Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3538/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Aydərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayonu, Yenikənd küçəsi, ev 12B-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ünvanında nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 22 iyul 2025-ci il tarixdə saat təxminən 17:00 radələrində Nizami Rayon Məhkəməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasının həyətindəki söhbətgahın qarşısında Zərərçəkmiş şəxs ilə mübahisə edib ona qarşı nalayiq ifadə işlətməklə ictimai qaydanı pozan, lakin həmin şəxsin üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, işlədiyi 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva iki ildən artıqdır ki, onu və bir çox müəllimləri təhdid edərək məktəbin keçmiş direktoru Svetlana Hüseynovanın üzünə durmağa məcbur etmişdir. Son vaxtlar direktorun vəkilləri İlham və Sabir məktəbə gələrək direktorun otağında planlar qurmuşlar. Onu məcbur etmişlər ki, bəzi müəllimlərin işinə müdaxilə edib, uşaqları öyrədib, müəllimləri şərləsinlər. O bundan imtina etmiş və məhkəməyə gedib düzünü deyəcəyini bildirmişdir. Daha sonra onu təhdid etməyə başlamışlar. İlham və Sabir onu məhkəmələrə apararaq yalan ifadə verməyə məcbur etmişlər. Onu və Kəmalə müəlliməni şahid kimi göstərmişlər. Onlar da demişlər ki, məhkəməyə gedib düzünü danışacaqlar. 22 iyul 2025-ci il tarixdə onları şahid qismində Nizami Rayon Məhkəməsinə çağırmışlar. Məhkəmədə gedən prosesdən sonra fasilə vaxtı məhkəmənin həyətinə çıxmışlar. Həyətdə direktor Afaq Əliyeva, vəkillər İlham və Sabir onu təhdid edərək demişlər ki, şahidlik etməkdən imtina etsin. Vəkil Zərərçəkmiş şəxs məhkəmə sisteminə yazılı məlumat verərək onu və Kəmalə xanımı təhqir edərək satqın kimi yazmışdır. Bunun əsasında Kəmalə müəllimə həyətdə Sabir müəllimə yaxınlaşaraq demişdir ki, onları niyə satqın kimi yazmışdır. Sabir isə təkzib edərək demişdir ki, onun xəbəri yoxdur. O, Kəmalə müəlliməyə demişdir ki, “gəl gedək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edək”. Bu zaman İlham və Sabir ona demişlər ki, “sən şahidlik eləmə, get çobanlığını elə”. O isə özünü təhqir olunmuş kimi hesab etdiyi üçün demişdir ki, “çoban özünsən”. 28 iyul 2025-ci il tarixdə özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün Nizami rayon polis idarəsinin polis rəisinə yazılı müraciət edərək Afaq Əliyeva, vəkillər İlham və Sabirin təhdidindən qorxduğu üçün tədbir görülməsini xahiş etmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 22 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində vəkillik fəaliyyətini həyata keçirmişdir. Fasilədə çıxıb məhkəmənin həyətində söhbətgahda oturub söhbət etmişlər. İştirak etdiyi işlərdə şahidlik edən 201 saylı məktəbin müəllimi Şəxs üstünə gəlib uca səslə ona “çoban” deyərək təhqir etmiş və daha sonra üstünə gəlməyə davam etmişdir. O, belə hesab edir ki, Saleh həmin vaxt sərxoş olmuşdur, yəni, onun sərxoş olmasından şübhələnmişdir. Sanki Saleh onu vurmaq istəmişdir. Yanında olanlar Salehin üstünə qışqırmışlar və o, aralanıb getmişdir. Onun 4-5 nəfər şahidləri də var, sadəcə məhkəməyə gətirib əziyyət vermək istəməmişdir. Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, onları məhkəməyə şahid kimi çağırmışlar. Sonra 201 saylı orta məktəbin direktoru Afaq xanım onlara nə səbəbdən burda olduqlarını, onları şahid kimi göstərmədiyini bildirmişdir. O da demişdir ki, “siz yox, Svetlana müəllimə şahid qismində göstərmişdir”. İlham və Sabir də qapının yanında oturmuşlar. Afaqa demişdir ki, “Sabir müəllim niyə bizə siz satılıbsız demişdir. Hətta bunu yazılı şəkildə sistemə də əlavə etmişdir”. Bu zaman Sabir onun ağzını əymişdir. Saleh ona demişdir ki, “gəl gedək xüsusi ittiham qaydasında şikayət verək”. Bu zaman Sabir Salehə demişdir ki, “səndən şahid olmaz, get çobanlığını et”. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yəni, maddənin tövsifedici əlaməti hesab olunan müddəadan görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin bu qayda pozuntusu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə müşayiət edilməməlidir. Hansı ki, baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, Şəxs yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, Şəxs inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Şəxs irəli sürdüyü dəlillər onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Barəsində inzibati cərimə tətbiq edilməli olduğundan isə inzibati qaydada tutulmuş Şəxs dərhal tutulmadan azad edilməlidir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3538/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3538/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver