Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3454/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi – X4 və qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, X5 Azərbaycan Respubliksaı DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respubliksaı DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X7 İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, AR İnzibatı Xətalar Məcəllənin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati, tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7348241 saylı Qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində, saat 03:18 radələrində ünvan 1 ünvanında ona məxsus BMW 530İA MİNİK markalı, 10CJ068 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polisi əməkdaşı, inspektor X6 onu heç bir əsas olmadan saxlamış və maşının arxa qazanından çox səs gəldiyini, habelə maşının yerə olan məsafəsinin az olduğunu bildirmişdir. Lakin həmin nəqliyyat vasitəsində quraşdırılmış arxa səsboğucu (qazan) və purjın (yay) hissələri istehsalçı zavod tərəfindən bu model üçün nəzərdə tutulmuş, sertifikatlı və texniki baxımdan saz olmuşdur. Bunu bildirməsinə baxmayaraq, həmin yol polis əməkdaşı, qaunsuz və əsassız olaraq ona məxsus nəqliyyat vasitəsini bununla bağlı heç bir protokol və qərar tərtib etmədən cərimə meydançasına aparmışdır. O, polis əməkdaşından protokolun yazılmasını tələb etmiş, yalnız həmin protokol əsasında avtomobilinin cərimə meydançasına aparıla biləcəyini bildirmiş, həmçinin barəsində irəli sürülən iddiaların İnzibati Xətalar Məcəlləsinin hansı müddəasına əsaslandığını izah etməsini istəmiş, lakin polis əməkdaşı tərəfindən heç bir izah verilməmiş, nəticə etibarilə, o, öz vəzifə səlahiyyətlərindən isıifadə edərək, özbaşınalığa yol verərək barəsində əsassız olaraq İXM-in 342.5-ci maddəsi üzrə inzibati tənbeh tətbiq etmişdir. Qeyd olunan maddədə “mühərriki və ya konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarının” inzibati məsuliyyət yaratdığı nəzərdə tutulur. Halbuki onun nəqliyyat vasitəsinin mühərriki və digər texniki komponentləri tam saz vəziyyətdədir və nasazlıq aşkar edilməmişdir. Hətta belə bir nasazlıq olsaydı belə, bu maddəyə əsasən nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgədəri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı inzibati məsuliyyət yaradır. O da buna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Ona məxsus nəqliyyat vasitəsinin arxa qazanın və purjıni məhz onun avtomobili üçün istehsal edilib və rəsmi sertifikatı mövcuddur. Lakin bütün bunlara baxmayaraq İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində əsassız olaraq 50 manat məbləğində inzibati tənbeh tətbiq edilmiş və maşın cərimə meydançasına aparılmışdır. X10 Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya əsasən nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilməz. İnzibati tənbeh vermə haqqında sözügedən qərarı xx.xx.2025-ci il tarixdə əldə etmişdir. O, nəqliyyat vasitəsini tam saz texniki vəziyyətdə idarə etmişdir. Avtomobilin arxa qazanı və yerə olan məsafəsini müəyyən edən konstruktiv hissələri zavod istehsalıdır və onun avtomobili üçün nəzərdə tutulmuş sertifikatlı detallardır. Hərəkət etdiyi vaxt hər hansı bir inzibati xəta törətməmiş, heç bir yol hərəkəti iştirakçısının hüquqlarını pozmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsaslanaraq cərimə tətbiq olunması və nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması qanunsuz və əsassızdır. Onun heç bir qayda pozuntusu etmədiyi halda qeyd olunan maddəyə əsasən barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi və ona məxsus olan nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması hüquqlarının açıq şəkildə pozulmasıdır. Qeyd olunanlara əsaslanaraq 02 iyul 2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam veriıməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, onun saxlanılmasının səbəbi mühərrikin nasaz olması, yaxud stop işıqlarının yanmaması deyil, arxa səsboğucu qazandan səs gəlməsi olmuş, lakin o, rəsmi sənədləri polis əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması üçün başqa bir maddə olaraq formal olaraq protokol tərtib olunmuşdur. Həmçinin suallara cavab olaraq bildirdi ki, stop işıqları həqiqətən yanmamış, həmin nasazlıq saxlanılarkən aradan qaldırılmışdır. Lakin mühərrikin yoxlanılması üçün qaza basmasını istəmələri barədə tələbləri qanunvericiliyə uyğun olmadığı üçün o etmək istəməmişdir. Onun maşınında istehsalçı zavod tərəfindən fərqli əlavələr quraşdırılmış, lakin onlar konstruksiya dəyişikliyi hesab olunmur, bu səbəbdən normativ sənədlərdə öz əksini tapmamışdır. Bütün bunları nəzərə alaraq, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə bildirmişdir ki, sürücü X4 idarə etdiyi nəqliyyat vasitəsi stop işıqlarının yanmaması və mühərrikin nasaz olması səbəbindən saxlanılmış, saxlanılarkən stop işıqları yanmamış, həmçinin vizual olaraq konstruksiya dəyişikliyi müşahidə olunduğu üçün polis əməkdaşları tərəfindən yerində yoxlama aparılmasının məqsədilə sürücüyə mühərrikin yoxlanılması üçün qaza basması bildirilmiş, lakin sürücü bu tələbi yerinə yetirməmişdir. Həmçinin bildirdi ki, sürücü tərəfindən zavod istehsalçının müəyyən etdiklərindən əlavə nəqliyyat vasitəsində avadanlıqlar quraşdırılmış, həmin avadanlıqların quraşdırılması normativ sənədlərdə öz əksini tapmamışdır. Satışda bütün növ nəqliyyat vasitələrinin müxtəlif modelləri üçün avadanlıqlar satılır, lakin bir model üçün nəzərdə tutulmuş avadanlığı başqa modelə quraşdırmağa qanunvericilik icazə vermir. Şikayət verilən qərar qanuni və əsaslıdır. Bütün bunları nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X7 xx.xx.2025-ci il tarixdə, saat 03:18-də idarə etdiyi **-CJ-*** dövlət qeydiyyat nişanlı “BMW 530İA” minik markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulmasına görə İXM-in 342.5-ci maddələri ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavədə nasazlıqları siyahısı göstərilmiş, həmin Əlavənin Vİ hissəsinə əsasən mühərrikdə 1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda. 2) Yanacaq sisteminin hermetikliyi pozulduqda. 3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır. 4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə.5) Kiçik elektrik nəqliyyat vasitəsinin mühərriki işləmədikdə, normativ tələblər pozulmaqla yeni mühərrik quraşdırıldıqda və ya dəyişdirildikdə nasazlıq aradan qaldırılır. Azərbaycam Respublikası İXM-nin 98-ci maddəsinə əsasən Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs tərəfindən İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, şikayətçi öz şikayətində ona məxsus nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi etməməsi ilə bağlı fikrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şəxs nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi edilməsinə görə deyil, nəqliyyat vasitəsinin idarə edərkən mühərriki nasaz olan və nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan hal isə məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, şikayətçi məhkəmə iclasında arxa stop işıqlarının yanmadığını, həmçinin polis əməkdaşlarının mühərrikin yoxlanılması ilə əlaqədar tələblərinin qanunsuz olduğu üçün yerinə yetirmədiyin bildirmişdir. Nasazlığın yerində aradan qaldırılması ilə bağlı məhkəmə mövqeyini bununla əsaslandırır ki, nəqliyyat vasitələrində olan istənilən nasazlıq qanunun tələbinə əsasən aradan qaldırılmalıdır və konstruksiya ünsürünün nasazlığının yerində aradan qaldırılması dedikdə, ünsürün yenisi ilə əvəz edilməsi, təmirə verilməsi, təmirə verilmiş hissənin yerinə quraşdırılması və bunun üçün tələb olunan müddətin xidmətdə olan polis əməkdaşı tərəfindən gözlənilməsi öhdəliyinin olması kimi anlaşılmamalıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ünvanında mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bu səbəbdən X7 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi iş materiallarında olan izahatlar, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respubliksaı DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3454/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3454/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver