Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3481/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 22 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən çıxarılmış “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərarı icra etməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuş xörək duzu məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə Agentliyin Bakı regional bölməsinə müraciət etmişdir. Bakı regional bölməsi tərəfindən sahibkarın müraciətinə baxılmış və qanunvericiliyə uyğun olaraq xörək duzu məhsulundan nümunələr götürülərək laboratoriyaya göndərilmişdir. Laboratoriyadan çıxan nəticələrə əsasən duzda yodun miqdarı normativ sənədlərdə müəyyən olunmuş normadan az olduğundan qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Şəxs MMC-nin barəsində “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərar qəbul edilmiş və sahibkarın hüquqi ünvanına, həmçinin anbarın yerləşdiyi ünvana poçt və elektron poçt vasitəsilə göndərilmişdir. Qərarın müddəti bitdikdən sonra sahibkar tərəfindən qərarın icrası ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Şəxs MMC-yə qərarın icra olunmaması ilə bağlı bildiriş göndərilmiş və Bakı regional bölməsinə dəvət edilmişdir. Şəxs MMC-nin direktoru və nümayəndəsi Bakı regional bölməsinə gəlmişlər. Qərarın icrası barədə soruşulduqda, icra olunmadığı bildirilmişdir. Bununla bağlı Şəxs MMC-nin barəsində İXM-nin 544.2-ci maddəsi ilə protokol tərtib olunacağı bildirildikdə iştirak etməyəcəklərini və protokolu imzalamayacaqlarını bildirmişlər. Bundan sonra Şəxs MMCnin barəsində İXM-nin 544.2-ci maddəsi ilə protokol tərtib edilmiş, eyni qaydada MMC-nin ünvanına göndərilmişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X5 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs MMC-nin təqdim etdiyi etirazda ölkəyə idxal olunmuş xörək duzundan nümunənin düzgün götürülmədiyi bildirilir. Xörək duzundan nümunə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə götürülmüşdür. MMC-nin nümayəndəsi heç bir etiraz bildirməyərək aktı imzalamışdır. Nazirlər Kabinetinin 12 dekabr 2012-ci il tarixli, 200 nömrəli qərarına əsasən duz məhsullarında yodlaşdırılma dərəcəsi 30-50 olmalıdır. Şəxs MMC-nin idxal etdiyi xörək duzu məhsulunda isə yodlaşdırılma dərəcəsi 27 olmuşdur. Buna görə də Şəxs MMC-yə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunması qərarın icrasını dayandırmır. Qərarın icrasının dayandırılması ilə bağlı məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinin qəbul edilməsi ilə bağlı müraciət olunmalıdır. Belə bir müraciətin olunması və qərarın qəbul olunması barədə məlumat yoxdur. “İnzibati icraat haqqında” Qanuna əsasın şikayətin verilməsi inzibati aktın icrasını dayandırmır. Yodsuz duzun ölkə bazarlarına giriş-cıxışına məhdudiyyət qoyulmuşdur. Şəxs MMC-nin idxal etdiyi xörək duzu məhsulundan götürülmüş nümunədə yodun miqdarı normadan az olduğundan satışı qadağandır. Həmin məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalı, icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməlidir. Qeyd olunan tələblər Şəxs MMC tərəfindən yerinə yetirilmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Ölkəyə idxal olunan qida məhsuluna idxal olunduğu ölkə tərəfindən sertifikatın verilməsindən asılı olmayaraq qida təhlükəsizliyi sertifikatının verilməsi üçün X1 müraciət olunmalıdır. Şəxs MMC tərəfindən də belə bir müraciət olunmuşdur. Qida təhlükəsizliyi sertifikatının verilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Gömrük orqanında məhsul müayinə olunmur, sertifikata uyğun kod verilir. Şəxs MMC-nin ölkəyə idxal etdiyi duz məhsulu qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olmadığı üçün təhlükəli məhsul hesab olunur. Qeyd olunanlara əsasən, Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şəxs MMC-nin nümayəndəsi X8 məhkəməyə etiraz və yazılı çıxışını təqdim etmiş, etiraz və çıxışa uyğun izahat verərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, respublikaya qida əlavəsi olan yodlaşdırılmış xörək duzu idxal edir. Bundan başqa, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də respublikaya qida əlavəsi olan yodlaşdırılmış xörək duzu idxal edir. Hesab edirlər ki, hazırkı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəhbərliyinin onlara qarşı qərəzli münasibətinin nəticəsidir. Sözügedən yodlaşdırılmış xörək duzu, Şəxs İran İslam Respublikasının “X19 X17 X14 Produktion Company“ ilə bağladığı xx.xx.2021-ci il tarixli, TS/022 saylı müqavilə əsasında xx.xx.2023cü il tarixində Azərbaycan Respublikasına idxal olunmuş, prosedur zamanı gömrük orqanı tərəfindən yoxlanılmaqla, yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarı 34.9 mkq/q müəyyən olunmuşdur. Bakı Regional Bölməsinin əməkdaşı xx.xx.2023-cü il tarixli Akt tərtib etməklə nümunə üçün fəhlənin gətirdiyi 1 kisə 25 kiloqramlıq duzu avtomobilinə qoyub aparmışdır ki, bu 1 kisə duz xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasına idxal olunmuş yodlaşdırılmış xörək duzu partiyasından olmamışdır. Bakı Regional Bölməsinin əməkdaşı nümunə üçün 1 kisə duzu götürüb aparmışdır ki, bu da onu göstərir ki, yodlaşdırılmış xörək duzundan orta nümunəni ölkədə qüvvədə olan standartın tələblərinə müvafiq götürməmiş, nümunələrin götürülməsi qaydalarına (GOST 33770- 2016, Dövlətlərarası Standart (duz), həmçinin GOST 31904-2012, Qrup H09, (ərzaq məhsullari) olan tələblərə zidd olmuşdur. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun imzaladığı xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1-5140/23 saylı “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunması”na dair və “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərarının icra olunması üçün, həm də Azərbaycan Qida Təhlükəsizliyi X7 Sınaq Laboratoriyasının müdiri X11 imzaladığı AZ- 22010957/LAB06-23003-T-003 nömrəli “Sınaq protokolu”nun surətinin göndərildiyi məktubu almışlar. Ölkəyə idxal etdikləri yodlaşdırılmış xörək duzu partiyasından nümunələr götürərək, "xxxx" MMC Laboratoriyasında tədqiq etdirmişlər və xx.xx.2023-cü il tarixli, 0578 saylı “Sınaq protokolu”na əsasən müəyyən olunmuşdur ki, duzda yodun miqdarı norma və tələblərə uyğundur. Anbarda hesabatları yoxlayarkən, səliqə-səhman yaradarkən məlum olmuşdur ki, nümunə xx.xx.2023-cü il tarixində idxal etdikləri duz partiyasından olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Qida Təhlükəsizliyi X7 Sınaq Laboratoriyasının müdiri X12, xx.xx.2023-cü il tarixində, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Zaur Kərimova pretenziya məktubu yazmışlar. Pretenziya ilə yanaşı, həmçinin bildirmişlər və xahiş etmişlər ki, sınaq üçün nümunəni, təhlükəsizlik sertifikatının verilməsi üçün elektron ərizə, İD********** saylı müraciətlərinə əsasən xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan yenidən götürsünlər və tədqiq etsinlər. Nəticə olmadığından xx.xx.2023-cü il tarixində Bakı regional bölməsinin rəisi Zaur Kərimova 2-ci dəfə yazılı müraciət edib xahiş etmişlər ki, xx.xx.2023cü il tarixində ölkəyə idxal olunmuş yodlaşdırılmış xörək duzundan yenidən nümunə götürsünlər və tədqiq etsinlər. Müraciətin heç bir nəticəsi olmamışdır. Onlar xx.xx.2023-cü il tarixində Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətləri”nin, həmçinin “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunması”na dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsi, eləcə də “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, bu vaxta qədər cavabdehin hərəkətləri və qərarı əsasında iddiaçı Şəxsnə vurulmuş maddi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin bu işlə bağlı sərəncamının surətini məhkəməyə təqdim etmişlər. Şəxs İran İslam Respublikasının “X19 X17 X14 Produktion Company” şirkəti ilə yodlaşdırılmış xörək duzunun alışına dair xx.xx.2021-ci il tarixində TS/022 saylı müqavilə bağlamış və bu günə qədər də həmin şirkətlə həmin müqavilə əsasında işləyir. xx.xx.2023-cü il tarixində istehsal olunmuş yodlaşdırılmış xörək duzu partiyasından, həmin vaxtdan xx.xx.2023-cü il tarixinə qədər, o cümlədən 2023-cü ilin iyun ayı da olmaqla, bir neçə dəfə ölkəyə yodlaşdırılmış xörək duzu idxal olunmuşdur. İdxalçı ölkənin hər dəfə idxal etdiyi yodlaşdırılmış xörək duzu partiyasına dair təhlükəsizlik sertifikatı mövcud olduğu halda, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi qanunun tələbini pozaraq hər dəfə sertifikatın verilməsi üçün onlara qarşı əsassız tələblər irəli sürmüş, onlara yenidən təhlükəsizlik sertifikatı vermişdir. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində yodlaşdırılmış xörək duzunun istehsalı və idxalına dair tələblər təsbit olunmuşdur. Bu Qanunun 8.2-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasına idxal olunan yodlaşdırılmış duz müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yodlaşdırılmış duzun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi xx.xx.2023-cü il tarixində istehsal olunmuş yodlaşdırılmış xörək duzu partiyasından, həmin vaxtdan xx.xx.2023-cü il tarixinə qədər və sonra bir neçə dəfə, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş yodlaşdırılmış xörək duzunun hamısında, yodun miqdarının normada olduğunu yazdığı halda xx.xx.2023cü il tarixində idxal olunan xörək duzunda yodun miqdarı 27 mkq/q olmuşdur, özü də duz təhlükəli olmuşdur. xx.xx.2001-ci il tarixli “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılıması haqqında” Azərbaycan Respublikası Qanunu”nun 7.4-cü maddəsinin tələbinə görə, “Yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Onların halında isə, sözügedən Qanunun 7.4-cü maddəsinin tələbinə görə, “Yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunduğu halda, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi səlahiyyətlərindən sui-istifadə edərək, sözügedən duz partiyasından orta nümunənin götürülməsi də qanunun tələbinə müvafiq olmamaqla yanaşı, həm də tərkibində yodun miqdarı 27 mkq/q olan yodlaşdırılmış xörək duzunu təhlükəli hesab etmiş, tərkibində yodun miqdarı 27 mkq/q olan yodlaşdırılmış xörək duzunun məhvinə qərar vermişdir. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunun 7.4-cü maddəsinin tələbinə görə, yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin tələbinə görə, təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, emalı və dövriyyəsi qadağandır. Yəni bu qanunların tələbindən də görünür ki, yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duz təhlükəli deyil, əks halda, “Qida təhlükəsizliyi haqqında” Qanunun 10.1-ci maddəsinin tələbinə görə duzun da ilkin istehsalı, emalı və dövriyyəsi qadağan edilərdi. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinin tələbinə görə, yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzdan istifadə olunur, təkrar emal olunur, yenidən yodlaşdırılır. Yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 060 nömrəli Qərarının qəbul edilməsi üçün hüquqi əsas kimi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 31.9-cu maddəsi göstərilmişdir. Sözügedən Qanunun 31.9-cu, 31.10-cu, 31.11-ci maddələrində isə qida və yem məhsullarından bəhs edildiyindən, duz qida məhsulu deyil, qida əlavəsi olduğundan, məhz yodlaşdırılmış duzla bağlı Azərbaycan Respublikasının Qanunu mövcud olduğundan, idxal etdikləri yodlaşdırılmış xörək duzunun təhlükəli hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Buna görə də hesab edirlər ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə, nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi olmadığına görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Məhsul nümunələrinin götürülməsi” haqqında xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli aktından görünür ki, Agentliyin inspektoru X6 tərəfindən Şəxs MMC-nin nümayəndəsi X9 iştirakı ilə ünvan 1 ünvanda yerləşən saxlanc yerindən 25 kq. (1 kisə) yodlaşdırılmış xörək duzu nümunəsi götürülmüşdür. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan 02.2023-cü il istehsal, 02.2025-ci il son istifadə tarixli, ümumi çəkisi 25000 kq olan xörək duzu məhsulu partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməsi və ya utilizasiya edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 23 may 2023-cü il tarixli, 3-44-1/2-1-5140/23 nömrəli məktubdan görünür ki, 02.2023-cü il istehsal tarixli, 02.2025-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina olunmuş və xörək duzu məhsulu barədə qəbul edilmiş “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərar icra olunması üçün göndərilmişdir. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 14 iyun 2023-cü il tarixli, 3-44-1/2-1-5928/23 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə bildirişindən görünür ki, Şəxs MMC tərəfindən “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərarın icrası ilə bağlı məlumat Agentliyin Bakı regional bölməsinə daxil olmadığından, inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün İXM-nin 100.1 və 100.2-ci maddələrinin tələbləri nəzərə alınaraq 22 iyun 2023-cü il tarixdə saat 11:40-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə gəlməyi barədə məlumatlandırılmışdır. - Şəxs MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə ünvanladığı 31 may 2023-cü il tarixli, 9 saylı pretenziya məktubundan görünür ki, sınaq üçün nümunənin yenidən, tədqiq olunması nəzərdə tutulan partiyadan götürülməsi, həmçinin qanunsuz hərəkətləri nəticəsində cəmiyyətə vurduqları ziyanı: 7799 manat pulu, anbarın icarə haqqı olan 200 manat pulu, əldən çıxmış fayda olan 1200 manat pulu, "xxxx" ASC-yə ödənilmiş 113,33 manat pulu Şəxs MMC-yə ödənilməsi xahiş və tələb olunmuşdur. Həmin pretenziya məktubu sürətli poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə alıcıya çatdırılmışdır. - Şəxs MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə ünvanladığı 13 iyun 2023-cü il tarixli, 10 saylı məktubdan görünür ki, duz partiyasından yenidən nümunə götürülüb tədqiq edilməsi xahiş olunmuş, əks halda duz partiyasının təyinatı üzrə satışa buraxılacağı bildirilmişdir. - Bakı İnzibati Məhkəməsinə verilmiş 21 iyun 2023-cü il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı Şəxs MMC cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətləri”nin, həmçinin “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunması”na dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsinə dair, eləcə də, “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsinə dair, bu vaxta qədər, cavabdehin hərəkətləri və qərarı əsasında iddiaçı Şəxsnə vurulmuş, o cümlədən, 7799,00 manat pulun, eləcə də anbarın icarə haqqı olan 200 manat pulun, həmçinin, əldən çıxmış fayda olan 1200 manat pulun, bunlarla yanaşı götürülmüş kreditlə bağlı "xxxx" ASC-yə 1 ay ərzində ödənilmiş 113.33 manat pulun, gələcəkdə də, yekun məhkəmə qərarının çıxarılacağı günə qədər, bu xərclərin çoxalması ilə bağlı müəyyən ediləcək məbləğin cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən Şəxs Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. - Bakı İnzibati Məhkəməsi iddiaçı Şəxs MMC-nin cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı öhdəliyin icrası tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli, 2-1(112)-11438/2023 saylı sərəncam qəbul etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərar qəbul edilmiş və həmin qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 30 gün müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Şəxs MMC barəsində qəbul edilmiş qərarla razılaşmayaraq 31 may 2023-cü il və 13 iyun 2023cü il tarixlərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə müraciət edərək nümunənin tədqiq olunması nəzərdə tutulan xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuş yodlaşdırılmış xörək duzundan götürülməklə tədqiqatın yenidən aparılmasını xahiş etmişdir. Bundan əlavə Şəxs MMC barəsində qəbul edilmiş “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş 30 gün ərzində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verərək qərarın əsasız və qanunsuz hesab edilərək ləğv edilməsini və s. xahiş etmişdir. Göründüyü kimi “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 060 nömrəli qərar Şəxs MMC tərəfindən mübahisələndirildiyi üçün icra olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3481/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3481/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver