Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3471/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Heydər Əliyev adına X4”nun nümayəndəsi X1 iştirakı ilə, “Heydər Əliyev adına X4”nun barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 iyul 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən “Heydər Əliyev adına X4”nun ünvanına Türkiyədən 06BGM093/06BYG248 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********6813 sorğu nömrəli sorğu bəyannaməsi üzrə yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə 20 iyun 2023-cü il tarixdə, saat 11:56-da daxil olduğu və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilərək yükün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsindən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, belə qısa idxal bəyannaməsi yalnız 21 iyun 2023-cü il tarixdə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Heydər Əliyev adına X4”nun nümayəndəsi protokola dair yazılı izahat (etiraz) vermiş, izahatını onunla əsaslandırmışdır ki, iş üzrə inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Heydər Əliyev adına X4”nun ünvanına Türkiyədən 06BGM093/06BYG248 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********6813 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2023-cü il tarixdə saat 11:56-da daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, “Heydər Əliyev adına X4” barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sənədlərdən, eləcə də 05 iyul 2024-cü il tarixli, 00100-01697/24 nömrəli inzibati xəta haqqında protokoldan da görünür ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd olunanlara əsasən, “Heydər Əliyev adına X4” barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi gəlməmiş, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Heydər Əliyev adına X4”nun nümayəndəsi X2 yazılı etirazında göstərilən məzmunda izahat vermiş, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Heydər Əliyev adına X4”nun ünvanına Türkiyədən idxal edilmiş **********6813 sorğu nömrəli sorğu bəyannaməsi üzrə yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə 20 iyun 2023-cü il tarixdə, saat 11:56-da daxil olduğu və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilərək yükün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsindən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, belə qısa idxal bəyannaməsi yalnız 21 iyun 2023-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırkı halda məhkəmə hesab edir ki, “Heydər Əliyev adına X4” tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs “Heydər Əliyev adına X4” tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri həmin hüquqi şəxs tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin təsiri altına düşməklə, sözügedən maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsini özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi isə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və belə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş üzrə inzibati xəta haqqında protokol isə həmin müddət daxilində deyil, inzibati məsuliyyətə cəlb etmə müddətinin başa çatdığından sonra, 05 iyul 2024-cü il tarixdə tərtib edilmiş və material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə vaxtının 20 iyun 2023-cü il tarix olması müəyyən edilməli, inzibati tənbehin belə inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən, “Heydər Əliyev adına X4” inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi andan başa çatmış hesab olunur, uzanan inzibati xəta hesab olunmamaqla İXM-nin 38.2-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “Heydər Əliyev adına X4”nun barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Heydər Əliyev adına X4”nun barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3471/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3471/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver