Məhkəmə qərarları › İş №3(007)-3483/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3483/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3483/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 189 olan Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X7, X15 və X13 10 may 2024-cü il tarixdən halhazıradək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, Şəxs MMC artıq uzun müddətdir ki, tikinti fəaliyyəti ilə məşğuldur. Həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə bir çox dövlət və xüsusi layihələrin icrasını bütün standartlara uyğun və keyfiyyətlə yerinə yetirməkdə davam edir. Xüsusən də, ölkə rəhbərliyinin nəzarətində olan, dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olaraq, işğaldan azad edilmiş ərazilərdə nöqsansız tikinti işləri görülür. Bu müddət ərzində bütün işçilər ilə rəsmi əmək müqavilələri, subpodratçılarla isə xidməti müqavilələr bağlanılır. X3 daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-5/2-43478/2024 məktubla göndərilmiş inzibati xəta haqqında, 04 iyul 2024-cü il tarixli ******* nömrəli protokolun həm prosessual, həm də maddi baxımdan əsassız və qeyri-qanuni olduğunu bildirirlər. İlkin olaraq qeyd etmək istəyirlər ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməli olan təqdirdə, X14 Xidmətinin əmək müfəttişi X16 tərəfindən tərtib olunan “inzibati xəta haqqında” protokollarda Şəxs MMC-nin icraatda iştirak etmədiyi qeyd edilmişdir. Halbuki, X5 xx.xx.2024-cü il tarixli 3-17-5/2-37169/2024 nömrəli məktubu yalnız xx.xx.2024-cü il tarixində Şəxs MMC-yə daxil olmuş və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixinə saat 14:30-a təyin edilən iclasda iştirak edilməmişdir. Buna baxmayaraq, məktub daxil olan günü həm “qaynar xətt” vasitəsilə, həm də cavab məktubu ilə iclasda iştirak edilməmənin səbəbi qeyd olunmuş, əmək müqaviləsi bildirişi sistemə daxil edilməmiş şəxslər haqqında məlumat verilməsi xahiş olunmuşdur. Bundan sonra “əmək və məşğulluq altsistemi” vasitəsilə xx.xx.2024-cü il tarixində daxil olan yeni məktubda inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixinə saat 12:00-a təyin edilən iclasda iştirak edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətindən Şəxs MMC-yə daxil olmuş məktuba əsasən şirkətin etibarnamə üzrə nümayəndəsi olan X17 xx.xx.2024-cü il tarixində X14 Xidmətinin dəvəti əsasında saat 12:00-da Xidmətdə olmuşdur. Əməkdaş Xidmətdə olarkən Əvəz Səfərov tərəfindən qəbul edilərkən, Ə.Səfərova etibarnamə və işlə bağlı olan digər sənədlər təqdim edilmişdir. Bundan başqa əməkdaş məsələnin tərəflərindən ətraflı araşdırılması məqsədilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə Şəxs MMC tərəfindən icazə alındığı iddia edilən şəxslərin adlı siyahısının verilməsi istənilsə də, Ə.Səfərov həmin adların onda olmadığını və dəqiq məlumata sahib olmadığını vurğulamışdır (halbuki Ə.Səfərov tərəfindən tərtib olunan inzibati xəta haqqında protokollarda üç şəxs barədə ətraflı məlumat verilmişdir). Xüsusilə vurğulamaq istəyir ki, həm yazılı, həm də şifahi formada X3 əmək müqaviləsi bildirişi sistemə daxil edilməmiş şəxslər haqqında məlumat verilməsi xahiş olunsa da, bu günədək bu barədə Şəxs MMC-yə hər hansı rəsmi məlumat verilməmişdir. Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 127-4 maddəsinə əsasən bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur. Fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (durumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir ("Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər, işsizlikdən və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokof’un forması təsdiq edilmişdir (2-1 nömrəli əlavə). Qanunun bu tələbinə baxmayaraq inzibati xəta “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunsa da, inzibati xəta haqqında protokol elektron qaydada hazırlanmamışdır. Üstəlik inzibati xəta haqqında protokol tərtib edilərkən, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinin tələblərinə riayət edilməyərək (inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərkən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir), Şəxs MMC-nin əməkdaşı Müfəttişlikdə olduğu təqdirdə protokol onun iştirakı olmadan və hər hansı izahatı alınmadan tərtib edilmişdir. Bundan başqa həmin Məcəllənin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunmalı olduğu təqdirdə 2024-cü ilin may ayında aparılan monitorinqlər nəticəsində əldə olunan məlumata istinadən yalnız xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il 795 №-li Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilətəsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1.10-cu bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, onların müavinləri, şöbə müdirləri (müdir müavinləri), sektor müdirləri, həmin dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri, onların müavinləri həmin dövlət orqanları adından inzibati xəta haqqında işlərə baxır. Buna baxmayaraq, qanunun tələblərinə riayət olunmadan Şəxs MMC və Cəmiyyətin direktoru X18 barəsində inzibati xəta haqqında protokolu X14 Xidmətinin əmək müfəttişi X16 hazırlamışdır. Əlavə olaraq nəzərə çatdırır ki, X14 Xidməti tərəfindən Şəxs MMC-yə daxil olan bütün məktublarda işğaldan azad edilmiş ərazilərə “iş icazəsi” alındığı qeyd edilir, halbuki adından da göründüyü kimi (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi) bu sistemdə hər hansı “iş icazəsindən” söhbət belə getmir. Məlumat üçün bildirir ki, X9 göndərilmiş cavab məktublarında dəfələrlə vurğulanmışdır ki, Şəxs MMC öz işçilərinin hamısı ilə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlayır və onları müvafiq qaydada qeydiyyatdan keçirir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə müraciət üçün daxili qaydalara əsasən, həmin sistemə giriş hüququ yalnız iqtisadi rayonda müvafiq tikinti və digər işlər üzrə sifarişçi olan dövlət qurumlarına aiddir. Sifarişçi olan dövlət qurumlarına isə yalnız həmin dövlət qurumları ilə müqaviləsi olan baş podratçı şirkətlər öz adından müraciət edə bilər. Belə olan halda subpodratçı şirkətlərin əməkdaşlarının da əraziyə giriş üçün müraciətləri, baş podratçı tərəfindən həyata keçirilir. Bu həmin işçilərin Şəxs MMC-nin işçilərinin olması anlamına gəlmir. Üstəlik Şəxs MMC ilə bütün subpodratçılar arasında bağlanan müqavilələrdə mütləq şəkildə vurğulanır ki, “işlərin görülməsi üçün cəlb etdiyi bütün işçilərlə əmək müqaviləsinin bağlanmasına zəmanət vermək, təmin etmək. Hər bir halda işçilərlə əmək müqaviləsinin bağlanmamasına görə tam maddi məsuliyyət daşımaq birbaşa podratçının öhdəliyindədir”. Buna baxmayaraq, Ə.Səfərov tərəfindən tərtib olunan yalnış “inzibati xəta haqqında” protokollarda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə istinad olunmuşdur (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə). Bu maddəyə istinad edilməsi təkrarən sübut edir ki, Şəxs MMC tərəfindən X9 göndərilmiş məktublara səthi yanaşılır, protokolda göstərilən şəxslər şirkətin əməkdaşı olmadığı təqdirdə, həmin şəxslər şirkət tərəfindən hər hansı işə cəlb olunmadığı təqdirdə Şəxs MMC-yə qeyd edilən şəxslərə münasibətdə “işəgötürən” deyilir və buna istinadən qanunsuz olaraq 192.1-ci maddəyə əsasən protokol tərtib olunur. İnzibati xəta haqqında protokollarda adları göstərilmiş X7, X15 və X4 Şəxs MMC-yə hər hansı aidiyyəti yoxdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, onların Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış daşıma müqaviləsi əsasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə əlavə edilməsi üçün "xxxx" MMC tərəfindən müraciət olunmuşdur. Bir daha bildirir ki, şirkəti ilə digər şirkətlər arasında olan müqavilələrdə “işlərin görülməsi üçün cəlb etdiyi bütün işçilərlə əmək müqaviləsinin bağlanmasına zəmanət vermək, təmin etmək; hər bir halda işçilərlə əmək müqaviləsinin bağlanmamasına görə tam maddi məsuliyyət daşımaq” birbaşa podratçının öhdəliyi olduğundan bu şəxslərin adları sistemə əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən 04 iyul 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından inzibati xəta haqqında protokolun vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X10 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X17 yazılı etirazın dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, eyni əmələ görə Şəxs MMC-nin direktoru X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh olunmasına dair X14 Xidmətinin 19 iyul 2024-cü il tarixli qərarından şikayət vermişlər, Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı ilə həmin qərar ləğv olunaraq iş yenidən araşdırılması üçün X14 Xidmətinə qaytarılmışdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə Qarabağa daş aparıb boşaldaraq gəlmişdir, amma həmin ərazilərdə qalıb işləməmiş, onunla bu məqsədlə müqavilə bağlanmamışdır. Şəxs adlı MMC-ni tanımır, həmin şirkət tərəfindən işə cəlb edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında protokola dair material üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından, onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 25 iyun 2024-cü il tarixli 3-17-5/2-40356/2024 nömrəli məktubundan görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə Şəxs MMC tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Xidmət tərəfindən 20 may 2024-cü il tarixli 3-17-5/2-30665/2024 nömrəli məktub göndərilsə də, iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılmaması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin olunmamışdır; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan görünür ki, Şəxs MMC tərəfindən X2, X12 və X8 10 may 2024-cü il tarixdən 09 iyul 2024cü il tarixədək işğaldan azad edilmiş ərazilərə getmək üçün icazə alınmışdır; - 15 fevral 2021-ci il tarixdə bağlanmış 007/RT nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (Daşıyıcı) ilə Şəxs MMC (Sifarişçi) arasında yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır; -"xxxx" MMC-nin Şəxs MMC-yə ünvanlanmış 07 may 2024-cü il tarixli məktubunun surətindən görünür ki, MMC-lər arasında bağlanmış yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilənin icrası ilə bağlı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə X7, X15 və X4 adlarının əlavə olunması xahiş edilmişdir; -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 3(005)- 2429/2024 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin direktoru X11 şikayəti qismən təmin edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün X14 Xidmətinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə toplanaraq tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, işğaldan azad edilmiş ərazilərə giriş üçün həmin MMC tərəfindən adlarına icazə alınmış X7, X15 və X4 adlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, təqdim edilmiş sübut isə yalnız Şəxs MMC tərəfindən müvafiq şəxslərin adına 10 may 2024-cü il tarixdə işğaldan azad edilmiş ərazilərə giriş üçün icazənin alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan ibarətdir. Hansı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsindən ibarət araşdırma, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respubikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etməsi barədə qənaətə gəlinməsi üçün yetərli və əsaslı sayıla bilməz. İnzibati araşdırma orqanı adlarına icazə alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedibgetməmələrini, oraya getdikləri halda isə Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməmələrini, bu işlərin həcmini, növünü, işlərin davam etmə müddətini, onlara bu işlərin görülməsi haqqının ödənilib-ödənilməməsini və s. bu kimi xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Məhkəmə bu qənaətə gəlməsini həm qanunvericiliyin tələbləri, həm də təqdim edilmiş sübutların məcmusu baxımından əsaslandırmaqla belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, hüquqi şəxs tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC (Daşıyıcı) ilə Şəxs MMC (Sifarişçi) arasında yük daşıma xidmətlərinin göstərilməsinə dair 15 fevral 2021-ci il tarixli 007/RT nömrəli müqavilə mövcuddur və daşıyıcı şirkət sifarişçi şirkətə ünvanladığı 07 may 2024-cü il tarixli məktubunda, MMC-lər arasında bağlanmış yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilənin icrası ilə bağlı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə X7, X15 və X4 adlarının əlavə olunmasını xahiş etmişdir. Bunun özü də onu göstərir ki, adları qeyd olunan şəxslər üçün Şəxs MMC tərəfindən iş icazəsi alınmamış, həmin şəxsləri Şəxs MMC işlərin görülməsinə cəlb etməmişdir. Eyni zamanda, eyni inzibati xətaya görə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş Şəxs MMC-nin direktoru X11 şikayətinə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi özünün 15 avqust 2024-cü il tarixli 3(005)-2429/2024 nömrəli qərarı ilə həmin vəzifəli şəxsin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək işi yenidən baxılması üçün X14 Xidmətinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Bununla da, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib olunanadək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması, nəticə etibarı ilə protokolun düzgün tərtib olunmaması, təqdim edilmiş materialların natamam olması, sübutların kifayət etməməsi ilə bağlı qənaətə gəlməyə kifayət qədər əsas verir. Hansı ki, bu kimi pozuntuların məhkəmədə araşdırılaraq aradan qaldırılması mümkünsüzdür, məhkəmənin işə baxarkən aşkar etdiyi pozuntular, tədqiq olunmalı olan sübutlar məhz inzibati araşdırma orqanı tərəfindən yoxlanılmalı, yalnız bundan sonra İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və s. bu kimi hallar müəyyən edilməli, daha sonra isə bu qeyd edilənlərin məcmusu baxımından inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsasların olub-olmaması məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 118.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; ərizənin, vəsatətin məzmunu; ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar; ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin qərardadın mahiyyətini əks etdirən ümumi normaları ilə yanaşı, konkret hallarda qərardadın qəbul olunması qaydaları həmin Məcəllənin ayrı-ayrı xüsusi normalarında nəzərdə tutulmuşdur. Məsələn, inzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda, vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə; özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə; icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (İnzibati Xətalar Məcəlləsinin 50.2, 52, 74.3, 82.1, 83.3 və 87.3-cü maddələri). Yuxarıda qeyd edilən normalarda müəyyən olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunan nöqsanların bir daha araşdırılaraq aradan qaldırılması, sübutların əldə edilməsi imkanı itirilməmişdir, ona görə mövcud vəziyyətdə işin icraatına xitam verilməsi üçün hüquqi əsaslar yoxdur, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş 04 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar