Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3448/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 iyun 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 2408-ci məhəllə, mənzil 16 olan Şəxs MMC tərəfindən 22 noyabr 2022-ci il tarixli 1-2211/2022 saylı müqaviləyə əsasən, ümumi gömrük dəyəri 18035.11 manat (ümumi invoys dəyəri 10608.89 ABŞ dolları) olan 34 ədəd “mühərrikli nəqliyyat vasitələri üçün təhlükəsizlik kəməri” adlı yük 28 avqust 2023-cü il tarixli **********3445 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 4 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduqları halda, Şəxs MMC tərəfindən ixrac edilən 10608.89 ABŞ dolları olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş, az miqdar hesab olunan həmin xarici valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən 22 noyabr 2022-ci il tarixli 1-2211/2022 saylı müqaviləyə əsasən, ümumi gömrük dəyəri 18035.11 manat (ümumi invoys dəyəri 10608.89 ABŞ dolları) olan yük 28 avqust 2023-cü il tarixli **********3445 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, 23 oktyabr 2023-cü il tarixdə isə həmin yükün dəyəri kimi müəyyən eidlmiş pul vəsaiti xaricdən geri qaytarılmışdır. Bu, müvəkkil bank olan "xxxx" ASC-nin Sabunçu filialı tərəfindən verilmiş rəsmi sənədlə öz təsdiqini tapır. Buna baxmayaraq, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gələrkən, yəni İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd etmişdir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 22 noyabr 2022-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, ümumi gömrük dəyəri 18035.11 manat (ümumi invoys dəyəri 10608.89 ABŞ dolları) olan 34 ədəd “mühərrikli nəqliyyat vasitələri üçün təhlükəsizlik kəməri” adlı yük 28 avqust 2023-cü il tarixli **********3445 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduqları halda, Şəxs MMC tərəfindən ixrac edilən 10608.89 ABŞ dolları olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülmədiyi əsası ilə MMC-nin barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, məhkəməyə təqdim olunan "xxxx" ASC-nin Sabunçu filialı tərəfindən verilmiş rəsmi bildirişlə müəyyən olunur ki, Şəxs MMC tərəfindən 22 noyabr 2022-ci il tarixli müqavilə əsasında konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində 10608.89 ABŞ dolları vəsaitin 23 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının müvəkkil olunmuş həmin bankının hesabına köçürülməsi təmin edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur, MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati icraatın başlanılaraq məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3448/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3448/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver