Məhkəmə qərarları › İş №3(007)-36/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-36/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-36/2023 05.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi ev 7, mənzil 40da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ev 56, mənzil 29-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 11 dekabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 16 iyul 2022-ci il tarixdə saat 18:25 radələrində idarə etdiyi “BMW 528İ minik” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Monte Karlo” şadlıq saryının qarşısında şəhər istiqamətində hərəkətdə olarkən həmin prospektdə qarşısında eyni istiqamətdə hərəkətdə olan, həmin anda işıqforun qırmızı işığında gözləyən “Blazer XR50” markalı mopedi avtomobilinin yan sağ güzgüsü ilə vurmuş, nəticədə mopedi idarə edən Zərərçəkmiş şəxs yerə yıxılaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 2022-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə saat təxminən 00:30 radələrində idarə etdiyi “BMW 528İ” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nizami rayonu, Babək prospekti ilə üzü Y.Səfərov küçəsi istiqamətində təxminən 80 km/saat sürətlə hərəkətdə olan zaman qarşısında işıqforun yaşıl işığı yandığı zaman 1-ci zolaqla hərəkətini davam etdirmək istəmiş, bu vaxt qəflətən, gözləmədiyi anda idarə etdiyi avtomobilin sağ yan güzgüsü ilə ondan sağ istiqamətdə dayanmış vəziyyətdə olan mopedin sol tutacaq hissəsinə toxunmuş, nəticədə həmin mopedi idarə edən şəxs yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb aşağı düşmüş, həmin şəxsi öz avtomobilinə əyləşdirmiş, mopedi isə “Monte Karlo” şadlıq sarayının qarşısında saxlamış və xəsarət alan mopedin sürücüsünü, sonradan tanıdığı Zərərçəkmiş şəxs 5 saylı xəstəxanaya aparmışdır. Xəstəxanada içəri daxil olduqda Yaşarın yıxıldığı barədə məlumat vermiş, lakin onlara Travmatologiya institutuna getməli olduqlarını demişlər. Yaşar isə bundan imtina edərək ağrılarının keçdiyini, xəstəxanaya yox, mopedinin yanına getmək istədiyini demişdir. Ona görə Yaşarı dediyi yerə aparmış, öz mobil nömrəsini ona vermiş, həm də maddi köməklik etmişdir. Lakin Yaşar heç nəyə ehtiyac olmadığını, mopedi idarə edərək evə gedəcəyini demişdir. Gecə Yaşar onun mobil telefonuna ayağı gipsdə olan formada şəkil atmış, dərmanlar lazım olduğunu bildirmişidir. 17 iyul 2022-ci il tarixdə o, Yaşarla görüşərək bütün dərmanları alıb təhvil vermiş, əlavə olaraq 200 manat da pul vermiş və yenə də ehtiyacı olduğu halda ona müraciət etməsini təklif etmişdir. Təxminən 2 gün sonra Yaşara əlavə olaraq 50 manat pul və dərmanlarını alıb vermişdir. Bunlara baxmayaraq 25 iyul 2022-ci il tarixdə Yaşar yenidən zəng vuraraq ondan 1000 manat pul istəmişdir. O, 29 iyul 2022-ci il tarixdə 500 manat aylıq məvacibini aldıqdan sonra bu məbləği verəcəyini, yerdə qalan pulu isə 3-4 günə düzəldəcəyini dedikdən sonra Yaşar əvvəlcə razılaşmış, lakin sonradan ona etiraz edərək pulu bütöv şəkildə təcili istəmişdir. O, hazırda imkanı olmadığını bildirdikdə, Yaşar onun sözlərinə məhəl qoymayaraq ondan şikayət edəcəyini bildirmişdir. Xətanın onun ehtiyatsızlığından baş verdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə maddi imkanı yol verdiyi qədər maddi köməklik göstərərək onunla razılıq əldə etməyə çalışdığını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Material üzrə təhqiqat zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 16 iyul 2022-ci il tarixdə saat təxminən gecə 01 radələrində idarə etdiyi “Blazer XR50” markalı mopedlə Nizami rayonu, Babək prospekti ilə hərəkət edərək Keşlə qəsəbəsinə getmək istədiyi zaman “Monte Karlo” şadlıq sarayının qarşısındaki işıqforun qırmızı işığında üçüncü zolaqda dayanmışdır, işıqforun yaşıl işığının yanmağını gözlədiyi zaman qəflətən ondan arxa istiqamətdə hərəkət edən “BMW” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil mopedinin arxa hissədən vurmuşdur. Hadisə nəticəsində mopeddən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Sonra həmin sürücü onu öz avtomobili ilə 5 nömrəli xəstəxanaya aparmış və orada ona polisə məlumat getməsin deyə yıxılaraq xəsarət alması barədə həkimlərə məlumat verməsini bildirmiş və bunun qarşılığında ona 1000 manat pul verəcəyinə söz vermişdir. O, avtomobilin sürücüsünün dediklərini etdikdən sonra həkimlərin köməkliyi ilə sol ayaq nahiyəsinə gips qoyulmuş və evinə getmişdir. Həmin şəxslə mütamadi olaraq istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlayıb pul istədikdə həmin şəxs ona hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışdır. Sonuncu dəfə 31 iyul 2022-ci il tarixdə onu avtomaşınla vuran Rasim adlı şəxsin ona heç bir yardım göstərməyəcəyini və “hara istəyirsən get şikayət et” sözlərini dedikdən sonra məcbur qalaraq bu barədə 102 xidmətinə məlumat vermişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 29 sentyabr 2022-ci il tarixli 15/679 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayaq barmaqlarının şişkinlik halında əzilməsi, sağ dirsəyin arxa səthinin və sağ dizin ön səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınması mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 sentyabr 2022-ci il tarixli 8/2231 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMW” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. İşdə olan 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, HK/1-467 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DPYŞ vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə müvafiq həddə maddi köməklik göstərərək onunla razılıq əldə etməyə cəhd etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar