Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3515/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, vəsatət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, 00800/01040 (EP 0121542) nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla yanaşı, X1 qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermiş və bildirmişdir ki, barəsində inzibati protokolun tərtib olunmasına və inzibati qaydada tənbeh edilməsinə əsas olmuş 2000 ABŞ dolları pul vəsaitini 08 oktyabr 2023-cü il tarixdə gömrük bəyannaməsi ilə bəyan etməklə müvəkkil banka geri qaytarılmasını təmin etmişdir. Ona görə barəsində qəbul olunan qərar icraya yönəldilməmiş, ondan cərimə tələb edilməmişdir. O da pulu geri mədaxil etdiyinə görə bununla da problemlərin öz həllini tapmasını düşünmüşdür. Lakin bir neçə gün əvvəl ona təqdim olunan 25 iyun 2024-cü il tarixli qərarla müəyyən etmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 22 sentyabr 2023-cü il tarixli EP0121542 saylı qərarı üzrə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, qərarı qəbul etmiş orqanın özü belə, qərarın icra olunmasında maraqlı olmamış, ondan cərimə məbləği tələb olunmamışdır. Qərardan məlumatlı olmadığına, qərar icraya yönəldilmədiyinə görə, ondan şikayət verilməsi üçün əsaslar da yaranmamışdır. Belə əsas hazırda yaranmışdır, ona görə də qərardan şikayət verməli olmuş, şikayətə baxılması üçün isə prosessual müddət bərpa olunmalıdır. Qanuna görə, onun barəsində olan qərarı yuxarı orqanda və məhkəmədə mübahisələndirmək hüququ vardır. Odur ki, qeyd etdiklərinə əsasən, baş verənləri üzrlü səbəb kimi qəbul etməklə, habelə, Dövlətin də sahibkarlara, sahibkarlığa ayırdığı diqqəti, qayğını nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3400 manatın 50 faizi həddində - 1700 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair 22 sentyabr 2023-cü il tarixli EP0121542 saylı qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməsini xahiş etmişdir. Vəsatət vermiş şəxs X3 məhkəmə iclasında çıxış edərək, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair protokolun tərtib olunmasından və həmin maddə ilə cərimə olunmasına dair 22 sentyabr 2023-cü il tarixli qərardan məlumatı olmuş, lakin barəsində inzibati protokolun tərtib olunmasına və inzibati qaydada tənbeh edilməsinə əsas olmuş 2000 ABŞ dolları pul vəsaitini 08 oktyabr 2023-cü il tarixdə gömrük bəyannaməsi ilə bəyan etməklə müvəkkil banka geri qaytardığı üçün məsələnin həll olacağını düşünmüşdür. Bütün bunları nəzərə alaraq vəsatətin təmin olunaraq ötürülmüş prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə vəsatəti və şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməməli və şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılması üçün lazım olan şəxslər çağırılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Vəsatətin müzakirəsi zamanı, eləcə də şikayətdən və ona əlavə edilən sənədlərdən müəyyən olunmuşdur ki, X3 mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərardan şikayəti xx.xx.2024-cü il tarixdə vermişdir. Bu zaman o, vəsatətində, barəsindəki inzibati tənbeh vermə haqqında qərardan məlumatsız olduğunu bildirsə də, məhkəmə iclasında çıxış edərkən barəsində İXM-nin 483-cü maddəsi ilə protokol tərtib olunmasından və cərimə olunmasına dair müvafiq qərardan xəbərinin olduğunu, lakin pul vəsaitini müvəkkil banka geri qaytardığı üçün məsələnin həllinin tapdığını düşündüyünü bildirmişdir. Həmçinin şikayətçi qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən, habelə qərarın rəsmi qaydada verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü səbəbini göstərməklə bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, X2 buraxılmış prosessual müddətin bərpasına əsas kimi irəli sürdüyü dəlillər qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Belə ki, vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, şikayətçi X2 faktiki olaraq mübahisələndirilən qərardan qəbul olunduğu vaxtdan məlumatı olmuş, həmçinin həmin qərardan şikayət vermək üçün kifayət qədər müddəti olmuş, lakin qərar yalnız icraya yönəldildikdən sonra qərardan şikayət və prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 22 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab olunaraq həmin müddətin bərpa edilməli olması barədə qənaətə gəlinməsi üçün qanuni əsaslar yoxdur, X2 bununla bağlı vəsatəti təmin edilməməlidir. Qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar müəyyən edilmədiyi halda isə, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsi həll olunmadığından işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800/01040 (EP 0121542) nömrəli qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3515/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3515/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver