Məhkəmə qərarları › İş №3(007)-3472/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3472/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3472/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X3, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X1, AR DİN-nin ƏÇPAnın 5-ci PB-nin polis nəfəri X4 iştirakları ilə, xx.xx.1999-cu ildə Rusiya Federasiya, Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan AR DİN-nin ƏÇPAnın 5-ci PB-nin polis nəfəri X9 tərəfindən 24-cü Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən saat 21:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Aliance” restoranında səs-küy olduğu üçün məlumat əsasında həmin ünvana getmişlər. Ünvanda restoran sahibi yaxınlaşaraq 3 nəfər şəxsin müştərilərə yaxınlaşaraq narahatçılıq yaratmalarını və səs-küy salmalarını bildirmiş, onlar həmin şəxslərə yaxınlaşaraq onları polis şöbəsinə dəvət etsələr də, onlar polis əməkdaşının qanuni tələblərinə tabe olmamış,polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmişlər. Bu səbəbdən həmin şəxslərə fiziki qüvvə tətbiq edib qollarına qandal vuraraq onları polis şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxslərin X7, X10 və Şəxs olduqları məlum olmuşdur. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, onun əməlində polis əməkdaşına qarşı heç bir tabesizlik olmamışdır. O, polis əməkdaşlarına tabe olmuş, sadəcə olaraq polis əməkdaşları onu təhqir etdiyi üçün o da polis əməkdaşlarına cavab qaytarmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Bütün bunları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X6 məhkəməyə raportun və protokolun məzmununa uyğun ifadə verərək bildirmişdir ki, AR DİN-nin ƏÇPA-nın 5-ci PB-nin polis nəfərləri tərəfindən həmin şəxslər Polis Şöbəsinə gətirilmiş, şöbədə onların şəxsiyyəti məlum olmuş və barələrində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən AR DİN-nin ƏÇPA-nın 5-ci PB-nin polis nəfəri X9 çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən saat 21:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Aliance” restoranında səsküy olduğu üçün məlumat əsasında həmin ünvana getmişlər. Həmin ünvanda restoran sahibi yaxınlaşaraq 3 nəfər şəxsin müştərilərə yaxınlaşaraq narahatçılıq yaratmalarını və səs-küy salmalarını bildirmiş, onlar həmin şəxslərə yaxınlaşaraq onları polis şöbəsinə dəvət etsələr də, onlar polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmişlər. Bu səbəbdən həmin şəxslərə fiziki qüvvə tətbiq edib qollarına qandal vuraraq onları polis şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxslərin X7, X10 və Şəxs olduqları müəyyən edilmiş və barələrində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, raport, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 21:55-də tutulmuşdur. İş materiallarındakı xx.xx.2023-cü il tarixli, 2/19767 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta alkoqol sərxoşluq dərəcəsi müəyyən edilmişdir. İnzibati xətanın Şəxs tərəfindən sərxoş vəziyyətdə törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunur. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X5 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar