Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3455/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xanlarova Züleyxa Ramis qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X5 İdarəsinə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi, ev 15/3-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 07 iyun 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 06 iyun 2023-cü il tarixdə saat 09:31-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “VAZ 21074 minik” markalı **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru X2 tərəfindən 06 iyun 2023-cü il tarixdə saat 09.31 dəqəqədə, İXP ******* saylı protokol tərib edilərək ona Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə) görə 400 manat cərimə olunmuşdur. Lakin o, həmin vaxt heç bir içki qəbul etməmişdir, dərhal “Respublika narkoloji Mərkəzi” X3 saat 11:20 dəqiqədə sərxoşluq vəziyyəti ilə bağlı müayinədən keçmiş və onun tam ayıq vəziyyətdə olduğunu və qanında alkoqol miqdarının 0,00% olduğunu təsdiq edən 2/14180 saylı 06 iyun 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müqayinəsi” Aktı da tərtib edilmişdir. Halbu ki, Bakı şəhər DYPİ yol patrul xidməti bu ekspertizanı öz keçirtməli və yalnız qan analizi ilə bağlı sərxoşluq vəziyyəti aşkar edilərdisə protokol tərtib etməli idi. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; ayaq üstə sərbəst dayana bilmədikdə; özünü idarə edə bilmədikdə. Qaydalarda qeyd olunan bu halların heç biri onda olmamışdır. Bakı şəhər DYPİ-nin 06 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X5 İdarəsinə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs saxlanılarkən ünsiyyət zamanı nəfəsindən alkoqollu içkinin qoxusu gəlmiş, bu səbəbdən alkotestrlə yoxlanılmış, həmin şəxsdə alkoqolun miqdarı 0.474% olmuşdur. Şəxs bunu pivə içməsi ilə izah etmiş, istər sorğu zamanı, istərsə də yazılı izahatında bunları etiraf edərək öz xətti ilə izahat yazmışdır. Qeyd olunanlar məhkəməyə təqdim edilən video görüntülərlə öz təsdiqini tapır. Tərəfindən həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı etirazında göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yolun kənarında avtomobili saxladığı vaxt yol polisi əməkdaşı yaxınlaşmış, əvvəl avtomobili yoxlamış, avtomobilin salonuna baxaraq arxa oturacaqda təhlükəsizlik kəməri olmadığını demişdir. Sonra yol polisi onun içki içib-içmədiyini soruşmuş, o, içmədiyini desə də, izahatı alınarkən və video çəkiliş aparılarkən aldadılmış, pivə içdiyinə dair qeydlər yazdırılmışdır. Hansı ki, onun içkili olmadığı məhkəməyə təqdim etdiyi tibbi müayinə aktı ilə də təsdiq olunur. Avtomobili idarə edərkən ayıq olduğuna, içkili olmadığına görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 06 iyun 2023-cü il tarixdə saat 09:24-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.474% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 06 iyun 2023-cü il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatından görünür ki, o, “... söz verirəm bir daha sərxoş halda idarə etmiyəcəm. Həkimə getməyə ehtiyac yoxdu. Alkotestorun 0.45 promillə razıyam..Bir daha pivə içib avtomaşın sürməyəcəm” sözlərini yazmış və imzası ilə təsdiq etmişdir. İşdə olan 01 ədəd CD diskə əlavə edilmiş video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, YPX inspektorunun suallarına cavab verən Şəxs pivə içdiyini, həkim müayinəsinə ehtiyac olmadığını bildirmiş, yuxarıda istinad olunan izahatı sərbəst surətdə özü yazmışdır. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 06 iyun 2023-cü il tarixli 2/14180 nömrəli aktın surətindən görünür ki, Şəxs həmin tarixdə saat 11:20-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 06 iyun 2023-cü il tarixdə saat 09:24-də yerində aşkar olunmuş, Şəxs isə saat 11:20-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, 06 iyun 2023-cü il tarixdə Şəxs yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Hansı ki, bu hal, qeydə alınmış video görüntülərlə də öz təsdiqini tapır. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətindən görünür ki, Şəxs Vətən müharibəsinin iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə qeyd olunanları Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3455/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3455/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver