Məhkəmə qərarları › İş №3(007)-3538/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3538/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3538/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 16, mənzil 89 ünvanı olan Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləmək üçün icazəsi alınmış X7, X1, və X2 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs MMC barəsində inzibati xətaya dair icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmiş və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə çıxış edərək işğaldan azad edilmiş ərazilərə giriş-çıxış icazəsi alınmış hər üç şəxsin məhkəmə iclasına çağırılmasını və izahatlarının alınmasını məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, protokol tərtib etmiş orqan tərəfindən işin halları kifayət qədər araşdırılmamış, heç bir əsas olmadan hüquqi şəxs barəsində protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsaslanaraq Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsilə nəzərdə tutulmiuş inzibati xətaya dair icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Hüquqi şəxs barəsində protokol tərtib etmiş inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə hüquqi şəxsin itirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 çıxış edərək bildirdi ki, Şəxs MMC ilə arasında əmək müqaviləsi mövcud olmamış, hüquqi şəxs tərəfdən hər hansısa işlərin görülməsinə cəlb edilməmişdir. Qeyd olunan müddətdə “Kalyon inşaat”-da sürücü vəzifəsində çalışdığını bildirdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, fəaliyyət göstərdiyi “Kalyon” şirkəti tərəfindən ona işğaldan azad olunmuş ərazilərdə işləyəcəyi barədə məlumat verilsə də, o həmin ərazilərə daxil olmamış, işlərin görülməsinə cəlb edilməmişdir. Suallara cavab olaraq bir daha vurğuladı ki, qeyd olunan Şəxs MMC adlı hüquqi şəxsi tanımır və onun tərəfdən həmin hüquqi şəxsə xidmət göstərilməmiş və işlərin görülməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs MMC ilə arasında xidməti müqavilə mövcud olmuşdur. Müqavilənin predmetinə uyğun olaraq o işğaldan azad olunmuş ərazilərə yerləşdirilmiş texnikaya GPS quraşdırmalı idi. Lakin sürücü Yalçın Mahmudov həmin əraziyə gedə bilmədiyindən, onun da getməsi baş tutmamış və hüquqi şəxslə aralarında olan xidməti müqaviləyə 2024-cü ilin may ayında xitam verilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs MMC tərfindən ümumiyyətlə hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamış, işğaldan azad olunmuş əraziyə daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 çıxış edərək bildirdi ki, Şəxs MMC ilə arasında əmək müqaviləsi mövcud olmuş və həmin əmək müqaviləsinə 2024-cü ilin may ayında xitam verilmişdir. Özünün yerinə götürülən digər sürücüyə nəqliyyat vasitələrini təhvil vermək üçün giriş-çıxış icazəsi alınsa da, o həmin əraziyə daxil olmamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, hüquqi şəxslə aralarında 2024-cü ilin may ayının əvvəllərindən heç bir əmək münasibəti mövcud olmamış, işğaldan azad olunmuş əraziyə isə daxil olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərə giriş-çıxışı alınmış şəxslər X7, X1 və X2 Şəxs MMC MMC tərəfindən hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamışlar. Belə ki, məhkəmə araşdırması zamanı şahid ifadələri ilə müəyyən olunmuşdur ki, qeyd olunan şəxslərdən X7 ilə hüquqi şəxs arasında əmək münasibəti mövcud olmamış, hüquqi şəxs və ya onun vəzifəli şəxsi barəsində Rahib Hacıyevin heç bir məlumatı və tanışlığı yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" MMCdən əldə olunmuş arayışa əsasən Şəxs MMC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında aparılan yenidənquma işləri ilə əlaqədar ərazilərə giriş icazələrinin alınması və ləğvinin "xxxx"MMC-nin müraciəti əsasında AZAL və AYDAA tərəfindən həyata keçirilməsi və X3 icazəsi üçün "xxxx" MMC tərəfindən heç bir müraciətin olunmaması müəyyən edilmişdir. Digər şəxslərə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Quliyev Elxan fərdi sahibkardır və xidməti müqavilə əsasında Şəxs MMC-yə xidmət göstərməli, yəni texniki avadanlıqlara GPS quraşdırmalı olduğu halda, bu baş tutmamış və o həmin ərazilərə daxil olmamışdır. Həmçinin qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin d bəndinə əsasən mülki hüquqi müqavilələr üzrə xidmət göstərən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. Hüquqi şəxs barəsində protokolun tərtib olunmasına səbəb kimi qeyd edilmiş- giriş-çıxış icazəsi alınmış üçüncü şəxs Yalçın Mahmudovun xx.xx.2024-cü il tarixdədək sürücü vəzifəsində çalışdığı və həmin tarixdə əmək müqaviləsinə xitam verildiyi müəyyən edilmişdir. Belə ki, həmin şəxsin nəqliyyat vasitərini təhvil verməsi üçün portaldan giriş-çıxış icazəsi alınsa da, həmin şəxs işğaldan azad olunmuş əraziyə daxil olmamış, işlərin görülməsinə cəlb olunmamışdır. Bununla da məhkəmə tərəfindən araşdırılmış sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar