Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3473/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayonunun Muğanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 16 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Alliance Garden” restoranının qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən DİN ƏÇPA-nın 5ci patrul bölüyünün polis nəfərlərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 15 iyul 2024-cü il tarixdə “Alliance Garden” restoranında ailəsi və dostu Toğrulla birlikdə oğlu Hikmətin 4 yaşını qeyd etmişlər. Restorandan çıxmaq zamanı hesabın 245 manat olmasını bilmiş, 195 manat pulu özü nağd ödəmiş, 50 manat pulu isə Toğrul öz kart hesabından adminstratorun kart hesabına köçürmüşdür. Sonra heç bir əsas olmadan restoranın işçiləri onlara qarşı kobudluq edərək narazı yola salmış, itələyib bayıra çıxarmışlar. Restoranın çıxışında olarkən içkili olduğundan ayıq sürücü çağırıb getmək istəmişlər, bu zaman X10 əməkdaşları heç bir səbəb olmadan onlara yaxınlaşmış, ailə üzvlərinin yanında zorla, fiziki güc tətbiq edərək onları polis şöbəsinə aparmaq istəmişlər. O, ailə üzvlərini aparıb evə qoymasına imkan verilməsini, bundan sonra hara desələr gələcəyini demişdir. Lakin polislər onlara qarşı güc tətbiq etmişlər, onlardan Həmzəyev Seymur onu itələyib qolunu qaraltmış, yoldaşı Şəlaləni itələyib yerə yıxmışdır. O, polis əməkdaşlarına qarşı hər hansı qanunsuz hərəkət etməmişdir, ona və ailə üzvlərinə qarşı göstərdiyi qaydada qanunsuz hərəkət etmişlər. Buna baxmayaraq, baş verənlərə görə peşmandır. Qeyd etdiklərini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlahiddə X10 Xüsusi təyinatlı ikinci taborunun polis nəfəri X6 izahatında göstərmişdir ki, 16 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində 2457 çağırışlı avtopatulla inzibati ərazidə xidmət apararkən 2455 çağırışlı avtopatrul köməyə çağırmışdır. Onlar Nizami rayonu, R.Rüstəmov küçəsində “Alliance Garden” restoranının qarşısına getdikdə bir qrup şəxsin toplaşdığını görmüşlər. Onlardan sonradan tanıdığı Şəxs özündə olmamış, sərxoş vəziyyətdə uca səslə qışqırmış, ünvansız söyüşlər söymüş, öz maşınını əli ilə zərbələr vurmuş, həyat yoldaşını itələyərək maşına oturmasını tələb etmişdir. Şəxs sakitləşdirib nizam-intizama dəvət etməyə çalışsalar da, o, qanuni tələblərinə tabe olmaq istəməmişdir. Buna görə həmin şəxsi məcburi qaydada avtopatrula əyləşdirib 24-cü PŞ-nin növbətçi hissəsinə təhvil vermiş, raport yazmaqla barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Qeyd olunan müddətdə tərəflərindən Şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlahiddə X10 Patrul bölüyünün polis nəfərləri X7 və X5, şahid N.Ə.Cəfərovla eyni məzmunlu izahatlar vermişlər. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs, onun polis əməkdaşlarının tələblərinə əməl etməsi, onlara qarşı hər hansı hərəkətə yol verməməsi barədə irəli sürdüyü dəlillər məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, onun izahatında göstərilən digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi isə hazırkı icraatın predmeti deyildir, o, polis əməkdaşlarının ona qarşı yol verdikləri, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İşdə olan 16 iyul 2024-cü il tarixli 2/38341 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə tibbi müayinəsi zamanı onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 16 iyul 2024-cü il tarixdə saat 02:50-də tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan məhkəmə hesab edir ki, o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3473/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3473/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver