Məhkəmə qərarları › İş №3(007)-3474/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3474/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3474/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş 22 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus “GiyaSol” səhifəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3-cü maddəsi ilə yayılması qadağan edilən informasiya (təhqir, kütləvi iğtişaşın təşkilinə yönələn açıq çağırış və ictimai təhlükəsizliyin kütləvi pozulması) yerləşdirmişdir. Bununla da, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəkili Vəkil izahatında bildirmişdir ki, X3 barəsində tərtib olunmuş protokol əsassızdır. Şəxs tərəfindən təhqir, böhtan xarakterli məlumatlar paylaşılmamış, kütləvi ixtişaşların təşkilinə yönələn açıq çağırış və ictimai təhlükəsizliyin kütləvi pozulması özündə əks etdirən məlumatların yayılmasına yol verilməmişdir. Şəxs sadəcə öz fikirlərini ifadə etmişdir. Bütün bunları nəzərə alaraq X3 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək bildirmişdir ki, o, “Facebook” sosial şəbəkəsində paylaşdığı statusda sadəcə öz fikrini ifadə etmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Qeyd etdi ki, etdiyi paylaşımın məzmununda yayılması qanunla qadağan olunmuş hər hansısa informasiya, təhqir, böhtan xarakterli məlumat mövcud deyildir. Onun sərbəst toplaşmaq azadlığı var və bu səbəbdən məlum hadisələrlə bağlı Gədəbəy rayonuna getmək istəmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: - 22 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus “GiyaSol” səhifəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3-cü maddəsi ilə yayılması qadağan edilən informasiya (təhqir, kütləvi iğtişaşın təşkilinə yönələn açıq çağırış və ictimai təhlükəsizliyin kütləvi pozulması) yerləşdirmişdir. - “Facebook” sosial şəbəkəsindən çıxarışdan görünür ki, rahim X4” sosial şəbəkəsində özünə məxsus “GiyaSol” səhifəsində xx.xx.2023-cü il tarixdə aşağıdakı məzmunda paylaşım etmişdir: “Ə so*** sənin Azərbaycan polisinin də varyoxuna, sənin taladığın qızıl mədəninin də sənin dövlətinin də, sənin də! Orda bir yığın yesir qocanı, qadını zəhərləyir sonra itinə-polisinə döydürür ki, qanla qızıldan sərvət yığsın, sonra kəndin qapısını bağlayır, burda polisi söymüsən deyib uşağın birini tutub anasını yalvartdırır.. Gəlib tutmayanın da əcdadnı! BEZDİK DAHA ***d! Boş-boş yazırsız, ***muşam ***mə, NƏ YAZİM MƏN? ***UM BU DÖVLƏTİN ƏN BAŞİNDAKİNDAN ƏN AYAĞİNDAKİNA QƏDƏR HAMİSNİN ƏCDADİNA deməkdən başqa nə yazım??? Ya durub hamılıqla Gədəbəyə gedək ya çıxın burda küçəyə nə *** olacaqsa olsun. Bəsdi də *** bəsdi..” İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X1 Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin Qanunun 13-2.3-cü madəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; 13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; 13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar; 13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; 13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; 13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; 13-2.3.7. qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; 13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; 13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); 13- 2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; 13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; 13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; 13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. X1 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, işin hallarını və X1 şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də məhkəmə həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunan şəxslərin saxlanma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar