Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3544/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.6-cı maddələri ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon DYPŞ-dən daxil olmuş 26 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 26 iyul 2025-ci il tarixdə saat 09:47-də “Opel Astra minik” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd ediıməlidir ki, inzibati xəta haqqında protokol inzibati xətalar qanunvericiliyinin tələblərinə cavab vermir, inzibati xətanın mahiyyəti, Şəxs İXM-nin 332.4 və 327.6-cı maddələrində göstərilən məhz hansı inzibati xətanı törətməsi göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələrinin izah edilməsi protokolla öz təsdiqini tapmamışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolla tanış edilməmiş, protokolun surəti ona verilməmiş və ya poçt vasitəsi ilə göndərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Bununla bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulan qaydada törədilməsi ehtimal edilən inzibati xətaya görə inzibati həbs nəzərdə tutulduğu halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə gətirilməmişdir. Şəxs barəsindəki sözügedən inzibati xəta haqqında protokol 26 iyul 2025-ci il tarixdə tərtib edilsə də, bundan başqa müvafiq şəxslərin izahatı alınsa da və müvafiq materiallar toplansa da, İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulan qaydada, törədilməsi ehtimal edilən inzibati xətaya görə inzibati həbs nəzərdə tutulduğu halda, tərtib edilməsindən dərhal sonra protokolun məhkəməyə göndərilməsi və ya təqdim olunması təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, törədilməsi ehtimal edilən inzibati xətaya görə inzibati həbs nəzərdə tutulduğu halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə gətirilmədiyi, o cümlədən inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar sənədlərin əsli olmamaqla, natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq nəzərə alınmalıdır ki, İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə həmin hissədə materialın məhkəməyə göndərilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.6-cı maddələri ilə tərtib edilmiş 26 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3544/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3544/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver