Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3604/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonunun Bozpapaqlar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 iyun 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 26 iyun 2023-cü il tarixdə saat 16:23-də idarə etdiyi **-XX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S400 minik” markalı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə həmin nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs bundan əvvəl iş üzrə qəbul edilmiş qərardan verdiyi şikayətində avtomobilin dövlət qeydiyyat nişanının avtomobilin baqaj yerində olduğunu, onların saxlamasından sonra dövlət qeydiyyat nişanını yerinə bağlaması barədə göstərdiklərinin əsası yoxdur. Həmin sürücünün avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməsi tərəflərindən müəyyən edilərkən videogörüntü qeydə almaqla diskə köçürüb materiala əlavə etmişlər. Görüntülərlə də təsdiq olunur ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının üzərinə örtük çəkilmiş vəziyyətdə olmuşdur. Protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, **-XX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S400 minik” markalı avtomobil onun deyil, avtomobilin nömrəsinin açılıb baqaj yerinə qoyulmasından, nömrə yerinə örtük çəkilməsindən məlumatı olmamış, sadəcə avtomobili idarə etmişdir. Avtomobilin dövlət qeydiyyat nişanının baqaj yerində olmasını, onu YPX əməkdaşlarının yanında yerinə bağlamasını təsdiq edən videogörüntü onda yoxdur. Lakin qeyd etdiklərinə əsasən hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakları ilə iş materiallarına əlavə olunmuş 01 ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı inzibati xəta haqqında protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs izahatında göstərilənləri onun şəxsi mülahizələri kimi qəbul edərək qeyd edir ki, Şəxs dövlət qeydiyyat nişanının avtomobilin baqaj yerində olması, YPX əməkdaşlarının yanında nişanı yerinə bağlaması barədə irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır, qeydə alınmış videogörüntüdə belə hal aşkar olunmamışdır, videogörüntüdə yalnız **-XX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S400 minik” markalı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edilməsi öz əksini tapmışdır. Ona görə 26 iyun 2023-cü il tarixdə saxlanılan vaxt nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının yerində olmaması, əməlin həmin xətanın (İXM-nin 342.1.3-cü maddəsi) təsiri altına düşməsi barədə qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Bununla əlaqədar, məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən, yəni bəzək üçün olan örtük hal-hazırda mövcud olmamaqla dəyəri olmadığından həmin predmetin müsadirə edilməsi mümkün deyil, mövcud olmayan əşyanın müsadirəsi ilə bağlı qərar qəbul edilməsi isə onun icrasız qalması ilə nəticələnəcəkdir, ona görə inzibati xəta törətmiş şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiq olunması kifayət edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3604/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3604/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver