Məhkəmə qərarları › İş №3(007)-3438/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3438/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3438/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil, protokol tərtib etmiş Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı metropolitenində Polis İdarəsinin İTB xidmət üzrə baş inspektoru X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı metropolitenində Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, Bakı metropoliteninin Qara Qarayev stansiyasında səs-küy salaraq və nalayiq fadələr işlədərək ictimai qaydanı pozmuş, bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı metropolitenində Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı metropolitenində Polis İdarəsinin İTB xidmət üzrə baş inspektoru X6 məhkəməyə verdiyi izahatında protokolun məzmununa uyğun ifadə verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı metropolitenində Polis İdarəsinin İTBnin bölmə rəisi X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki vətəndaş Şəxs saat 13:20 radələrində metronun “Qara Qarayev” stansiyasından platformadan pillakanla çıxaraq meydançada telefonla danışmış, daha sonra gəlib məhəccərə söykənib polisin xidmət etdiyi və “X-ray” yoxlama aparatının qarşısında dayanmışdır. Hansı ki, orada dayanmaq olmaz. Orada telefonla danışmış, bu zaman monitroa nəzarət edən polis əməkdaşı ona yaxınlaşaraq iradlarını bildirsə də o, bu anda əl hərkətləri ilə aqressiv davranaraq mübahisə yaratmışdır. Daha sonra polis əməkdaşı onu xidməti otaqa dəvət etsə də, vətəndaş getməkdən yayınaraq mübahisə yaratmışdır. Bu zaman digər sərnişinlərin diqqətini cəlb etmiş, polisin qanuni tələbinə tabe olmamış, polis əməkdaşı da bu səbəbdən həmin şəxsin kəmərindən tutub polis otağına aparmışdır, 10 saniyədən sonra polis serjnatı Səxavət Lətifov polis otağından çıxmışdır. O, polis otağında 10 saniyə olmuş, həmin müddət ərzində ona qarşı zor tətbiq edilməmiş, onu döyən olmamışdır. Şəxsin müayinə olunması üçün təcili yardım dəvət edilmiş, lakin heç bir xəsarət aşkar olunmamışdır. Həmçinin qeyd etmişdir ki, metrostansiyadan istifadə qaydalarını pozduğu üçün bu mübahisə yaranmış, vətəndaş metrostansiyanın təyinatından uyğun istifadə etməmiş, həmçinin onun məhəccərə söykənmək, orada telefonla danışmaq səlahiyyəti olmamış, həmin ərazi metrostansiyanın işçiləri üçün nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, söyüş söyməmiş, yüksək səslə danışmamışdır. Metroya düşəndə telefonuna zəng gəlmiş, o, alçaq səslə telefon danışmış, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq iradlarını bildirmiş, o, alçaq səslə telefonla danışmağını bildirmiş, lakin polis əməkdaşı onu polis otağına dəvət etmiş, o hansı əsasla polis otağına dəvət olunduğunu bilmək istəmiş, heç bir qanunsuz hərəkət etmədiyini bildirmişdir. Otaqda isə kamera olmamış, orada onu yerə yıxmış, döymüşlər. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəməyə verdiyi izahatında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı metropolitenində Polis İdarəsinin polis nəfəri X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Həmçinin məhkəməyə sonradan təqdim edilmiş videomateriala baxış keçirilən zaman Şəxs “X-ray” yoxlama aparatının qarşısında dayanması, telefonla danışması, bu zaman monitroa nəzarət edən polis əməkdaşının onun bu hərəkətini görüb nə üçün orada dayanıb ona tərəf baxdığını soruşması, orada dayanmağın qadağan olduğunu bildirməsi, bu anda vətəndaşın polis əməkdaşına məhəl qoymayaraq öz hərəkətlərinə davam etməsi, həmçinin əl hərkətləri ilə aqressiv davranması, polisin ondan xidməti otağa getməsini tələb etsə də, həmin vətəndaşın getməkdən yayınması, mübahisə yaratması, digər sərnişinlərin diqqətini cəlb etməsi, polisin qanuni tələbinə tabe olmaması aşkar edilmişdir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı metropolitenində Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar