz inzibati araşdırma orqanı tərəfindən yoxlanılmalı, yalnız bundan sonra İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və s. bu kimi hallar müəyyən edilməli, daha sonra isə bu qeyd edilənlərin məcmusu baxımından inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsasların olub-olmaması məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 118.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; ərizənin, vəsatətin məzmunu; ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar; ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin qərardadın mahiyyətini əks etdirən ümumi normaları ilə yanaşı, konkret hallarda qərardadın qəbul olunması qaydaları həmin Məcəllənin ayrı-ayrı xüsusi normalarında nəzərdə tutulmuşdur. Məsələn, inzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda, vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə; özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə; icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (İnzibati Xətalar Məcəlləsinin 50.2, 52, 74.3, 82.1, 83.3 və 87.3-cü maddələri). Yuxarıda qeyd edilən normalarda müəyyən olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunan nöqsanların bir daha araşdırılaraq aradan qaldırılması, sübutların əldə edilməsi imkanı itirilməmişdir, ona görə mövcud vəziyyətdə işin icraatına xitam verilməsi üçün hüquqi əsaslar yoxdur, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş 27 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar