Məhkəmə qərarları › İş №3(007)-3514/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3514/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3514/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Mehdiyeva Günel Tariyel qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, fərdi yaşayış evində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində YPX əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, “Romance Palace” şadlıq sarayının qarşısında işıqforda yaşıl işıq yanan zaman düzünə doğru hərəkətini davam etdirmişdir. Bu zaman öz avtomobilinin qarşısında dayanmış YPX əməkdaşı avtomobilin sərnişin oturacağı tərəfinə keçmiş və sonra ona çatanda anidən avtomobilinin qarşısına çıxaraq saxla işarəsi vermişdir. Avtomobildə olan qardaşı əli ilə işarə etmişdir ki, aydındır. “Planet” şadlıq sarayının qarşısında avtomobili saxlamışdır. DYP avtomobili yanlarından sürətlə keçmiş, sonra qarşıdan fırlanıb qayıtmışdır. DYP avtomobili yaxınlaşmış və polis əməkdaşı səsucaldıcı ilə “ayə hara gedirsən” deyə kobud formada onlara səslənmişdir. Polis əməkdaşı avtomobildən düşmüş, səs-küy salaraq, kobudluq etmiş, əl-qol atmışdır. Polis əməkdaşı ona sənədlərini təqdim etməyini bildirmiş, o da polis əməkdaşına əvvəlcə özünü təqdim etməli olmasını bildirmişdir. O, 5.8.1 yol nişanının tələbini pozmamışdır. O, hadisə barədə 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 bildirmişdir ki, xidmətdə olarkən 50DD109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nizami rayonu, T.Abbasov küçəsində 5.8.1 yol nişanının tələbini pozduğuna görə ona saxla işarəsi vermişdir. Sürücü avtomobili saxlamayaraq sürətini artırıb uzaqlaşmış və sonra avtomobili “Planet” şadlıq sarayının yaxınlığında saxlamışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və sürücünün ad, soyadını soruşmuşdur. Sürücü özünü təqdim etməkdən imtina etmiş, səs-küy salaraq kobudluq etmiş, ətrafdakı şəxslərin diqqətini özünə cəlb etmişdir. Sistemdə baxdıqda sürücünün avtomobili etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuşdur. Sürücü onun qanuni tələblərinə tabe olmamış və kobudluq etməyə davam etmişdir. Bundan sonra efir vasitəsilə müraciət etmiş və PPX əməkdaşları yaxınlaşaraq sürücünü PŞ-nə aparmışlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikasının İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar