Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-350/2021 12.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsindən məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Təqdim edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti aşağıdakı qaydada göstərilmişdir: “Binəqədi rayon məhkəməsinin 2(001)-2790, 10.09.20ci il icra sənədinə əsasən Şəxs mülkiyyətində olan “Mitsubishi Pajero io” markalı, AZ ** BD *** qeydiyyat nişanlı avtomobil hərracda satılaraq tərəflər arasında ½ hissədə bölünsün”. Hansı ki, İXM-nin 528.1-ci maddəsinin tövsifedici əlaməti məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsidir. Lakin göründüyü kimi, inzibati xəta haqqında protokolda borclu Şəxs həmin əlamətlər üzrə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məhz hansı inzibati xətanı törətməsi göstərilməmişdir, bu, protokoldan müəyyən deyildir. Bundan başqa, icra sənədi xx xxxxxx 2020-ci il tarixdə verilmiş, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmurunun icraatına qəbul edilmişdir. Lakin icra sənədinin Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə hansı əsasla göndərilməsi və həmin şöbənin icra məmurunun icraatına qəbul edilməsi barədə qərar materiala əlavə edilməmişdir. O cümlədən icra sənədi icra məmurunun icraatına qəbul edildikdən sonra görülmüş müvafiq icra tədbirləri, icra sənədinin icrasının mümkünsüzlüyü və bu mümkünsüzlüyün məhz borclunun təqsiri üzündən baş verdiyini özündə əks etdirən, Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsində göstərilən qaydada sübutlar da materiala əlavə edilməmişdir. Borclu Şəxs işdə olan xx xxxxxx 2021-ci il tarixli izahatından görünür ki, o, icra sənədini icra etməməsinin səbəbini avtomobilin tapılmaması, onda olmaması ilə izah etmişdir. Lakin izahat genişləndirilərək avtomobilin tapılmaması dedikdə, nəyin nəzərdə tutulduğu, yəni bunun avtomobilin oğurlandığı, talandığı demək olub-olmadığı və ya sair hallar araşdırılmamışdır. Avtomobilin yerinin müəyyən edilməsi üçün isə aidiyyəti üzrə Baş Dövlət X1 sorğu verilə, barəsində axtarış elan olunması barədə qərar qəbul edilə və ya üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimat verilə bilərdi. Digər yandan nəzərə alınmalıdır ki, icra sənədinə əsasən icrası həyata keçirilməli olan hərəkət tələbkarla borclunun birgə nikah dövründə əldə edilmiş əmlakın hərrac vasitəsi ilə satılaraq satışdan əldə pul məbləğinin onlar arasında bölünməsidir, buradan da o məlum olur ki, həmin hərəkətlərin icrası məhz icra məmurunun səlahiyyətinə aiddir, hərracın keçirilməsi üçün onun tərəfindən müvafiq hərrac təşkilatına sifariş verilməlidir. Qaldı ki, bu, yalnız əmlakın naturada müəyyən edilməsindən sonra həyata keçirilə bilər, o zaman yuxarıda qeyd edildiyi kimi, sözügedən əmlak daşınar əşya olan nəqliyyat vasitəsidir, rəsmi reyestrdə qeydə alınan əmlakdır, onun yerinin müəyyən edilərək gətirilməsi, üzərinə həbs, məhdudiyyət qoyulması və s. hərəkətlərin həyata keçirilməsi də icra məmuru tərəfindən qanunla müəyyən edilmiş müvafiq üsullarla təmin edilə bilər. Təqdim edilmiş materiallarla bu qeyd edilənlərin heç birinin müəyyən edilməsi mümkün deyildir, istinad olunan faktiki hallarla hesab etmək olar ki, onlar həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” x xxx 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-350/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-350/2021
12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver