Məhkəmə qərarları › İş №3(007)-361/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-361/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-361/2021 26.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 4/8-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ DYPŞ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki xx xxxxxx 2020-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, barəsində tərtib olunmuş protokolda qeyd edilən ** NF *** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobili etibarnamə əsasında başqa şəxsə vermişdir, lakin qeydiyyatda onun adına qalmışdır. Hazırda həmin avtomobillə bağlı tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə cərimənin ödənildiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan və DİN-nin DYP “web portal”ından çıxarışdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:26-da idarə etdiyi “VAZ 21074 minik” markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 manat məbləğində cərimə edilmişdir. Dəbbə pulu ilə birlikdə borcu 64 manatdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. DİN-nin DYP “web portal”ından çıxarışdan görünür ki, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar üzrə cərimə dəbbə pulu ilə birlikdə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi tətbiq edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi tətbiq edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar