Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-354/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 18 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 yanvar 2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman xanım müştəriyə qarşı nalayiq ifadələr səsləndirərək ona qarşı əxlaqsızlıq etmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolda, Şəxs tərəfindən ona qarşı nalayiq ifadələr səsləndirilərək əxlaqsızlıq edildiyi qeyd olunan xanım müştərinin kim olması barədə məlumat qeyd olunmamışdır, ümumiyyətlə həmin xanım müştərinin aidiyyəti üzrə polis orqanına yazılı ərizəsi, DİN-nin zəng xidməti mərkəzinə müraciəti mövcud deyildir, həmin şəxsin törədilməsi ehtimal olunan inzibati xəta, işin faktiki halları ilə bağlı yazılı izahatı alınmamışdır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi üçün ictimai qayda pozulmalıdır, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməlidir. Bu baxımdan, işin məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün qeyd olunan qaydada sübutların mövcud olması, toplanaraq protokolla birlikdə məhkəməyə təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla da, hazırda yoxlanılan materialın İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq tərtib edilmədiyi, natamam olduğu, işə baxılarkən tamamlamağın mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş 18 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-354/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-354/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver