Məhkəmə qərarları › İş №3(007)-3508/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3508/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3508/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı ilə, xx.xx.1988-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN 28YNFM5) X3 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 106 ünvanında yerləşən “Sevil Dekorasyon” adlı obyektin üzərində xx.xx.2023-cü il tarixdə, saat 14:50-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi A.F.Dadaşov tərəfindən xx.xx.2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş protokol tam olaraq əsassızdır. Belə ki, o, 01 fevral 2019-cu il tarixli icarə müqaviləsi əsasında 100 kv.m. olan ticarət sahəsini icarəyə götürmüş və bir müddət orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə həmin ticarət obyektini təhvil vermiş və icarə müqaviləsinə xitam verilmişdir. Obyektin ləğvi və fiziki şəxs kimi fəaliyyətinin dayandırılması Vergi orqanında qeydiyyata alınmışdır. Agentliyin pozuntu aşkar etdiyi vaxtda, yəni xx.xx.2023-cü il tarixdə həmin obyektin kimin icarəsində olması ilə bağlı məlumatı olmamışdır. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin müfəttişləri V.H.Kazımov və C.A.Qədimov tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:53-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sevil” adlı obyektin üzərində müvafiq icazə olmadan 4 ədəd 24,19 m2 ölçüdə reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 11-3-1/2-2485/23 nömrəli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstərişdən görünür ki, vəzifəli şəxs X2 göstərişi aldığı vaxtdan 5 gün ərzində xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının aradan qaldırılması tələb olunmuşdur. - X4 ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X4 ona məxsus 100 kv.m. olan ticarət sahəsini X5 180 manata icarəyə vermişdir. - müqaviləyə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X4 ilə X7 arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 106 ünvanında yerləşən “Sevil Dekorasyon” adlı obyekti 01 fevral 2019-cu il tarixli icarə müqaviləsi əsasında icarəyə götürmüş, lakin 01 sentyabr 2022-ci il tarixdə icarə müqaviləsinə xitam verilmişdir. Agentliyin əməkdaşları 05 iyun 2023-cü il tarixdə qanun pozuntusunu aşkar edən zaman X7 sözü gedən obyektin icarədarı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar