Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3539/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət vermiş X6, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X6 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 28 iyul 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, onunla arvadı X3 məxsus Toyota markalı, Prius (Hibrid) modelli, Xetçbek tipli dövlət qeydiyyat nişanı 90MY430 olan nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə hərəkətdə olarkən heç bir qayda pozmadığı halda Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru X7 ona saxla əmri vermişdir. Nəqliyyat vasitəsini kənara çəkərək saxlamışdır. Qeyd edilən polis əməkdaşı ona yaxınlaşmış, ondan saxlanma səbəbini soruşmuşdur. Polis əməkdaşı Samir Babayev ondan ad və soyadını soruşmuş və sonra sənədlərini tələb etmişdir. Ad və soyadını bildirdikdən sonra sənədlərini ona təqdim etdikdən sonra nəqliyyat vasitəsinin sahibinin Xəyalə Quliyeva olduğu və həmin xanımın nəqliyyat vasitəsində olub-olmamasını soruşmuşdur. O, polis əməkdaşına bildirmişdir ki, xanım maşında yoxdur. Polis əməkdaşı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamənin olub-olmamasını soruşmuşdur. O, polis əməkdaşı Samir Babayevə hazırda idarə etdiyi nəqliyyat vasitəsinin arvadına məxsus olması, birgə nikah dövründə əldə etməkləri, telefonunda mygov tətbiqinə daxil olaraq nikah haqqında məlumatlarını təqdim etmişdir. Bundan başqa arvadından bütün əmlakına dair etibarnaməyə malik olduğunu mobil notariat tətbiqinə daxil olaraq həmin etibarnaməni də ona göstərmişdir. Polis əməkdaşı Samir Babayev nəqliyyat vasitəsinin arxasında olan xidməti nəqliyyat vasitələrində olan özündən rütbədə yüksək olan adını xatırlamadığı şəxsə yaxınlaşaraq hazırkı vəziyyət barədə məlumat verib məsləhətləşmələr apardıqdan sonra təkrar ona yaxınlaşmış və bildirmişdir ki, nəqliyyat vasitəsi dayanacağa aparılacaqdır. Təbii ki, buna etiraz edərək bu hərəkətin qanunsuz olduğunu, bunu etməmələrini xahiş etmişdir. Polis əməkdaşı Samir Babayevdən rütbədə böyük olan və polis maşınında əyləşən şəxsə yaxınlaşaraq onun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Bakı şəhər Baş X15 idarəsi tərəfindən verildiyini, xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini texniki baxışdan keçirdiyini və bu barədə ona hər hansı bir iradın bildirilmədiyi, dövlət nömrə nişanının zədələnmədiyi (əzilmədiyi, qırılmadığı, üzərindəki yazıların pozulmadığı) bir sözlə mövcud standartlara cavab verdiyini bildirmişdir. DYP-nin nəqliyyat vasitəsində oturan əməkdaş nəqliyyat vasitəsinin dayanacağa qoyulacağını bildirmişdir. Həmin əməkdaşa onda protokol tərtib etməsini bildirmiş, polis əməkdaşı isə təkidlə protokolun sonra tərtib ediləcəyini nəqliyyat vasitəsinin dayanacağa aparacaqlarını bildirmişdir. O, təbii ki, buna etiraz edərək onun hansı inzibati xəta törətdiyini bilmək hüququnun olmasını bildirsə də polis əməkdaşları post patrul xidməti çağıracaqları barədə ona hədə-qorxu gəlmişlər. O isə çağırmalarını tələb etmiş, çağırmamışlar. Bundan sonra zabit olan əməkdaş polis baş serjantı Samir Babayevə idarə etdiyi nəqliyyat vasitəsini onun sürməsi üçün göstəriş vermişdir. O, buna etiraz edərək onun nəqliyyat vasitəsinin niyə onların idarə etməli olduğunu soruşmuşdur. Həmin zabit onun nəqliyyat vasitəsini idarə edə bilməyəcəyini, onun hüququnun olmadığını bildirmiş və onların məsuliyyət daşıdıqlarını bildirmişlər. Onlara bildirmişdir ki, onların, yəni arvadı ilə onun birgə mülkiyyətlərində olan nəqliyyat vasitəsinə onların necə məsuliyyət daşıdıqlarını, həmin nəqliyyat vasitəsi ilə bağlı yaranacaq problemlərlə bağlı yalnız onların məsuliyyət daşıdıqlarını bildirsə də bir nəticə olmamışdır. Nəqliyyat vasitəsi dayanacağa aparılmış və heç bir akt tərtib edilmədən ona nə aktın, nə də ki protokolun surəti verilməmişdir. Bundan sonra dayanacağa yaxınlaşaraq nəqliyyat vasitəsinii tələb etmişdir. Ona bildirilmişdir ki, Bakı şəhər Baş X13 İdarəsində 31-ci otağa yaxınlaşmalıdır. Həmin idarəyə gedib ona deyilən otağa yaxınlaşmış, qapı bağlı olmuş, heç kəsi tapa bilməmişdir. Bununla bağlı AR DİN-in 102 qaynar xəttinə və Bakı şəhər BDYPİ-nin 902 qaynar xəttinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra qonşu otaqda oturan şəxslərdən soruşmuşdur ki, bu otaqda olan şəxslər yerlərində nə vaxt olacaqlar, ona bildirmişlər ki, həftənin birinci günü 31-ci otaqda adam olacaq, yaxınlaşar. Həftənin 1-ci günü Bakı şəhər Baş X13 İdarəsində 31-ci otağa yaxınlaşmış, onlara hadisə barədə məlumat verərək etibarnaməni onlara göstərmiş və DYP əməkdaşının hərəkətlərinin qanunsuz olduğunu bildirmişdir. Həmin otaqda oturan şəxslər də öz əməkdaşlarının haqlı olduğunu bildirmişlər. Bundan sonra ona müvafiq arayış verərək nəqliyyat vasitəsini çıxara biləcəyi bildirilmiş və qeyd edilmişdir ki, ora gedəndən sonra onlarla razılaşıb cəriməni ödəyib nəqliyyat vasitəsini çıxara bilər. Belə olan halda onlardan barəsində tərtib edilmiş inzibati xətalar haqqında protokolun ona təqdim edilməsini xahiş etmişdir. Həmin otaqda olan əməkdaş onu saxlayan şəxslərlə əlaqə saxlayaraq saxlanma səbəbi və protokol barədə məlumatları istəmişlər. Əməkdaş bildirmişdir ki, tədbirdə olub, vaxt olmadığından protokolu tərtib edə bilməmişlər. xx.xx.2025-ci il tarixdə saat 14:03 radələrində barəsində protokol tərtib edilmiş və Asanpay səhifəsində yerləşdirildikdən sonra mobil nömrəsi vasitəsilə sms xəbərdarlıq almışdır. İdarə etdiyi nəqliyyat vasitəsi dayanacağa aparılsa da nəqliyyat vasitəsinin saxlanılmasına dair akt tərtib olunmamış və ona təqdim olunmamışdır. Tərtib edilmiş protokolun surəti ona verilməli olduğu halda DYP əməkdaşları həmin protokolu ona təqdim etməmişlər. O, DYP əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə saat 10:10 radələrində saxlanılmış, inzibati xəta haqqında protokol isə xx.xx.2025-ci il saat 14:03-də tərtib edilmişdir. O, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Maddənin tələbindən də göründüyü kimi, DYP əməkdaşı inzibati xətanın törədilməsi faktını aşkar etdikdən dərhal sonra yəni xx.xx.2025-ci il tarixdə saat 10:10-da inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda inzibati xəta haqqında protokolu xx.xx.2025-ci il saat 14:03-də tərtib edərək pozuntuya yol vermişdir. Protokolun tərtib edilmə yeri Mikayıl Əliyev göstərilsə də protokolun tərtib edilmə tarixi xx.xx.2025-ci il göstərilmişdir ki, həmin tarixdə o, İpək yolunda yerləşən Bakı şəhər BDYPİ-nin inzibati binasında olmuşdur, hadisə isə xx.xx.2025-ci il tarixdə Nizami rayonu Mikayıl Əliyev küçəsində olmuşdur. Göründüyü kimi protokolun tərtib edilməsində də DYP əməkdaşları yanlışlığa yol vermiş, qanunvericiliyin tələbini kobud şəkildə pozmuşlar. DYP əməkdaşı inzibati xəta haqqında protokolda ona aid fərdi identifikasiya nömrəsini mütləq göstərməli olduğu halda bunu etməmişdir. Bundan başqa Bakı şəhər BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş protokolda İXM-nin 342.1.3-cü və 332.1-ci maddələri ilə təqsirli bilindiyi və 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilmişdir. Halbuki, xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərkən artıq onun nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməsi vardı. Onun etibarnaməsi olduğu halda barəsində qeyd edilən İXM-nin 332.1-ci maddəsini tətbiq edərək cərimə olunmağı hesab edir ki, qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa “Yol hərəkəti haqqında” AR Qanununun 29-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. O, arvadı ilə nəqliyyat vasitəsini satın alarkən Bakı şəhər DYPİ-də dövlət qeydiyyatı üzrə uçota aldırmışlar və həmin orqan nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanı vermişdir. Onlar tərəfindən həmin dövlət qeydiyyatı nişanına hər hansı bir müdaxilə olmamış və dövlət orqanının verdiyi şəkildə tam yararlı vəziyyətdə nəqliyyat vasitəsinin üzərindədir. “Yol hərəkəti haqqında” AR Qanununun 29-cu maddəsinin lV hissəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qeyd edilən qanunun tələbinə əsasən onların hüquqları vardır ki, həmin nömrə yararsız olduğu halda dövlət orqanına müraciət edib onu dəyişdirsinlər. Mövcud halda isə bu, baş verməmişdir. İXM-nin 75-ci maddəsinə əsasən Bakı şəhər DYPİ-nin əməkdaşı iş üzrə halları müəyyən etməli olduğu halda bunu etməmişdir. Hesab edir ki, ümumiyyətlə inzibati xəta hadisəsi olmamışdır, o, arvadı ilə nikahdadır, nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilmiş, saxlanıldığı vaxt arvadının ona verdiyi bütün əmlakına dair etibarnaməsi olmuşdur və o, olmayan hadisəyə görə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Bu isə İXM-nin tələblərinə ziddir. Yuxarıda qeyd olunanlara əsasən Bakı şəhər X15 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X11 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, şikayət əsassızdır. Belə ki, şəxs barəsində protokol İXM-nin 332.1-ci maddəsinin tələbinə əsasən tərtib edilmişdir. İXM-nin 332.1-ci maddəsi haqqında 31 iyul 2023-cü il tarixli Konstitusiya Məhkəməsinin şərhində göstərilmişdir ki, ər və arvad birgə nikah dövründə əldə etdikləri əmlak haqqında notariusda təstiq olunmuş əlavə şəhadətnamə almalıdırlar. Həmin şəhadətnamə isə xətanın törədildiyi anda mövcud olmamışdır. Şəxsin təqdim etdiyi etibarnamədə onun nəqliyyat vasitəni idarə etməsinə icazə, səlahiyyət verilməmişdir. Şəxsin həmin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnaməsi olmalıdır. Şikayətin rədd olunmasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 28 iyul 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X11 Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində hərəkətdə olarkən 27 iyul 2025-ci il tarixdə, saat 10:10-da “mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə”, 27 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.1.3 və 332.1-ci maddələri ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 342.1.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 29-cu maddəsinin İ hissəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartı ilə tənzimlənir. Dövlət qeydiyyat nişanlarında ağ fonda qara simvollardan istifadə olunur. Format - iki rəqəm (region kodu), iki hərf və üç rəqəm; qruplar defislə bölünür. Nömrənin sol hissəsində Azərbaycan bayrağı və düzbucaqlı dördbucaqda “AZ” avtomobil ölkə kodu yerləşir. Məhkəməyə sübut qismində təqdim olunmuş fotoşəkildən görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanında həmin tələblər pozulmuşdur, yəni qrupları bölən defislər mövcud deyildir. Belə olan halda, X6 Azərbaycan Respublikası İXM-nin 342.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq təqsirli bilinməsi qanuni və əsaslı olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ərarvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Həmin Qərarda göstərilmişdir ki, ...İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd edilən maddədə nəzərdə tutulmuş əməlin subyektinin müəyyən edilməsi üçün, ilk növbədə, həmin maddədə öz əksini tapmış “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” anlayışının kimləri ehtiva etməsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Konstitusiya ilə təsbit edilmiş hər kəsin təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi, mülkiyyət hüququnun qorunması məqsədi ilə qanunverici yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrinin istismarının, yol hərəkətinin xüsusi qaydalarını təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 19 may tarixli Qərarı). “Yol hərəkəti haqqında” Qanunun 2-ci maddəsi ilə yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsasları və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqları və vəzifələri müəyyən edilir. Qanunun nəqliyyat vasitələrinin dövlət qeydiyyatını tənzimləyən 27-ci maddəsində göstərilmişdir ki, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər müəyyən edilmişdir. Fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə göstərilmişdir. Ümumi mülkiyyət hüququ ilə bağlı qeyd edilməlidir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllənin 213.1-213.3-cü maddələri). Qanunverici ər-arvadın mülkiyyətinin iki hüquqi rejimini - ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyətini müəyyən etmişdir. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri kimi müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsi göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Göstərilənlər nəqliyyat vasitəsinin ər-arvadın birgə mülkiyyətində olmasını təsdiqləmək üçün onların ümumi mülkiyyət hüququ haqqında şəhadətnamənin sürücünün yanında olmasını tələb edir. Nəzərə alınmalıdır ki, sözügedən sənədin əldə edilməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələri ilə tənzimlənir. Qanunvericiliyin tələbinə görə, notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir. Sadalanan maddələrin əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq, həmin Məcəllənin 96.1.1, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən isə ər-arvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur. Eyni zamanda, mülki qanunvericilikdə əks olunmuş etibarnamə inistutu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib bilir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etməyərək bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (Mülki Məcəllənin 362.1 və 362.2-ci maddələri). Mülki Məcəllənin 359.3-cü maddəsinə uyğun olaraq, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınar əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır... Məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 27 iyul 2025-ci il tarixdə, saat 10:10da “Toyota Prius (Hibrid) minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, məhz mülkiyyətçi olan arvadı X1 özü və ümumi mülkiyyət hüququna dair şəhadətnamə olmadan idarə etmişdir, hansı ki, bununla bağlı məsələyə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən yuxarıda göstərilən qaydada aydın şərh verilmişdir, X8 arvadı X4 tərəfindən 27 sentyabr 2021-ci il tarixdə notariat qaydada verilmiş etibarnamə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni əvəz etməməklə, orada aydın şəkildə əks olunmuşdur ki, bu etibarnamə nəqliyyat vasitəsinin idarə olunması hüququnu istisna edir. Təsadüfi deyildir ki, inzibati xətanın aşkar edilməsindən sonra, 27 iyul 2025-ci il tarixdə X8 arvadı X4 tərəfindən notariat qaydada nəqliyyat vasitəsini idarə etmək səlahiyyətli etibarnamə verilmişdir. Bunun özü də onu təsdiq edir ki, X11 müvafiq şəraitdə belə bir etibarnamənin tələb olunduğunu, əks halda inzibati məsuliyyət daşıdığını qəbul etmişdir. Buna baxmayaraq, aşkar olunmuş inzibati xətanı, bununla bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirmişdir, hansı ki, şikayətin həmin hissədə əsassız olması yuxarıda göstərilən qaydada müəyyən edilmişdir. Qərardan şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər isə əsassız olmaqla, öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X6 Azərbaycan Respublikası İXM-nin 342.1.3 və 332.1-ci maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X6 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 28 iyul 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3539/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3539/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver