Məhkəmə qərarları › İş №3(007)-3527/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3527/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3527/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndələri X7 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X8 iştirakları ilə, “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 11 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 62Q, mənzil 27 olan “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X9 15 may 2024-cü il tarixdən, X10 08 iyun 2024cü il tarixdən hazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının direktoru inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, X13 Xidməti tərəfindən qanunvericiliyə zidd tərtib edilmiş protokola əsasən “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı hüquqi şəxs qismində inzibati qaydada cərimə edilməyi üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, sözügedən protokol onunla əsaslandırılmışdır ki, şirkət iki nəfər vətəndaşlar olan X9 və X4 işğaldan azad olunmuş ərazilərdə polis postlarından sərbəst keçmələri məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən icazə almış, lakin həmin şəxslərlə işəgötürən arasında əmək müqaviləsi bağlanmamışdır. Bununla bağlı bildirir ki, X13 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında protokola əsasən cərimələnəcəyi haqqında məlumatı heç vaxt bilməmiş, məlumatı olmadan qeyri-qanuni protokol tərtib edilmişdir. Onu da qeyd etmək istəyir ki, şirkətilərinin hüquqi ünvanı ünvan 2ə ünvan 3mış düşərgədir. DƏMX tərəfindən tərtib olunan protokolla heç vaxt tanış olmamış və ümumiyyətlə heç xəbərləri olmamışdır. Şifahi olaraq əldə etdiyi məlumata əsasən xəbərsiz məlumat verilmədən onun barəsində yazılmış protokolda müəyyən edilib ki, o, İXM-nin 192.1-ci maddəsinin tələblərini pozaraq vətəndaşlar X9 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb etmişdir. Halbuki, yuxarıda adları qeyd olunan vətəndaşlar üçün filialları üzərindən icazələr alınmış, lakin həmin şəxslər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlanna giriş etməmişlər. Belə ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiyasına əsasən sərbəst formada özlərinə iş yeri seçmək hüququndan istifadə etməklə “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə əmək münasibətləri yaratmaqdan imtina etmişlər. Həmin şəxslərlə zorla əmək münasibətləri yaratmaq qanuna ziddir və qanunvericilikdə bu əməlin məsuliyyəti ilə bağlı cəza tədbiri nəzərdə tutulmuşdur. “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yol infrastrukturunun tikintisi və yenidən qurulmasında həyata keçirilən böyük layihələr çərçivəsində keyfiyyətli və yüksək standartlara cavab verən işlər görmüşdür. X13 Xidməti tərəfindən qanunsuz olaraq, heç bir araşdırma aparmadan “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialını hüquqi şəxs kimi inzibati qaydada İXM-nin 192.1 maddəsinə əsasən protokol yazaraq Nizami Rayon Məhkəməsinə göndərmişdir. Hesab edir ki, X13 Xidməti tərəfindən tərtib edilmiş protokol qanunvericiliyin tələblərinə zidd olduğu üçün məhkəmə tərəfindən ləğv edilməlidir. Əmək Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Şirkətin təklif etdiyi vəzifələrə işçi qüvvəsini təmin etmək məqsədi ilə yuxarıda qeyd olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə o məqsədlə alınır ki, vətəndaş iş sahələrində təklif olunan işlə, məişət şəraiti ilə, məvaciblə, əmək şəraiti və sair təminatlarla tanış olsun, əmək münasibətlərinin yaradılmasında maraqlı tərəflərdən biri olaraq və Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarından istifadə etməklə sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququndan istifadə etsin. Qətiyyətlə bildirirlər ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən alınan icazə iş icazəsi deyil, bu, həmin ərazilərə giriş icazəsidir. Qanunvericiliyin tələbləri tamamilə açıq və aydındır. Lakin X13 Xidməti inzibati icraat zamanı qanunvericiliyin tələblərini pozaraq ona qarşı qanunazidd cərimə tətbiq ediblər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Halbuki, ümumiyyətlə heç bir rəsmi sübut olmadan, heç bir əsaslandırıcı arqument göstərmədən yalnız işi başlarından etmək məqsədi ilə protokol tərtib edib cərmə yazmışlar. Göstərilənlərə əsasən, “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının barəsində X13 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X14 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 digər nümayəndənin dəlillərini müdafiə etmiş və hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X15 yazılı etirazın dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati xəta haqqında protokolda adları qeyd olunan X9 və X10 ilə əmək münasibətləri olmamışdır, həmin şəxslər onların şirkətinin işçiləri olmamışlar. Əmək Müfəttişliyi heç bir araşdırma aparmadan protokol tərtib edilmişdir. Göstərdiklərinin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına iş üçün müraciət etmiş və ona işğaldan azad edilmiş ərazilərə giriş portalından həmin rayonlardakı postlardan keçməyi üçün icazə alınmışdır. Lakin sonradan ona sərf etmədiyini düşünərək işdən imtina etmiş və həmin şirkətdə işləmək üçün getməmişdir. O, həmin şirkətin qapısını belə tanımır. Lakin postdan keçmək üçün icazə alınması fürsətindən istifadə edərək həmin vaxt Şuşaya gedən yoldaşları ilə birlikdə gəzməyə getmiş, getdiyi günün axşamı isə qayıtmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 25 iyun 2024-cü il tarixli 3-17-5/2-40306/2024 nömrəli məktubundan görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Xidmət tərəfindən 21 may 2024-cü il tarixli 3-17-5/2-30962/2024 nömrəli məktub göndərilsə də, iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılmaması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin olunmamışdır; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan görünür ki, “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən X5 15 may 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək, X6 08 iyun 2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınmışdır; -X1 Füzuli rayon notariat ofisində 09 avqust 2024-cü il tarixli notariat qaydada təstiq olunmuş ərizəsindən görünür ki, o, “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına iş üçün müraciət etmiş və onun üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş portalından həmin rayonlardakı postlardan keçməyi üçün icazə alınmışdır. Qeyd edir ki, o, təklif olunan işdən imtina etdiyinə görə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına getməmişdir. Onun “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə heç bir əmək münasibəti olmamışdır; -X2 Füzuli rayon notariat ofisində 10 avqust 2024-cü il tarixli notariat qaydada təstiq olunmuş ərizəsindən görünür ki, o, “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına iş üçün müraciət etmiş və onun üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş portalından həmin rayonlardakı postlardan keçməyi üçün icazə alınmışdır. O, təklif olunan işdən imtina etdiyinə görə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına getməmişdir. Onun “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə heç bir əmək münasibəti olmamışdır; Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə toplanaraq tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, işğaldan azad edilmiş ərazilərə həmin şirkətin Azərbaycan Respublikasındakı filialı tərəfindən giriş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, təqdim edilmiş sübut isə yalnız “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən X1 adına 15 may 2024-cü il tarixdə, X2 adına 08 iyun 2024-cü il tarixdə işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan ibarətdir. Hansı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsindən ibarət araşdırma, hüquqi şəxs “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respubikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etməsi barədə qənaətə gəlinməsi üçün yetərli və əsaslı sayıla bilməz. İnzibati araşdırma orqanı adlarına icazə alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedibgetməmələrini, oraya getdikləri halda isə “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməmələrini, bu işlərin həcmini, növünü, işlərin davam etmə müddətini, onlara bu işlərin görülməsi haqqının ödənilib-ödənilməməsini və s. bu kimi xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Məhkəmə bu qənaətə gəlməsini həm qanunvericiliyin tələbləri, həm də təqdim edilmiş sübutların məcmusu baxımından əsaslandırmaqla belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, hüquqi şəxs tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Buna baxmayaraq, “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, vətəndaşlar X9 və X10 üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən iş üçün icazəsi alınsa da həmin şəxslərlə işəgötürən arasında əmək müqaviləsi bağlanılmamış və onlar heç bir işə cəlb olunmamışlar. Eyni zamanda X1 məhkəmə iclasında verdiyi ifadəsi ilə də müəyyən edilmişdir ki, o, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına iş üçün getməmiş, qeyd olunan şirkətlə aralarında əmək münasibətləri yaranmamışdır. Onun həmin əraziyə getməsi, sadəcə olaraq postlardan keçmək üçün olan icazənin alınması fürsətindən istifadə etməklə Şuşa şəhərinə gedib gəzməkdən ibarət olmuş və həmin gün də geri qayıtmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Yuxarıda qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlar baxımından hesab edir ki, baxılan işə münasibətdə əlavə araşdırma aparılması üçün əsaslar qalmamışdır, “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, həmin Məcəllənin 53.2-ci maddəsinin tələbinə uyğun olaraq, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X11 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin icraatına xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar