Məhkəmə qərarları › İş №3(007)-3540/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3540/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3540/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 25 aprel 2024-cü il tarixli, EQ/ seriyalı, 20766851 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X4 şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlər vermişdir. Bununla əlaqədar şikayət baxılması üçün qəbul edilmiş, məhkəmənin 25 iyul 2024-cü il tarixli qərardadı ilə qərardan şikayət verilməsi nəzərdə tutulan prosessual müddət bərpa edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 25 aprel 2024-cü il tarixdə saat 13:52 radələrində Bakı şəhəri, Z.Əliyeva küçəsində “Ford Fusion” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməmişdir. Həmin vaxt o, Türkiyə Respublikasında olmuş və təyyarə ilə Bakıya 17 iyul 2024-cü il tarixdə gəlmişdir. Avtomobili isə bacısı X2 idarə etmişdir. Onun heç bir xəbəri və məlumatı olmadan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 3(007)-1088/2024 saylı qərarı ilə İXM-nin 529.3cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Asan xidmətdə sürücülük vəsiqəsini dəyişdirmək istəyərkən məlum olmuşdur ki, idarə etmə hüququ məhdudlaşdırılıb. Bununla bağlı heç bir cəriməsi olmadığına görə Nizami Rayon Məhkəməsinə vəsatət vermişdir. BDYPİ-si tərəfindən yuxarıda qeyd etdiyi protokol əsasında onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməldir. Belə ki, BDYP-in xx.xx.2024-cü il tarixli, EQ/20766851 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarda inzibati xətanın mövcudluğunu təsdiq edən hər hansı bir sübut öz əksini tapmır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilibtörədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati təndeh qərarı çıxarmışdır. İlk öncə səlahiyyətli orqanın qərarına nəzər yetirərkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsula, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi halda belə bir qərarın İXM-nin tələblərinə uyğün çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edilə bilməz. Göstərilənlərə əsasən, BDYP-in xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və sözügedən inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemində yerləşdirmiş inzibati cərimə məbləğinin silinməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 25 aprel 2024-cü il tarixli, EQ/ seriyalı, 20766851 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 25 aprel 2024-cü il tarixdə saat 13:52-də ünvan 1 ünvanında “Ford Fusion minik” markalı **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “dayanma qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdutlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” nəticəsində Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3cü maddələri ilə inzibati xətanı törətməyə görə barəsində 300 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -X3 məxsus pasportda aparılmış və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid ştampla təsdiq edilmiş qeydlərdən, eləcə də “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yoxlama zamanı həmin şəxsə aid “Sərhədkeçmə məlumatları”ndan əldə edilmiş çıxarışdan görünür ki, X4 17 oktyabr 2023-cü il tarixdə “Heydər Əliyev” Beynəlxalq Aeroportundan keçməklə İstanbul istiqamətində ölkə sərhədindən çıxmış, 17 iyul 2024-cü il tarixdə Ankara istiqamətindən “Heydər Əliyev” Beynəlxalq Aeroportundan keçməklə ölkəyə gəlmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X4 tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 25 aprel 2024-cü il tarixli, EQ/ seriyalı, 20766851 nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa görə, X4 25 aprel 2024-cü il tarixdə saat 13:52-də ünvan 1 ünvanında “Ford Fusion minik” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələri ilə inzibati xətanı törətməyə görə barəsində inzibati qaydada tənbeh tətbiq edilmişdir. Halbuki, X4 17 oktyabr 2023-cü il tarixdə “Heydər Əliyev” Beynəlxalq Aeroportundan keçməklə İstanbul istiqamətində ölkə sərhədindən çıxmış, 17 iyul 2024-cü il tarixdə Ankara istiqamətindən “Heydər Əliyev” Beynəlxalq Aeroportundan keçməklə ölkəyə gəlmişdir. Bununla da, müəyyən olunmuşdur ki, X4 17 oktyabr 2023-cü il tarixdən 17 iyul 2024-cü il tarixədək olan müddətdə, o cümlədən inzibati xətanın törədildiyi hesab olunan 25 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasında olmamış, ölkə sərhədlərindən kənarda olmuşdur, ona görə o, inzibati xəta törətmiş şəxs hesab oluna, buna görə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, o, ölkə sərhədlərindən kənarda olduğu halda ölkə daxilində 25 aprel 2024-cü il tarixdə inzibati xəta törətmiş şəxs hesab oluna bilməz, ona görə də X4 həmin xətaya münasibətdə inzibati xəta hadisəsi törətməmiş sayılmaqla mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə şikayətin “Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemində yerləşdirmiş inzibati cərimə məbləğinin silinməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mübahsiələndirilən qərar ləğv olunduğu halda həmin məsələnin müzakirəsi və qərar qəbul edilməsi üçün əsaslar yoxdur Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələri ilə 300 manat məbləğində inzibati cərimə edilməsinə dair 25 aprel 2024-cü il tarixli, EQ/seriyalı, 20766851 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar