Məhkəmə qərarları › İş №3(007)-3448/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3448/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3448/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Şahid5 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokurorluğundan daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Baş prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-nin onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru Şahid5 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid3 İbrəhim oğlu operator, Şahid4 sürücü, Şahid2 mühafizəçi və Şahid1 Gülhüseyn oğlu satış rəhbəri kimi İmişli rayonu ərazisində "İmişli" qumçınqıl yatağında 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək işlərin görülməsinə cəlb edilmişlər. Bu barədə cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri X1 tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2025-ci il tarixli, 25-1-0-0/000-0046- 7 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Şahid5 izahat verərək bildirmişdir ki, bütün sənədləri məhkəməyə təqdim etmişdir, sübutların hamısı real faktlardır. O, eyni ünvanda, eyni obyekti iki firma adı ilə işlədə bilməz, bu zaman o vergi qaçaqçılığı etmiş hesab olunar. Onun bir obyekti olmuşdur. Bütün qurumlara sorğu verib təsdiqini almaq mümkündür. Onun bir obyekti olmuşdur, o, haqsız yerə belə bir situasiya ilə üz-üzə qalır. Araşdırma zamanı eyni ilə burada verdiyi izahatı vermişdir. O, dəfələrlə müstəntiqə MMC-nin adının "xxxx" olduğunu desə də yenə də Şəxs yazmışdır, bu qərəzdir. Hətta ona qarşı belə bir cümlə işlətmişdir ki, “sizin yanınızda mənim 600-700 mantalıq hörmətim yoxdur?”. O, orada nəzarətçidən başqa heç kimi tanımamışdır, nömrələrini bilmir. Həmin şəxlər onun işçiləridir. Bütün işçilərin əmək müqaviləsi olmuşdur və işlədikləri dövrdə "xxxx" ASC-də adlarına açılmış kart hesabı vasitəsilə əmək haqqı almışlar. Ehtiyac olarsa bununla bağlı bank çıxarışlarını təqdim edəcəkdir. O, Şəxs MMC ilə yox, "xxxx" MMC ilə işləmişdir. Hətta müstəntiqə məhkəmənin düz getmədiyini demişdir. O da hamısının formal xarakter daşıdığını bildirmiş və məsələsinin DƏMX ilə yox Ekologiya Nazirliyi ilə olduğunu demişdir. İşçilərin əmək müqavilələrinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. 2024-cü ilin may ayında eyni işçilərlə "xxxx" MMC üzərindən əmək müqavilələri bağlamışlar. 2025-ci ilin aprel ayında işçiləri "xxxx" şirkətindən çıxartmış, maaşları ödəmişdir. Firmanı avqust ayının 22-i bağlamışdır. Çünki firmanın 2000 manat vergi borcunu ödəməyə imkanı olmamışdır. Firma borcu ödəməyənə kimi bağlanmır. Avqust ayında borc taparaq bütün vergi borclarını ödəmiş və 2024-cü ilin avqust ayında Şəxs MMC fəaliyyətini dayandırmışdır. Dayanmamışdan əvvəl 2024-cü ilin aprel ayında o, "xxxx" MMC-ni açmışdır. Açma səbəbi də bu olmuşdur ki, oranın 8 saylı Beyləqan vergi idarəsi dəfələrlə obyektə gəlib-getmişlər və demişlər ki, ya vergi ödəməlisən ya da obyekti işləməyə imkan verməyəcəklər. O, dövlətin bir vergi idarəsinin olmadığını demişdir. Vergidən isə obyektin İmişli rayonunda olduğunu yeni şirkət açaraq vergini onlara ödəməsini bildirmişlər. 2024-cü ilin avqust ayında şirkət bağlanmış, vergi onu təzə şirkət açmağa məcbur etmişdir. Qeyd olunanlara əsasən MMC-nin barəsində olan inzibati xəta haqqında işin geri qaytarılması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Gülhüseyn oğlu izahat verərək bildirmişdir ki, Şəxs MMC ilə onun arasında oğlu xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır, o əmək haqqını kartla almışdır. 2024-cü ilin mart ayında Vergi əməkdaşları obyektə gəlirlər və Ülviyyə xanımla əlaqə saxlamaq istəyirlər. Amma Ülviyyə xanım orada olmadığı üçün onun əlaqə nömrəsini verir. Ülviyyə xanımla danışanda o da verginin nümayəndələrinin yanında olmuşdur. əməkdaşlar Ülviyyə xanıma vergini onlara ödəmələrini bildirmişlər. Ülviyyə xanım da "xxxx" adında yeni bir şirkət yaratmış, may ayında da onları həmin şirkətə işə götürmüşlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Baş prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri X1 tərəfindən Şəxs MMC-nin barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 25-1-0-0/000- 0046-7 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, AZQUM" MMC-nin onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru Şahid5 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid3 İbrəhim oğlu operator, Şahid4 sürücü, Şahid2 mühafizəçi və Şahid1 Gülhüseyn oğlu satış rəhbəri kimi İmişli rayonu ərazisində "İmişli" qumçınqıl yatağında 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək işlərin görülməsinə cəlb edilmişlər. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatı əks etdirən çıxarışdan görünür ki, Şəxs MMC ilə Şahid4 arasında xx.xx.2023-cü il tarixdə, Şahid2 arasında xx.xx.2023-cü il tarixdə, Şahid1 Gülhüseyn oğlu xx.xx.2023-cü il tarixdə, Şahid3 İbrəhim oğlu ilə xx.xx.2023-cü il tarixdə əmək müqavilələri bağlanılmışdır, xx.xx.2024-cü il tarixdə isə adları qeyd edilən işçilərin əmək müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid3 İbrəhim oğlu operator, Şahid4 sürücü, Şahid2 ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Baş prokurorluğu Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Haciyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar