Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3492/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Əfəndiyev Azər İlham oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən 25 iyul 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və Nizami rayon prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə qərarı və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu Məcəllənin 398, 401.1, 401.2, 402, 406-409, 411-413, 415 ,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın zəruri tərkib əlaməti kimi qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ziyanın vurulması və ya gəlirin əldə edilməsi nəzərdə tutulmuşdur. Bu zaman vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı əməlin inzibati və ya cinayət məsuliyyətinə səbəb olmasının müəyyən edilməsi üçün zəruri şərtdir. Digər tərəfdən maddənin sanksiyasında tətbiq ediləcək cərimə də vurulmuş ziyanın (əldə edilmiş gəlirin) misli ilə müəyyən edilmişdir. Belə olan halda vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Hazırkı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və ona əlavə edilmiş sənədlərdə barəsində icraat aparılan şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, bu fəaliyyət nəticəsində gəlir əldə edib-etməməsi, həmin gəlirin miqdarı müəyyən edilməmiş, bununla bağlı ekspertiza keçirilməmiş, qanunsuz sahibkarlıq fəaliyyətinin hansı dövrü əhatə etməsi kimi iş üçün zəruri olan məlumatlar öz əksini tapmamışdır. Göstərilən natamamlıqların aradan qaldırılması üçün məhkəmə iclası təyin edilib tərəflər dəvət olunsa da, inzibati xəta haqqında iş üzrə icraatı başlayan orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, natamamlığın aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar Nizami rayon prokurorluğuna geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında 25 iyul 2025-ci il tarixli qərar və əlavə olunmuş inzibati material Nizami rayon prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3492/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3492/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver