Məhkəmə qərarları › İş №3(007)-35/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-35/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-35/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin inspektoru, polis baş serjantı B.T.Eyvazov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin inspektoru, polis baş serjantı B.T.Eyvazov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərara xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi **-GY-*** qeydiyyat nişanlı, “KİA Sorento” minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 11:25-də Bakı şəhəri, Qara Qarayev prospekti 27a istiqamətində hərəkət edən zaman Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 ona “saxla” əmri vermişdir. O, qanuna əsasən polisin “saxla” əmrinə tabe olmuş, inspektor ona bildirmişdir ki, guya o, Qara Qarayev prospekti ilə hərəkət edən zaman işıqforun qadağanedici siqnalında keçmişdir. O, qadağanedici siqnalda işıqforu keçmədiyini bildirsə də, inspektor cərimə yazacağını bildirmiş və ondan heç bir sənəd istəməmiş, öz bort kompüterində protokol tərtib edərək TP ******* saylı, 2023-cü il 24 oktyabr tarixli inzibati qərar tərtib edərək surətini ona vermiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 (səksən) manat məbləğində cərimə tətbiq etmişdir. Daha sonra qərarla tanış olarkən cərimənin işlə aidiyyəti olmayan tanımadığı bir şəxsin adına yazıldığını aşkar etmiş və DİNin bazasında elektron kabinetə daxil olduqda cərimənin onun adına olmadığını, lakin nəqliyyat vasitəsinin nömrəsini yoxlayarkən cərimənin göründüyünü görmüşdür. Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinə rəsmi müraciət edərək qanunsuz şəkildə tərtib olunmuş protokolun ləğv edilməsini bildirmişdir. Bunun nəticəsi olaraq, qərar ləğv edilmək əvəzinə heç bir bildiriş göndərilmədən, ona məlumat verilmədən və iştirakı təmin olunmadan həmin cərimə təxminən 10 gün sonra onun adına keçirilmişdir. Daha sonra yenidən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə rəsmi müraciət edərək, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilmək üçün tərtib olunmuş qərarın surətinin ona göndərilməsini xahiş etmişdir. Lakin “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş, 102 xidmətinə dəfələrlə zəng etsə də müraciətinə cavab verilməmişdir və qərarın surəti rəsmi qaydada ona göndərilməmişdir. Bundan sonra özü məcbur xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə yaxınlaşıb qərarın surətini əldə etmişdir. Qərarla tanış olarkən qərarda köhnədən ona verilmiş qərardakı eyni nömrə və tarix olduğunu görmüş və qərarda tək edilmiş dəyişiklik barəsində protokol tərtib edilmiş adamın adının çıxarılaraq onun adının yazılması olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, internet informasiya resursunda yaradılmış elektron kabinetə xx.xx.2023-cü il tarixində tərtib olunmuş cərimə dərhal deyil, onun xx.xx.2023-cıi il tarixində Baş Dövlət Yol Polis idarəsinə yazdığı rəsmi müraciətdən təxminən 10 gün sonra yerləşdirilmişdir. Cərimə olduqda yol polisləri tərəfindən nəqliyyat vasitəsinin davamlı olaraq saxlanıldığı üçün məcbur ödəməli olmuşdur. Qeyd olunanları nəzərə alıb barəsində əsassız və qanunsuz tərtib edilmiş TP seriyalı ******* nömrəli 24 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara xitam verilməsi, həmçinin onun tərəfindən ödənilmiş 80 (səksən) manat cərimənin kompensasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat vermiş və Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, 24 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini, həmçinin onun tərəfindən ödənilmiş 80 (səksən) manat cərimənin kompensasiya edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 24 oktyabr 2023-cü il tarixində saat 11:25 radələrində idarə etdiyi “KİA Sorento” minik markalı, 99-GY- 466 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bu zaman ərazidə xidmət aparan Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX inspektoru polis baş serjantı X4 tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək xətanın mövcudluğunu qəbul etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, X2 törətdiyi inzibati xəta bilavasitə YPX inspektoru tərəfindən vizual olaraq bilavasitə aşkar edilmiş, həmçinin patrul avtomobilində quraşdırılmış kamera ilə qeydə alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İ-ci hissəsinin 5-ci bəndinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi bu siqnal hərəkəti qadağan edir. Göründüyü kimi svetoforun qırmızı rəngli işığının yanmasına baxmayaraq X3 hərəkətini davam etdirərək yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikaı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə də, X2 şikayətində göstərdikləri işin faktiki halları ilə uyğun gəlmir və onun tərəfindən yol hərəkəti qaydasını pozmasını təkzib edən hallar mövcud olmadığından şikayəti tam əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin inspektoru, polis baş serjantı B.T.Eyvazov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 11:25-ə Bakı şəhəri, Qara Qarayev prospektində “KİA Sorento” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin inspektoru, polis baş serjantı B.T.Eyvazov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin inspektoru, polis baş serjantı B.T.Eyvazov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar