Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3520/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ev 10, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 02 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 02 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində, “Koroğlu” metrostansiyasının ərazisində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 02 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində arvadı Şəhla ilə birlikdə “Koroğlu” metrostansiyasının ərazisində olduqları vaxt arvadı sanitar qovşağa getmiş, həmin vaxt sanitar qovşağın kassirinin mübahisə etdiyini görmüşdür. Öyrənmişdir ki, giriş yerinin üzərində xidmət haqqı yazılmamış, arvadı giriş haqqı kimi 30 qəpik vermişdir, kassir isə qalan 10 qəpiyi də istəmiş, buna görə mübahisə yaranmış, nəzarətçi kişi ilə qadın onlara nalayiq söyüş söymüş, ona əl-qol atmış, milçək öldürənlə onu vurmuşlar. Buna görə o, əsəbləşərək əlini sanitar qovşağın şüşəsini çırpmış, şüşə qırılmışdır. Sonra həmin yerə polislər gəlmiş, o, baş verənləri danışmışdır. Lakin orada olan beş nəfər polis əməkdaşı onunla mübahisə yaratmış, arvadının gözü qarşısında onu döymüşlər. Buna görə o da polislərdən özünü qorumaq üçün onlara əl qaldırmışdır, o, yalnız özünü qorumuşdur. Polislərin göstərdikləri isə yalandır, o, polisləri söyüb təhqir etməmişdir, nəsə etmədiyi üçün peşman olmasına da əsas yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün manqa komandiri X6 izahatında göstərmişdir ki, 02 iyul 2023-cü il tarixdə Nizami rayonu, H.Əliyev prospektində, “Koroğlu” metrostansiyasının ərazisində, yəni “Piramida”nın qarşısında yolun tənzimlənməsində iştirak etmişlər. Saat 18:30 radələrində metro çıxışındakı sanitar qovşağının kassiri ilə iki nəfər şəxsin, yəni bir kişi və bir qadının mübahisə etdiklərini görmüşlər. Həmin ərazi ictimai yer olduğuna görə, vətəndaşların narhatlıq keçirməməsi üçün, mübahisə edən şəxslərə yaxınlaşmış, özlərini təqdim edərək onları sakitliyə, nizam-intizama dəvət etmişlər. Lakin mübahisə iştirakçısı olan kişi onların qanuni tələblərinə tabe olmaq əvəzinə, onların, eləcə də bütün polis əməkdaşlarının ünvanına şərəf və ləyaqətlərinə toxunacaq nalayiq ifadələr işlətmiş, onlara əl-qol atmışdır. Eyni zamanda müəyyən etmişlər ki, həmin şəxs sanitar qovşağının şüşələrini sındırmışdır. Həmin şəxsin arvadı da onları təhqir edib əl-qol atmışdır. Mübahisə edən şəxslər qanuni tələblərinə tabe olmaqdan imtina etdiklərinə, nalayiq ifadələrdən istifadəni davam etdirdiklərinə və qeyd olunan digər hərəkətlərinə görə onları xidməti avtopatrul vasitəsi ilə ərazi üzrə 25-ci polis bölməsinə aparılıb təhvil vermiş, raport yazaraq barələrində müvafiq tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxslər Şəxs və X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri X8, şahid R.M.Həsənovun izahatında göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, həmin şəxsin istinad olunan xətanı törətməsi, həmin xətada onun təqsirli olması təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, işin faktiki hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 02 iyul 2023-cü il tarixdə saat 18:30-da tutulmuşdur, ona görə inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 02 iyul 2023-cü il saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3520/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3520/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver