Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-348/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X2 Bakı Nəqliyyat Agentliyinin 21 fevral 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarından verdiyi şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4 Bakı Nəqliyyat Agentliyinin 21 fevral 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti ona əlavə edilmiş materiallarla birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, törədilməsi ehtimal edilən inzibati xəta 21 fevral 2020-ci il tarixdə Bakı, Şəhər Yolu Döngə 3, 2 ünvanında törədilmişdir, hansı ki, həmin ünvan Bakı şəhəri Nizami rayonunun inzibati ərazisində yerləşmir. Qərardan şikayət verən X4 isə, ünvan 3 ünvanında rəsmi qeydiyyatdadır. Belə olan halda, inzibati xəta haqqında işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə hər hansı aidiyyəti müəyyən olunmur. X4 şikayətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı olduğunu əsaslandırarkən İXM-nin 129.1.3-cü maddəsini səhv təfsir etmiş, inzibati xəta haqqında qərardan şikayətini xətanın baş verdiyi yer üzrə məhkəməyə deyil, qərar verən orqanın yerləşdiyi yer üzrə (Bakı Nəqliyyat Agentliyinin Bakı şəhəri, Z.Bünyadov prospekti 111 ünvanında yerləşdiyini nəzərə almaqla) məhkəməyə verdiyini qeyd etmişdir. Halbuki, istinad edilən normada əksini tapan hüquqi şəxs anlayışı qərar verən orqanı deyil, barəsində qərar çıxarılmış hüquqi şəxsi özündə ehtiva edir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bununla bağlı qeyd edilməlidir ki, mübahisələndirilən qərar 21 fevral 2020-ci il tarixdə qəbul edilsə də, X4 həmin qərardan şikayəti 03 fevral 2022-ci il tarixdə vermiş, bu zaman o, qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş on gün müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə müddətin bərpasına dair vəsatət verməmişdir. Bu halı X4 onunla izah etmişdir ki, o, qərarı 27 oktyabr 2021-ci il tarixdə almış, qərardan şikayət vermiş, şikayəti müvafiq səbəbdən geri qaytarılmış, bu səbəbdən şikayətini hazırda verdiyi zaman şikayət vermə müddəti ötürülməmiş olmuşdur. Lakin qanunvericiliyin istinad edilən tələbi baxımından qeyd edilməlidir ki, həmin hal qərarın rəsmi qaydada verildiyi vaxtdan on gün müddət ötürüldükdən sonra şikayət verilərkən prosessual müddətin bərpası barədə vəsatət verilməsini istisna etmir, belə vəsatətin verilməsi zəruridir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 qərardan şikayəti geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Bakı Nəqliyyat Agentliyinin 21 fevral 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-348/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-348/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver