Məhkəmə qərarları › İş №3(007)-3488/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3488/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3488/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi “De Fendo” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 14 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, vətəndaş X3 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış Şəxs QSC-yə 3-17-5/2- 54020/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək müraciətə dair məlumatların 7 iş günü ərzində DƏMX-ə verilməsi tələb edilmiş, poçtun izlənməsinə baxış zamanı məktubun çatdığı müəyyən edilmiş, lakin məlumat təqdim edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, vətəndaş Prezident Administrasiyasına müraciət etmişdir ki, onun əmək hüquqları pozulmuşdur və işə bərpa olunmağını xahiş etmişdir. Müraciət aidiyyəti üzrə əmək müfəttişliyinə göndərilmişdir. Həmin müraciət əsasında müracət başlanılmışdır və QSCdən xitam verilməsi ilə bağlı müvafiq sənədlərin surəti istənilmişdir. Bununla bağlı Şəxs QSC-yə məktub ünvanlanmışdır. Həmin məktub iyun ayının 20-i rəsmi qaydada çatdırılmışdır. Lakin protokol tərtib edilənədək sənədlər təqdim edilməmişdir. Buna görə də müəssisə barəsində İXM-nin 539.3-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. Əgər müraciətə dair məlumatlar 7 iş günü ərzində təqdim edilmirsə bu məsuliyyətə səbəb olur. Qeyd edilənlərə əsasən, Şəxs QSC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolla razı deyillər xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Həmin tarixdən hesablandıqda 7 iş günü təxmini 1 iyul tarixinə təsadüf edir. Lakin həmin müddət bitməmiş, 30 iyun tarixində DƏMX-ə müvafiq məlumatları gödərmişlər. Bununla bağlı qəbz də mövcuddur. Bundan sonra xx.xx.2025-ci il tarixdə məktub daxil olduqda məlum oldmuşdur ki 1-ci məktubları DƏMX-ə çatmamışdır. Bunun araşdırılması məqsədilə kuryer şirkətinə məktubun çatdırılıb-çatdırılmaması ilə bağlı məlumat verilməsi üçün müraciət etmişlər. 1 gün sonra həmin kuryer şirkəti tərəfindən müvafiq cavab olaraq bildirilmişdir ki, sənəd dövriyyəsi prosesində sənədlərin düzgün təsdiq edilməməsi və nəzarətin yetərsizliyi nəticəsində sənədin itirilməsi halı müəyyən edilmişdir, bu da göndərişin icrasına mane olmuşdur. Halbuki onlar tərəfindən məlumatlar 7 iş günü başa çatmamış göndərilmişdir. Qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs QSC-yə ünvanlanmış 13 iyun 2025-ci il tarixli, 3-17-5/2-54020/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X3 əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanladığı müraciətə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin (əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə müvafiq sənədlərin surəti) 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Azərpoçt”a aid poçt göndərişinin izlənmə məlumatından görünür ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs QSC-yə ünvanlanmış 13 iyun 2025-ci il tarixli, 3-17-5/2-54020/2025 nömrəli məktubu 20 iyun 2025-ci il tarixdə, saat 14:49-da ünvan sahibinə çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla QSC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs QSC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar