Məhkəmə qərarları › İş №3(007)-3514/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3514/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3514/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X1, tərcüməçi X8 iştirakları ilə, X5 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 02 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Heydər Əliyev adına X16 direktoru kimi onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra X11 Xidmətinin Bakı şəhər idarəsinin qəbul etdiyi 02 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 900 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, müəssisə tərəfindən təqdim olunan sənədlərdən X3 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixinədək “əmək qabiliyyətinin olmaması” vərəqəsi üzrə müavinətinin ödənilmədiyi müəyyən olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, X12 Xidmətinin Bakı şəhər idarəsinin qəbul etdiyi MN ******* nömrəli, 02 iyul 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmalıdır. Belə ki, əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin olmaması səbəbinə görə işə çıxmamışdır. X4 aid 2024-cü ilin fevral ayı üzrə haqq-hesab vəqərəsindən görünür ki, işçi X4 fevral ayı üzrə 895.86 manat əmək haqqı hesablanmış, cəmi tutulmalar həyata keçirildikdən sonra cəmi 740.79 manat əmək haqqı ödənilmişdir. 2024-cü ilin mart ayı üzrə haqq-hesab vəqərəsindən görünür ki, işçi X4 mart ayında 300 manat bayram münasibətilə mükafat verilmiş, 1362.75 manat əmək haqqı hesablanmış, cəmi tutulmalar həyata keçirildikdən sonra cəmi 811.96 manat əmək haqqı ödənilmişdir. O, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin düzgün hesablanmaması barədə işlədiyi Heydər Əliyev adına X16 rəhbərliyinə heç vaxt rəsmi qaydada (yazılı) müraciət etməmişdir. O, xx.xx.2024-cü il tarixdə ərizə ilə X11 Xidmətinə müraciət edərək əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövrlər üzrə NEZ tərəfindən ona ödənilməli olan müavinətin düzgün hesablanmadığını, xəstəlik vərəqəsi üzrə ödənişlərin vaxtamuzd əmək müqaviləsi ilə işləyən işçilərdə olduğu kimi hesablandığını bildirmişdir. Bildirir ki, X4 2024-cü ilin fevral-mart ayları üzrə ödənişlər onun əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövrlər də nəzərə alınmaqla həyata keçirilmişdir. Bu zaman müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, X7 ilə bağlanmış əmək müqaviləsində əməyin işəmuzd (saatlıq tarif maaşı) ödənilməsi nəzərdə tutulmuş və o, növbəlik əsasında işləyərək ona işlədiyi hər saat hesabına əmək haqqı hesablanaraq ödənilmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 1.1.bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Bəndin birinci abzasına əsasən müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Əsasnamənin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Əsasnamənin 28-ci bəndinin 2-ci abzasına görə müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Əmək Məcəlləsinin 192.4.-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından görünür ki, bu maddədə işçinin əmək və məznuyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi təqdirdə vəzifəli şəxsin məsuliyyəti yaranmış olur. İşçi X4 əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrlər üzrə müavinət qanunvericiliyin tələbinə uyğun olaraq hesablanıb ödənildiyindən X11 Xidmətinin Bakı şəhər idarəsinin qəbul etdiyi MN ******* nömrəli, 02 iyul 2024- cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz hesab edir. X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə X11 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət edərək Heydər Əliyev adına X14 etdiyi şikayət ərizəsini araşdırmadan dayandırılmasını xahiş etməsi də təsdiq edir ki, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrlər üzrə ödənilmiş müavinətin məbləği düzgün hesablandığından işlədiyi müəssisəyə qarşı hər hansı iradı və şikayəti yoxdur. Göründüyü kimi, Heydər Əliyev adına X16 direktorunun əməlində hər hansı hüquqazidd və yaxud təqsirli sayılan hərəkət və yaxud hərəkətsizlik mövcud deyildir. Heydər Əliyev adına X16 direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 900 manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 02 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilsə də, qərardan şikayət vermiş X9 məhkəmə iclaslarında iştirak etməmiş, vəsatətlə müraciət edərək xidməti zərurətlə əlaqədar iştirakı mümkün olmadığından işə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatəti iş materialları ilə birlikdə nəzərdən keçirib, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X2 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X10 daxil olmuş şikayət üzrə araşdırma ilə müəyyən edilmişdir ki, X7 bir həftə xəstəliyə görə işə çıxa bilməmiş, həmin bir həftə ərzində ona pul ödənilməmiş, hüquqları pozulmuşdur. Şikayətin əsassız olduğunu və qərarın qanuni əsaslarla qəbul olunduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, neçə il Heydər Əliyev adına X18 işləmiş, bir problemi olmamışdır. Lakin iki il əvvəl oktyabr ayında xəstəxanada olmuş, ona ödəniş etməmişlər. Eyni zamanda 27 fevral 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək “əmək qabiliyyətinin olmaması” diaqnozu ilə işə çıxa bilməmiş və bu müddət üçün ona əmək haqqı ödənilməmişdir. Onlar 12 saat işləmişlər, amma 8 saatlıq iş saatı hesablanmışdır. Faktiki olaraq isə iş saatından artıq işlədikdə əlavə iş saatına görə onlara ödəniş olunur. Fevral ayı 29 gün olmuş, fevral ayında 100 manat məbləğində pul, mart ayında isə 120 manat məbləğində pul itirmişdir. O, mühasibatlığa yaxınlaşmış, ona 8 saatlıq iş rejimində olduqlarına görə belə olduğu bildilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 04 mart 2024-cü il tarixli, ******* nömrəli əmək qabilliyətinin olmaması vərəqəsinin sürətindən görünür ki, X7 xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “döş fəqərələrinin yayılmış osteoxondrozu” diaqnozlu xəstəliyə görə işdən müvəqqəti azad olunmuşdur; -Haqq-hesab vərəqəsinin sürətindən görünür ki, xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri aralığında Heydər Əliyev adına X19 tərəfindən işçi X4 895.86 manat məbləğində ödəniş olunmuşdur. Cəmi tutmalardan sonra 740.79 manat məbləğində ödəniş qalmışdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X9 oğlu tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Heydər Əliyev adına X16 vəzifəli şəxsi, onun baş direktoru tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən yuxarıda istinad olunan inzibati xəta haqqında protokolun tərtib edilməsinə və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas, sözügedən MMC-nin işçisi olmuş X4 27 fevral 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək əmək qabiliyyəti olmadığı halda həmin dövr üçün müavinətin hesablanıb verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin İ hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinin İ hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinə Əlavələrin 6.3-cü bəndinə əsasən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 direktoru olduğu Heydər Əliyev adına X19 tərəfindən, həmin zavodda anbar işçisi vəzifəsində çalışan X3 xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “döş fəqərələrinin yayılmış osteoxondrozu” diaqnozlu xəstəliyə görə işdən müvəqqəti azad olunmasına baxmayaraq, həmin dövr üçün ona müavinət ödənilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 haqqında 900 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X9 oğlunun Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X9 oğlunun həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 02 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar