Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3542/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, qərardan şikayət vermiş X3, onun nümayəndəsi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndələri X2, X8 və X6 iştirakları ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 18 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin 18 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs kimi AR İXM 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. Sözügedən qərarı o, 30 iyul 2025-ci il tarixində əldə etmişdir. İnzibati araşdırma baş direktor kimi çalışdığı "xxxx" QSC (VÖEN: **********) barəsində aparılmış, araşdırmanın əsası DİN tərəfindən təqdim edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldıqları halda Şahid1, X18, Şahid4, Şahid3, Şahid6, Şahid2 adlı şəxslərlə “Əmək və məşğulluq” alt sistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi ilə bağlı olmuşdur. "xxxx" QSC işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bir çox layihədə podratçı kimi xidmət göstərir. Yuxarıda adı keçən şəxslər "xxxx" QSC-nin əməkdaşları olmuş, onların hər biri ilə əmək müqaviləsi bağlanmışdır. Onlara podratçı kimi çıxış etdikləri layihələrdə işləmək məqsədi ilə işğaldan azad edilmiş ərazilərdə iş üçün müvafiq portaldan sifarişçiləri (Azərenerji ASC) vasitəsi ilə iş icazəsi alınmışdır. Lakin sonradan həmin əməkdaşlarla əmək müqaviləsinə xitam verilmiş və işğaldan azad edilmiş ərazilərə iş icazələrinə xitam verilməsi üçün siyahı xx.xx.2025-ci il tarixində həmin iş icazələrini alan sifarişçilərinə təqdim edilmişdir. Sistemdə baş vermiş xətaya görə həmin şəxslərin adlarının siyahıda deaktiv edilməsi sifarişçiləri tərəfindən mümkün olmamışdır (lakin sonradan həmin şəxslərin adı portalda deaktiv edilmişdir). Adı keçən şəxslər əmək müqaviləsinə xitam verildikdən sonra hər hansı işə cəlb edilməmişdir (bu faktı həmin şəxslər özləri də təsdiq edə bilər). Lakin qeyd edilənlərə baxmayaraq, AR ƏƏSMN yanında X10 Xidməti Bakı Şəhər İdarəsi inzibati araşdırmanı düzgün aparmamış, "xxxx" QSC barəsində əsassız protokol tərtib edərək inzibati tənbehin verilməsi üçün Nizami Rayon Məhkəməsinə göndərmiş, vəzifəli şəxs kimi onun barəsində isə özü qanunsuz qərar qəbul edərək 3000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq etmişdir. O, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil, hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən ləvğ edilməlidir. İnzibati orqan öz icraatını düzgün aparsaydı ƏMAS sistemində görə bilərdi ki, adı keçən şəxslərlə vaxtilə əmək müqaviləsi mövcud olmuş və onlara xitam verilmişdir. Həmçinin orqan həmin şəxslərin özlərini dəvət edib izahatlarını alsaydı məlum olacaqdı ki, əmək müqaviləsinə xitam verildikdən sonra onlar hər hansı işə cəlb edilməmişlər. Həmçinin araşdırma düzgün aparılsaydı, onların adının DİN portalında işğaldan azad edilmiş ərazilərə iş icazəsi aktiv statusunda görünməsinin texniki bir problem olması, adların aktiv olması həmin şəxslərin əmək müqaviləsiz işə cəlb edilməsi anlamına gəlmədiyi aydın olacaqdı. Eyni inzibati icraatın nəticəsində, AR ƏƏSMN yanında X10 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" QSC barəsində 192.1-ci maddəsi ilə tərtib edilmiş protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(007)2322/2025-ci il tarixli qərarı ilə "xxxx" QSC-ni təqsirsiz bilinmiş, iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta hadisəsinin olması sübuta yetirilmir və onun əməllərində AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta tərkibi və əməldə onun təqsiri yoxdur. Tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin, AR ƏƏSMN yanında X10 Xidməti Bakı Şəhər İdarəsi bu faktı nəzərə almamış və onu vəzifəli şəxs kimi AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X9 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə etmiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, vətəndaşlardan bəziləri əmək müqaviləsinə xitam verildikdən sonra Qarabağa keçmişlər. İş ətraflı araşdırılmış və tənbeh tətbiq olunmuşdur. Həmin qərar qanuni və əsaslıdır. X3 şikayəti əsassız olduğundan şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndələri X8 və X11 digər nümayəndənin dəlillərini müdafiə etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişlər. Şahid qismində dindirilməli olan Şahid3 məhkəmə iclaslarında bilavasitə iştirak etməmiş, işin faktiki halları nəzərə alınaraq, “WhatsApp” proqramı vasitəsi ilə həmin şəxslə əlaqə saxlanılaraq məhkəmə iclasına qoşulması təmin edilmiş, həmin qaydada verdiyi izahatında o, göstərmişdir ki, ona sosial sənəd göndərilmişdir. Məktub əsasında yazılar vardır. 09 aprel 2024-cü il tarixdə onunla əmək müqaviləsi bağlanılmış, 09 yanvar 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Protokol isə bundan sonra, 18 fevral tarixində tərtib edilmişdir. Şahid qismində dindirilməli olan Şahid6 məhkəmə iclaslarında bilavasitə iştirak etməmiş, işin faktiki halları nəzərə alınaraq, “WhatsApp” proqramı vasitəsi ilə həmin şəxslə əlaqə saxlanılaraq məhkəmə iclasına qoşulması təmin edilmiş, həmin qaydada verdiyi izahatında o, göstərmişdir ki, onunla telefonda “Sima” vasitəsi ilə 24 dekabr 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Lakin onlara deyilən iş verilməmiş, işlə təmin edilməmişlər. Ayın 11-15 arası 10 gün müddətinə Xankəndinə getmişlər və qayıtmışlar. O, kafel-metlak ustasıdır. Materialı ona göstərmişlər, lakin iş verməmişlər. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, qərardan şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" QSC-nin 28 aprel 2025-ci il tarixli, 01/25 nömrəli görünür ki, "xxxx" QSC-də qaynaqçı vəsifəsində işləyən Şahid3 ilə bağlanmış 04 dekabr 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən 09 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; - 07 yanvar 2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC-də işləyən Şahid6 ilə bağlanmış 05 noyabr 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən 07 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; - 07 yanvar 2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC-də işləyən Şahid2 ilə bağlanmış 05 noyabr 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən 07 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; - 09 yanvar 2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC-də işləyən Haşımov X12 ilə bağlanmış 04 dekabr 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən 09 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; - 09 yanvar 2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC-də işləyən Şahid1 ilə bağlanmış 04 dekabr 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən 09 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; - 09 yanvar 2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC-də işləyən Şahid4 ilə bağlanmış 04 dekabr 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən 09 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 18 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" QSC tərəfindən Şahid6, Şahid2 xx.xx.2025-ci il tarixdən, Şahid3, Şahid4, Haşımov X12, Şahid1 isə xx.xx.2025-ci il tarixdən protokol tərtib edilən günə, xx.xx.2025-ci il tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edildiyinə görə, QSC-nin direktoru X9 barəsində 04 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli 3(103)-2881/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hüquqi şəxs "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2322/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə belə nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, “...birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X1 inzibati xəta haqqında protokol tərtib edərkən işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırmalı olduğu halda, iş üzrə səthi araşdırma apararaq "xxxx" QSC tərəfindən Şahid6, Şahid2, Şahid3, Şahid4, Haşımov X12 və Şahid1 iş icazələri alındıqdan sonra qeyd olunan işçilərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olub-olmamaları, daxil olublarsa hansı rayonda işlərin icrasına cəlb olunubolunmamaları araşdırılmamış, cəlb olunduqları iş yerinin audio-video çəkilişi aparılmamış, həmin şəxslərin yazılı izahatları alınmamış və digər müvafiq sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə Şahid6, Şahid2, Şahid3, Şahid4, Haşımov X12 və Şahid1 məhz "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələrinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan Şahid6, Şahid2, Şahid3, Şahid4, Haşımov X12 və Şahid1 "xxxx" QSC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Təqdim olunan sübutlara münasibətdə qeyd edilmişdir ki, "xxxx" QSC tərəfindən Şahid6, Şahid2, Şahid3, Şahid4, Haşımov X12 və Şahid1 işçi icazəsi alınmaları barədə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas vermir...” Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" QSC-nin rəhbəri, vəzifəli şəxs qismində X3 ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə X10 Xidmətinin Bakı şəhər idarəsinin qərarının qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. "xxxx" QSC ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs X7 münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə onun əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" QSC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 18 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3542/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3542/2025
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver