Məhkəmə qərarları › İş №3(007)-3541/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3541/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3541/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, zərərçəkmiş şəxs Rashad Baıramovun (Zərərçəkmiş şəxs), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 142-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonunda nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 2025-ci ilin iyul ayının sonlarında Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Socar”a aid yanacaqdoldurma məntəqəsinin daxilində fəaliyyət göstərən “Coffe Line” köşkündə satıcı işləyən Rashad Baıramova (Zərərçəkmiş şəxs) üzərində “Etibarsızdır” sözləri yazılmış 03 ədəd 50 ABŞ dolları əskinası Azərbaycan manatına dəyişmək adı ilə verib əvəzində ondan 200 AZN pul almaqla, dələduzluq yolu ilə özgəsinin əmlakını xırda talayıb zərərçəkmiş şəxsə 200 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 2025-ci ilin iyul ayının sonlarında Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Socar”a aid yanacaqdoldurma məntəqəsinin daxilində fəaliyyət göstərən “Coffe Line” köşkünə yazınlaşmış, orada satıcı işləyən Rəşad adlı şəxsə onda olan 03 ədəd 50 ABŞ dolları pulu manata dəyişmək istədiyini deyib əvəzində 200 AZN istəmişdir. Rəşad onun təkilifi ilə razılaşmış və üzərində “Etibarsızdır” sözü yazılmış həmin 03 ədəd 50 dollarlıq pul əskinasını ondan alaraq baxmadan cibinə qoymuş, əvəzində ona 200 AZN pul vermişdir. O, həmin etibarsız pulları “28 May” metrosu yaxınlığında xatırlamadığı köşkdən almış, evində xəstəsi olduğundan pula ehtiyacı olduğu üçün bu əməli törətmişdir. Maddi imkanı olmadığına görə dəymiş ziyanı ödəyə bilmir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Rashad Baıramov (Zərərçəkmiş şəxs) izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Socar”a aid yanacaqdoldurma məntəqəsinin daxilində fəaliyyət göstərən “Coffe Line” köşkündə satıcı işləyir. 2025-ci ilin iyul ayının sonlarında adını Nemət kimi təqdim edən, sonradan tanıdığı Şəxs ona yaxınlaşmış, onda olan 03 ədəd 50 ABŞ dolları pulu manata dəyişmək istədiyini deyib əvəzində 200 AZN istəmişdir. O, razılaşıb Nemətə 200 AZN pul vermiş, Nemət də 03 ədəd 50 ABŞ dolları pulu ona verərək çıxıb getmişdir. Həmin vaxt işi çox olduğu üçün pula baxmadan cibinə qoymuş, təxminən 20-25 dəqiqə sonra baxanda hər üç 50 dollarlıq pul əskinasının üzərində “Etibarsızdır” sözü yazıldığını görmüş və aldadılaraq pulunun ələ keçirildiyini başa düşmüşdür. Nəticədə ona 200 manat miqdarında maddi ziyan dəymişdir. Polisə məlumat vermiş, araşdırma zamanı dələduzluq əməlini törətmiş Şəxs müəyyən olunaraq saxlanılmışdır. Həmin şəxs dəymiş ziyanı ödəmədiyinə görə şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçılarının 03 avqust 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsə xırda talama yolu ilə zərər vurmuş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 23-cü PB-nə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 avqust 2025-ci il tarixli raportdan və proktokoldan görünür ki, sözügedən material üzrə oğurluq əməlini törətmiş Şəxs həmin tarixdə saat 14:15-də müəyyən edilmiş və inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 03 avqust 2025-ci il tarixdə saat 14:15-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, üzərində “Etibarsızdır” sözləri yazılmış 03 ədəd 50 ABŞ dolları əskinası saxlama müddəti ərzində iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş qaydada müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə dəymiş zərərin əvəzi ödənilməmişdir, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 03 avqust 2025-ci il saat 14:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-in İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Üzərində “Etibarsızdır” sözləri yazılmış 03 ədəd 50 ABŞ dolları əskinası saxlama müddəti ərzində iş materiallarında saxlanılsın. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar