Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3456/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan (FİN 5T77F3H) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:35 radələrində idarə etdiyi “BMW 3281” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:35 radələrində idarə etdiyi “BMW 3281” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etdiyi bildirilmişdir. Polis əməkdaşına bildirmişdir ki, qardaşının toyu ilə əlaqədar toy karvanında olduğu üçün avtomobilinin baqaj hissəsini tül ilə bəzətmişdir. Lakin avtomobil hərəkətdə olan zaman küləyin təsirindən tüllər açılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının bir hissəsinin görünüşünü çətinləşdirmişdir, bunu isə o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bilmişdir. Polis əməkdaşının məhkəməyə təqdim etdiyi videogörüntülərdən də, məlum olur ki, o, qəsdən dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etməmiş, bu hal təsadüfən küləyin təsirindən əmələ gəlmişdir. Polis əməkdaşı avtomobili saxladıqdan sonra onlar yenidən tülləri əvvəlki vəziyyətdə bağlamışlar. Əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi avtomobilin baqajına toy karvanları üçün quraşdırılmış tül bəzəkləri nəqliyyat vasitəsi hərəkətdə olarkən küləyin təsirindən dövlət qeydiyyat nişanının bir hissəsinin üzərinə düşmüş və onun idarə etdiyi nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılana qədər bundan xəbəri olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3456/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3456/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver