Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3512/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, X1, qərarından şikayət verilmiş orqanın nümayəndəsi - Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin sahə rəisi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 onun barəsində İXM-nin 521-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 4 ildir ki, ünvan 1 ünvanında arvadı və 2 azyaşlı qızı ilə birlikdə yaşayır. Qızlarının birinin 9, digərinin isə 11 yaşı var. Yaşadığı binada qonşusu X6 uşaqlarının səs-küy saldığını bildirərək barəsində sahə müvəkkilinə şikayət etmişdir. Lakin o, bu ittihamları qəbul etmədiyini sahə müvəkkilinə bildirmişdir. Belə ki, həmin mənzilə yeni köçəndə qonşu irad bildirdiyi üçün uşaqlara səs-küy salmağı, oyuncaqları ilə oynamağı, yüksək səslə danışmağı qadağan etmişdir. Buna baxmayaraq X6 onun barəsində dəfələrlə polisə şikayət etmişdir. xx.xx.2023-cü il tarixində Nizami Rayon İcra Şöbəsindən bildiriş gəldikdə, İXM-nin 521-ci maddəsi ilə 50 manat cərimə olunduğu ona məlum olmuşdur. Barəsində qəbul edilmiş qərar əsassızdır, heç bir sübut olmadan qəbul edilmişdir. Odur ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi - Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin sahə rəisi X8 bildirdi ki, qonşular arasında əvvəllər də mübahisələr olmuşdur. Sonuncu dəfə saat 00:00-dan sonra evdən səs-küy gəldiyini bildirərək X6 şəxs barəsində şikayət etmiş, onları barışdırmaq istəsələr də, bu mümkün olmamış, nəticədə X7 barəsində protokol tərtib olunmuşdur. Sonda məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X7 xx.xx.2023-cü il tarixdə qonşusu X2 gecə saatlarında səs-küy salaraq narahat etdiyinə görə İXM-in 521-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şəxs İXM-nin 521-ci maddəsinə əsasən məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması əməlinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri ” normalarında müəyyən edilmişdir ki, yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, qocalar və əlillər üçün internatevlərinə, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər üzrə səs-küy səviyyəsi normaları gündüz 70 dBA, gecə 60 dBA kimi müəyyən edilmişdir. Həmin Normaların 1.3-cü bəndinə əsasən həmin normalar mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. Lakin şəxs barəsində tərtib edilmiş protokol və qərarda müəyyən edilmiş həmin normalardan nə qədər artıq səs-küy normalarını pozduğu aydınlaşdırılmamış, ölçü aparılmamışdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 onun barəsində İXM-nin 521-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3512/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3512/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver