Məhkəmə qərarları › İş №3(007)-3467/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3467/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3467/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1996-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonunun Yeni Həyat kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 02 iyun 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 16 aprel 2023-cü il tarixdə saat 10:00-da idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ilə Özbəkistan küçəsi istiqamətində təxminən 5-10 km/saat sürətlə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq, K.Balakişiyev küçəsi ilə Ə.Vəliyev küçəsinin kəsişməsində quraşdırılmış “Stop” yol nişanının tələbinə əməl etməyib hərəkətini düzünə davam etdirən zaman idarə etdiyi avtomobilin sol yan orta hissəsi ilə Ə.Vəliyev küçəsi ilə M.Abbasov küçəsi istiqamətində hərəkətdə olan “İveco” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq hissəsi ilə arasında toqquşma olmuş, nəticədə idarə etdiyi avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 16 aprel 2023-cü il tarixdə saat təxminən 10 radələrində o, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ilə Özbəkistan küçəsi istiqamətində təxminən 5-10 km/saat sürətlə hərəkətdə olan zaman K.Balakişiyev küçəsi ilə Ə.Vəliyev küçəsinin kəsişməsində quraşdırılmış “Stop” yol nişanını görmədiyi üçün o, hərəkətini düzünə davam etdirən zaman Ə.Vəliyev küçəsi ilə M.Abbasov küçəsi istiqamətində hərəkətdə olan “İveco” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq hissəsi ilə idarə etdiyi avtomobilin sol yan orta hissəsi arasında toqquşma olmuşdur. Hadisə zamanı o və avtomobildə olan sərnişin xanım, sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəsarət aldıqları üçün hadisə yerinə gələn təcili yardım stansiyasının əməkdaşları tərəfindən onlara ilkin tibbi yardəm göstərilmiş, sonra X2 aparılmışlar. Orada həkimlər ona ilkin tibbi yardım göstərək həmin xəstəxanada saxlamışlar, üç gün qaldıqdan sonra onu evə buraxmışlar. Zərərçəkmiş şəxs sağlamlığına dəymiş zərərlə bağlı maddi imkanı yol verdiyi qədər ödəniş edərək barışığa çalışmışdır, lakin hadisə zamanı həmin şəxsdə kompyüter olub-olmamasını, ona zərər yetirilməsini xatırlamır. Hadisənin digər sürücü ilə yanaşı, onun da təqsirindən baş verdiyini etiraf edir, əməlindən səmimi peşmandır. Qeyd etdiklərini, habelə hadisə zamanı onun özünün də xəsarətlər aldığını nəzərə almaqla, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən təhqiqat zamanı verdiyi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir, o, sözügedən izahatında göstərmişdir ki, 16 aprel 2023-cü il tarixdə saat təxminən 10 radələrində o, Bakı şəhəri, Xətai rayonu, “Babək Plaza”nın qarşısından yaşadığı ünvana gəlmək üçün taksi şirkətindən taksi sifariş vermiş, sifarişə “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı **-XM-*** olan avtomobil gəlmişdir. O, həmin avtomobildə arxa sağ oturacaqda əyləşmişdir. Taksi sürücüsü idarə etdiyi avtomobillə Nizami rayonu istiqamətində hərəkət edərək Nizami rayonu, K.Balakişiyev küçəsi ilə Özbəkistan küçəsi istiqamətində hərəkətini davam etdirən zaman K.Balakişiyev küçəsi ilə Ə.Vəliyev küçəsinin kəsişməsində olan yol ayrıcında “Stop” yol nişanına məhəl qoymayaraq hərəkətini davam etdirən zaman Ə.Vəliyev küçəsi ilə M.Abbasov küçəsi istiqamətində hərəkət edən yük avtomobili “Toyota Prius” markalı avtomobilin sol yan orta hissəsindən zərbə ilə toqquşmuşdur. Zərbə nəticəsində o, xəsarət almış, əlində olan “Dell” markalı özünə məxsus olan notbuku qırılaraq yararsız vəziyyətə düşmüşdür. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının əməkdaşları gələrək ona ilkin tibbi yardım göstərərək onu X4 aparmışlar. Həmin mərkəzdə həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Ona məxsus olan “Dell” markalı notbukun sınması və yararsız vəziyyətə düşməsi nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir, həmin ziyanın ödənilməsini xahiş edir. İşdə olan canlı şəxsin ekspertizasına dair 29 aprel 2023-cü il tarixli 367 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol İİİ qabırğa cisminin yerini dəyişməmiş natamam sınığı, sol dirsək nahiyəsinin qançırı və sıyrıqları, sol baldırın ön-bayır səthinin hematoması və sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mükündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 may 2023-cü il tarixli 8/1223 nömrəli rəyindən görünür ki, “Toyota Prius” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “İveco” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 19 may 2023-cü il tarixli qərardan görünür ki, HK1-261 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücülər Şəxs və X1 əməlində cinayət tərkibi olmadığından onların barələrində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs və X1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri üçün material Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə müvafiq maddi köməklik göstərərək onunla razılıq əldə etməyə cəhd etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı tam olaraq razılıq da əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar