Məhkəmə qərarları › İş №3(007)-3610/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3610/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3610/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1965-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Şəxs xx.xx.2025-ci il tarixdə Çobanzadə küçəsində YPX əməkdaşının videogörüntüsünü çəkərək tabesizlik göstərmişdir”. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 06 avqust 2025-ci il tarixdə Nizami rayonu Çobanzadə küçəsində hərəkətdə olan zaman “Bona Dea” xəstəxanasına çatmamış yol polisləri onu saxlamış və qayda pozduğunu bildirmişlər. O isə, videogörüntü təqdim edilməsini istəmişdir. Lakin polis əməkdaşı videogörüntü olmadığını, qərarsız cərimə yazdığını bildirmişdir. O, polis əməkdaşının xidməti maşınının şəkilini çəkmişdir ki, onu hansı polis saxladığını bilsin. Bundan sonra yoluna davam etmişdir. Həmin vaxt getməli olduğu yerin yolunu axtarmışdır. Bir az irəlilədikdən sonra yolun əks istiqamətinə qayıtmış, videogörüntü ilə danışa-danışa bir neçə şəxsdən yol soruşmuş, daha sonra qarşıda dayanan YPX əməkdaşından yol soruşmuşdur. Polis əməkdaşı da elə bilmişdir ki, o, onu videogörüntüyə çəkir. Belə olduqda o, polis əməkdaşının maşınını şikayət etmək üçün çəkmişdir. Daha sonra YPX əməkdaşı post-patrul xidmətini çağırıb onu 25-ci polis şöbəsinə aparmışdır. Hansı ki, o, polislərə və ya ətrafda olan şəxslərə qarşı xuliqanlıq və ya polislərin tələblərinə tabesizlik hərəkətlərinə yol verməmişdir. Özü 1-ci Qarabağ döyüşlərində iştirak etmişdir, ikinci qrup əlildir. Qeyd olunanlara əsasən işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X5 izahatında göstərmişdir ki, 06 avqust 2025-ci il tarixdə saat 10:30 radələrində Mehdi Abbasov küçəsində xidmətdə olarkən “Kia” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol nişanının tələbini pozduğu üçün tərəfindən saxlanılmışdır. Yaxınlaşıb özünü sürücüyə təqdim etmiş və qayda pozuntusunu izah etmişdir. Sürücü protokolla razı olmadığı üçün protokol üzrə qərar çıxarmamış, hüquq və vəzifələrini izah etmiş, sonra protokolun nüsxəsini təqdim ona etməsi üçün gözləməsini bildirmişdir. Lakin sürücü hərəkətini davam etdirmişdir. Digər sürücünü saxlayıb tədbir gördüyü zaman həmin sürücü geriyə qayıdıb xidməti fəaliyyətlərinə müdaxilə etməyə başlamış, onları videogörüntüyə çəkməyə başlamışdır. Onlar sürücüyə bildirmişlər ki, etdiyi əməl qanunaziddir. Lakin sürücü yenə bu hərəkətlərinə davam etmişdir. Onlar öz növbələrində rabitə vasitəsi ilə məlumat vermiş, PPX-dan köməyə naryad çağırmışlar. Daha sonra sürücünü 25-ci PŞ-nə dəvət etmiş, raport yazmaqla barəsində tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti baş inspektoru X6, şahid R.Ə.Museyibli ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol, həmin şəxsin 06 avqust 2025-ci il tarixdə xırda xuliqanlıq etməsi və polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin baxılan işdə qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmiş, Şəxs 06 avqust 2025-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, xırda xuliqanlıq edərək ictimai qaydanı pozan hərəkətlərə yol verməsi ilə müşayiət olunan xətaya yol verməsi öz təsdiqini tapmamışdır. Hansı ki, inzibati xəta haqqında protokolun özündə inzibati xətanın mahiyyəti düzgün, o cümlədən şəxsin xırda xuliqanlığa yol verməsi ilə bağlı hər hansı məlumat, sübut göstərilməmişdir, buradan da aydın olur ki, inzibati araşdırma zamanı belə, şəxsin qeyd olunanlarla müşayiət olunan xətanı törətməsi, onun məhz hansı hərəkətlərinin qeyd olunan maddələrin təsiri altına düşməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalı, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları üçün) Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar