Məhkəmə qərarları › İş №3(007)-3524/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3524/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3524/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-UQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi “Daewoo Ravon” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:00 radələrində “Daewoo Ravon” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Ə.Əzimzadə küçəsindən Q.Qarayev prospekti istiqamətinə hərəkət edərkən Ə.Əzimzadə küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində “Toyota Corolla” markalı, **- UQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol ver” nişanının tələbinə məhəl qoymayaraq onun hərəkət yoluna çıxmış, bu zaman o, əyləci bassa da onun avtomobili “Toyota Corolla” markalı, **-UQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qanad hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət almışdır və təcili tibbi yardım gəlmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:00 radələrində “Toyota Corolla” markalı, **-UQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində avtomobilini saxlamış və aşağı sürətlə hərəkətini davam etdirmək istəyərkən Ə.Əzimzadə küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkətdə olan “Daewoo Ravon” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə onun avtomobilinin qabaq sağ tin hissəsi toqquşmuşdur. Hadisə zamanı o və qarşı tərəf xəsarət almışlar. Bu zaman avtomoil 180 dərəcəlik fırlanmışdır və sükan onun sinəsinə girmişdir. O, özünü itirmiş, Aqşinin qardaşı gəlib təcili tibbi yardım çağırmışdır, amma kimin üçün çağırdıqlarını bilməmişdir. Aqşinin qardaşı onunla çox kobud danışmışdır. O, xəsarətini bildirmədən evə getmişdir. Ekspertizada onun xəsarət alması müəyyən edilmişdir. O, saxta sənəd yazdırmamışdır. Onun avtomobilinin sadəcə sağ tərəfi əzilmişdir. Polis əməkdaşı tərəfindən onun barəsində də protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 1/1124 saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 19:35-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Həmçinin protokoldan görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqolun miqdarı 0,000 %o olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 143 saylı rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs-sağ süd vəzisinin yuxarı və aşağı iç kvandrantlarının hematoması olmuşdur. Qeyd olunan xəsarət-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 148 saylı rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Şəxs-qarının ön səthinin sağ yarısının, sağ budun ön bayır səthinin, sağ aşıq-baldır oynağının iç topuq nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/395 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Corolla” minik markalı, **-UQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Daewoo Ravon” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar