Məhkəmə qərarları › İş №3(007)-3582/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3582/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3582/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu Xırdalan şəhəri, 114 H/H-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 166, mənzil 11-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.7 və 327.8-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 10 iyun 2025-ci il tarixdə saat 20:07-də idarə etdiyi “Runna minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə üzü Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi istiqamətində 2-ci zolaqla təxminən 30-40 km/saat sürətlə hərəkətdə olduğu zaman yol hərəkəti qaydalarını pozaraq avtomobilin qabaq hissəsi ilə, piyadalar üçün nəzərdə tutulmuş yolda piyadaya yol verən Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha FZS” markalı, 99-C-528 dövlət qeydiyyat nişanlı mopedin arxa hissəsi ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 10 iyun 2025-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi “Runna” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu Q.Qarayev prospekti ilə üzü Xətai rayonu M.Hadi küçəsi istiqamətində 2-ci zolaqla təxminən 30-40 km/saat sürətlə hərəkətdə olduğu zaman qəflətən qarşısında hərəkət edən motosiklet piyadaya yol verdiyi üçün avtomobilin surətini tam şəkildə dayandırmış, həmin anda o, ara məsafəsini gözləyə bilməmiş və avtomobilinin ön hissəsi motosikletin arxa hissəsinə dəymişdir. Hadisə zamanı motosikletin sürücüsü yıxılmış və o, dərhal avtomobili hadisə yerində saxlayıb aşağı düşüb həmin motosikleti idarə edən şəxsə yaxınlaşmış, onu yerdən qaldırmış və öz mobil nömrəsi ilə DİN-in 102 xidmətinə zəng vurub olanlar barəsində məlumat vermişdir. Daha sonra təcili tibbi yardıma zəng vurub onları hadisə yerinə dəvət etmişdir. Təcili tibbi yardım hadisə yerinə gələrək motosikleti idarə edən şəxsi Sabunçu xəstəxanasına aparmışdır. Hadisə yerinə gələn polis işçiləri hadisə yerini müayinə edib şəkilləri çəkdikdən sonra onu narkoloji dispanserə aparmışlar. Bundan sonra o, Sabunçu xəstəxanasına getmiş və orada sonradan adını öyrəndiyi Elşadın öz dostları ilə deyib-güldüyünü görmüşdür. Həkimlər Elşada ilkin tibbi yardım göstərdikdən sonra onu evə buraxmışlar. Sonradan o, Elşada dəfələrlə zəng vurmuş və hətta özü ilə görüşmüş, onun əgər müalicəyə ehtiyacı varsa hər birini etdirməyə hazır olduğunu bildirmiş, lakin Elşad müalicəyə ehtiyac olmadığını bildirərək sadəcə ondan 3000 manat pul tələb etmiş, vermədiyi halda onu məhkəmə ilə hədələmişdir. Elşadın anası da ona zəng vurub 3000 manat pul tələb etmişdir. Lakin bu məbləğin hansı əsasla tələb edildiyi ona aydın olmamışdır. Əməlindən səmimi peşmandır, Vətən müharibəsinin veteranıdır, himayəsində azyaşlı uşağı vardır. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının təşkili ilə bağlı mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, barışıq olmadığını və hadisəni törədən Şəxs şikayətçi olduğunu göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, o, 10 iyun 2025-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi “Yamaha FZS” markalı, 99-C-528 dövlət qeydiyyat nişanlı avtomobili ilə Nizami rayonu Q.Qarayev prospekti ilə üzü Xətai rayonu M.Hadi küçəsi istiqamətində 2-ci zolaqla təxminən 30 km/saat sürətlə hərəkətdə olan zaman qarşıda piyadalar üçün nəzərdə tutulmuş yolda piyadaların yolu keçməsi səbəbindən o, motosikleti tam şəkildə dayandırıb piyadalara yol verən zaman qəflətən gözləmədiyi anda motosikletinin arxa hissəsinə “Runna” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil çırpılmışdır. Nəticədə o, motosikletdən yerə yıxılmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə zamanı onun idarə etdiyi motosikletə də maddi ziyan dəymişdir. Hadisədən sonra o, təcili tibbi yardım stansiyasının avtomaşını ilə 3 saylı Sabunçu xəstəxanasına aparılmışdır. Orada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmiş və həkimlər onun yaxşı vəziyyətdə olduğunu deyərək onu evə buraxmışlar. Halbuki onun vəziyyəti heç də yaxşı olmamışdır, bütün bədən nahiyyələri hal-hazırda çox şiddətli dərəcədə ağrıyır. Qarşı tərəf avtomobil sürücüsü barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 iyun 2025-ci il tarixli, 639 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs hər iki dirsək oynağının, sol bel nahiyyəsinin, sol diz oynağının sıyrıqları, hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, HK/1-349 nömrəli araşdırma materialı üzrə baş vermiş hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası İXM-nin 32.1ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.7-ci maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar