Məhkəmə qərarları › İş №3(007)-3531/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3531/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3531/2020 23.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-nin axtarış üzrə inspektoru X5, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Gürcüstan Respublikasının Saqareco rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi ev 47-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ DYPŞ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:45 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub, müvafiq hüququ olmaqla, lakin alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Opel” markalı RR-775-WW Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində Babək prospekti istiqamətində hərəkətdə olarkən, yolun əks hərəkət istiqamətinə çıxaraq X3 idarə etdiyi “BMW” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Opel” markalı RR-775-WW dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun əks hərəkət istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes-Benz” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərərçəkmiş şəxslərə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-nin axtarış üzrə inspektoru X8 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə “Ay işığı” şadlıq sarayında dostları ilə yeyib-içdikdən sonra idarə etdiyi “Opel” markalı RR-775-WW Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsində Babək prospekti istiqamətində hərəkətdə olub yaşadığı ünvana gedərkən “BMW” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşmuşdur. Sonra idarəetməni itirərək “Mercedes- Benz” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət aldığından təcili tibbi yardım stansiyasının əməkdaşları onu 3 saylı ŞKX-na aparmışlar. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəmiş, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmək üçün isə çalışır, avtomobilin bir ədəd ehtiyat hissəsini gətirtmək üçün sifariş vermişdir. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə içkili olduğundan özünə məxsus “BMW” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün qohumu X4 çağırmış və avtomobili Natiq idarə etmişdir. Saat təxminən 21:45 radələrində Bakı şəhəri, M.Əliyev küçəsində “Ay işığı” şadlıq sarayı istiqamətində 60 km/saat sürətlə hərəkətdə olduqları vaxt qarşıdan onların hərəkət zolağına çıxaraq üzbəüz gələn “Opel” markalı RR-775-WW dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə ona məxsus olmaqla, Natiqin idarə etdiyi avtomobilin qabaq sağ hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində həmin “Opel” markalı avtomobil fırlanaraq arxadan gələn “Mercedes-Benz” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə də toqquşmuşur. Hadisə zamanı avtomobillərə maddi ziyan dəymiş, yalnız “Opel” markalı avtomobilin sürücüsünün özü xəsarət almışdır. Ona məxsus avtomobilin təmiri hələ başa çatmamışdır, hadisəni törədən Şəxs avtomobilin bir ehtiyat hissəsini Gürcüstandan gətirtmək üçün sifariş vermiş, lakin hələ gətirilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən digər Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təhqiqat zamanı izahatı alınmış Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 21:45 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes- Benz” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsində “Ay işığı” şadlıq sarayı istiqamətində hərəkətdə olmuşdur. “Su səsi” şadlıq sarayının yaxınlığında qarşısında eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı **-MT- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına, yəni onun hərəkət istiqamətinə əks olaraq çıxan “Opel” markalı RR-775-WW dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə həmin avtomobillə toqquşmuş, bundan sonra “Opel” markalı avtomobil onun idarə etdiyi avtomobilin qabaq hissəsinə çırpılmışdır. Hadisə nəticəsində “Opel” markalı avtomobili idarə edən şəxs xəsarət almışdır. İşdə olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx xxxxxxxx 2020-ci il tarixli 2/15579 nömrəli aktdan görünür ki, həmin tarixdə saat 23:40-da keçirilən tibbi müayinə zamanı Şəxs “Sərxoş” olduğu müəyyən edilmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxxxxx 2020-ci il tarixli 794 nömrəli rəydən görünür ki, X1 alnın ön səthi, sol saidin ön səthi və sol əlin ovuc səthinin səthi kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər kəsici kənara malik əşyanın, ola bilsin ki, sınmış şüşə qırıntılarının təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin edilmir. Şəxsin adına tərtib edilmiş tibbi sənəddəki diaqnozda yazılanın “Döş qəfəsinin küt travması” hər hansı bir obyektiv əlaməti qeyd edilmədiyindən və məhkəmə tibbi müayinə zamanı döş qəfəsində hər hansı bir xəsarət aşkar edilmədiyindən onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/1946 nömrəli rəyindən görünür ki, “Opel Astra” markalı RR-775-WW dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərəkət üçün təhlükə yaranan anda “BMW” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,9 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır, hərəkət üçün təhlükə yaranan anda “BMW” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,9 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz 200” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İşdə olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı “BMW” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X7 yol-nəqliyyat hadisəsi baş verdiyi anda “Opel Astra” markalı RR-775-WW dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkəti üçün təhlükə yarandığını yeri göstərmiş, həmin məsafənin toqquşmanın baş verdiyi yerdən 20 metr məsafədə olduğu ölçülərək müəyyən olunmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, HK1-379 saylı araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsinə nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində idarə edilməsi) nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə razılıq əldə etməyə cəhd etməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən İXMnin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından görünür ki, Şəxs hazırkı işlə bağlı tutulmamışdır, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı onun inzibati materialla birlikdə məhkəməyə gətirildiyi vaxtdan, xx xxxxxx 2020-ci il saat 13:15-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçiyə dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxx 2020-ci il saat 13:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X6 Saxlanılma Mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar