Məhkəmə qərarları › İş №3(007)-3517/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3517/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3517/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, inzibati xəta haqqında protokol qəbul etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin YPX inspektoru X2 iştirakları ilə, X1 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 18 iyul 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 18 iyul 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə istifadəsində olan “Kawasaki ZXİ 14 R” markalı, 99-A-920 dövlət qeydiyyat nişanlı motosikletlə evə gedən zaman Nizami rayon DYPİ əməkdaşı **-YP-*** İqrar adlı polis əməkdaşı onu saxlamışdır. Motosikletin cərimə meydançasına aparacağını bildirmişdir. Səbəbini soruşduqda, “Yusif müəllimə zəng etsələr, buraxacam” demişdir. O, polis əməkdaşından bir daha səbəb, görüntü istədikdə sürət həddi, manevr və s. demişdir. Sonda o, polis əməkdaşından 102 xidmətinə şikayət edəcəyini bildirmişdir. Polis ona sonda 327.1-ci maddəni yazmış və “hara istəyirsən, şikayət et” demişdir. Belə hal onun başına bununla 2-ci dəfədir gəlir. Bir dəfə 102 - 902 xidmətinə şikayət etmiş və protokol dəyişdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə araşdırması aparılmaqla kamera görüntüsünə məhkəmə iclasında baxış keçirilib hüquqi qiymət verilməsini, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 18 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onu “Bravo”nun yanında polis əməkdaşları saxlamışlar. Ona cərimə meydançasına aparacaqlarını, kameradan rəisin gördüyünü demişlər. Ondan 2000 manat pul istəmişlər, lakin o, verməmişdir. Ona manevr pozuntusu yazılacağını demişlər. Daha sonra o, gedib qanuni cəriməsi nə idisə, onu ödəmişdir. Bundan sonra İqrar adlı həmin polis əməkdaşı onunla prinsip aparmağa başlamış, hər dəfə onu əsassız saxlamışdır. Axırıncı dəfə 29 iyun 2024-cü il tarixdə yenə İqrar onu saxlamışdır. Bu İqrardan şəhərdə motorsiklet sürənlərin 90%-i narazıdır. Onu sonuncu dəfə saxlayanda İqrar bir neçə şey sadalamış, sonda demişdir ki, ona manevr qaydalarını pozmağa görə protokol yazır. O da manevr qaydasını pozmadığını bildirmişdir. İqrar isə ona “mən yazıram, sən hara istəyirsən, şikayət et” söyləmişdir. Şikayətinin təmin olunmasını, hər hansı sübut olmadığından qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisələndirilən qərarın qəbuluna əsas olan inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X6 protokolun məzmununa uyğun izahat vermiş, sürücü X3 qarşı tərəflərindən qanunsuz hərəkətə yol verilmədiyini göstərmiş, şikayətin təmin olunmamasını və mübahisələndirilən 18 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X4 izahatında göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə saat 10:00 radələrində Nizami rayonu, Heydər Əliyev prospektində xidmətdə olarkən şəxsiyyətini sonradan müəyyən etdikləri sürücü X5 tərəflərindən saxlanılmışdır. Belə ki, sürücü əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarını pozmuş, qarşısında gedən avtomaşını sağdan ötmüşdür. Hansı ki, bunu etmək olmaz, qanunla qadağandır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 18 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Kawasaki ZXİ 14 R” markalı 99-A-920 dövlət qeydiyyat nişanlı motosikli idarə edən X5 Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən 29 iyun 2024-cü il tarixdə saat 22:21-də “əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə”, 29 iyun 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 39-cu bəndinə əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir; 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır; 51-ci maddəsinin İ hissəsinin İ bəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 51-ci maddəsinin İİ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 29 iyun 2024-cü il tarixdə saat 22:21də Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində “Kawasaki ZXİ 14 R” markalı 99-A-920 dövlət qeydiyyat nişanlı motosikllə hərəkətdə olarkən “əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə” əməliyyatı etmişdir ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın X5 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun və onunla birlikdə xidmətdə olmuş, şahid qismində dindirilən YPX inspektorunun izahatları, o cümlədən məhkəməyə təqdim olunmuş CD diskə əlavə edilən videogörüntü ilə şikayətdə irəli sürülən dəlillər təkzib olunmuşdur. Müəyyən edilmişdir ki, X5 ötmə əməliyyatını icra edərkən digər nəqliyyat vasitəsinin sürücüsü sola dönmə siqnalı verməmiş və manevrə başlayan vəziyyətdə olmamışdır, ona görə onun qeyd olunan vaxt nəqliyyat vasitəsini sağdan ötməsi yuxarıda göstərilən qaydada məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 18 iyul 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar