Məhkəmə qərarları › İş №3(007)-353/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-353/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-353/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, “Şəxs”nun nümayəndəsi X1 iştirakı ilə, “Şəxs”nun Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 19 yanvar 2022-ci il tarixli 00100-0088/22 saylı inzibati xəta haqqında protokoldan və materiallardan görünür ki, “Şəxs”nun ünvanına İtaliyadan 33EMC66/33EMC67 nömrəli nəqliyyat vasitəsində daxil olmuş yüklərin **********9004 sorğu nömrəli xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsi ilə Bakı Baş gömrük İdarəsində bəyan edilmiş, lakin **********8707 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar xx.xx.2021-ci tarixdə saat 11:50 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra xx.xx.2021-ci tarixdə saat 14:19-da elektron formada verilmiş və bununla Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında “Şəxs”nun nümayəndəsi X2 protokola etiraz verərək izahatında götərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Şəxs”nun 19 yanvar 2022-ci il tarixli 00100-0088/22 saylı inzibati xəta haqqında protokol qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə və səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Həmin protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyinə görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş və naməlum səbəbdən gəlməmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, inzibati işin baxılmasında iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, Şəxs”nun Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, daxil olmuş sənədlərə əsasən, Şəxs”nun ünvanına İtaliyadan 33EMC66/33EMC67 nömrəli nəqliyyat vasitəsində daxil olmuş yüklərin gömrük sərhədindən keçənədək yüklərə dair qısa idxal bəyannaməsinin elektron qaydada Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Şəxs”nun barəsində 19 yanvar 2022-ci il tarixli 00100-0088/22 saylı inzibati xəta haqqında protokolun qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə və səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi ilə bağlı nümayəndənin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan hallar kimi, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi və dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması göstərilmişdir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xata haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, inzibati xətalar qanunverivcilyinin qeyd olunan müddəalarını və inzibati xəta haqqında daxil olmuş sənədlərdə qeyd olunan məlumatları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən fakt üzrə “Şəxs”nun barəsində 19 yanvar 2022-ci il tarixli 00100-0088/22 saylı inzibati xəta haqqında protokolun tərtib edilməsi mərhələsində qanunvericiliklə müəyyən olunmuş müddətin pozulmadığını və “Şəxs”nun barəsində 19 yanvar 2022-ci il tarixli 00100- 0088/22 saylı inzibati xəta haqqında protokolun səlahiyyətli vəzifəli şəxs tərəfindən düzgün tərtib olunduğunu qeyd edir və nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə, “Şəxs”nun bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, “Şəxs”nun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə “Şəxs”na münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən halların müəyyən olunmadığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: “Şəxs” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar