Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3618/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Laçın rayonunun Bülöylük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə sənədlərə əsasən Şəxs 06 avqust 2025-ci il tarixdə, saat 13:00 radələrində “Azəriqaz” İstehsalat Birliyində qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər-mütəxəssis vəzifəsində işləyən Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən 16 nömrəli mənzilə texniki baxış üçün daxil olduqdan sonra həmin yaşayış sahəsindən qeyriyaşayış sahəsi (ofis) kimi istifadə olunduğunu müəyyən edib, texniki şərtlərə uyğun olmadığından irad bildirməsinə görə əvvəlcə mənzilin daxilində onun üzərinə qışqırmış, Zərərçəkmiş şəxs bayıra çıxmasından sonra binanın girişində və həyətində onun ünvanına nalayiq söyüşlər işlədərək səs-küy salmış, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs müraciəti əsasında həmin yerə gəlmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X3 onun bu ictimai qaydanı pozan hərəkətlərinin qarşısını almaq istəyən zaman ümumilikdə polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər işlədərək səs-küy salmış, ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərini davam etdirmiş və onu sakitliyə, nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 06 avqust 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən 16 nömrəli mənzilə texniki baxış üçün “Azəriqaz”ın iki xanım əməkdaşı gəlmişdir. Həmin xanımlar mənzilə baxış keçirmiş, qaz alətlərinə dair hər hansı iradları olmamışdır. Lakin mənzildən çıxarkən onlardan biri demişdir ki, ondan şikayət edəcəklər, belə ki, mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir. O isə, buna dair rəsmi icazəsi olduğunu deyib çıxıb getmələrini tələb etmişdir. Bu zaman aralarında mübahisə yaranmış, Müjgan xanımla mübahisə etmişdir. Qəbul edir ki, həmin xanıma qarşı əsəbi davranmış, onu təhqir etmişdir. Amma o, şəkər xəstədidir, əsəbi olduğuna görə bu hərəkəti etmişdir. Sonra isə polislərlə də arasında anlaşılmazlıq olmuşdur. Baş verənlərə görə səmimi peşmandır, Müjgan xanımdan və polis əməkdaşlarından üzr istəmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, “Azəriqaz” İstehsalat Birliyində qaz təsərrüfatında qəzabərpa işləri üzrə çilingər-mütəxəssis vəzifəsində işləyir. 06 avqust 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən mənzillərə texniki baxış keçirmişdir. Binanın 16 nömrəli mənzilinə texniki baxış üçün daxil olduqdan sonra həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunduğunu müəyyən edib, texniki şərtlərə uyğun olmadığından irad bildirmişdir. Mənzilin sahibi Şəxs buna görə mənzilin daxilində onun üzərinə qışqırmış, o, sakit formada bayıra çıxmışdır. Şəxs arxasınca gəlmiş, binanın girişində və həyətində onun ünvanına nalayiq söyüşlər işlədərək səs-küy salmış, əl atıb saçını yolmaq istəmişdir. Həmin vaxt iş yoldaşı Aytac da orada olmuş, bina sakinləri pəncərədən, balkondan və ətrafda olan tanımadığı şəxslər bunu görmüş və eşitmişlər, ona qarşı bu hərəkətləri hətta videoya çəkmişlər. O, həmin ərazidə olan polis əməkdaşını görüb onun yanına qaçmış, tez vəziyyəti izah edərək kömək istəmişdir. Polis əməkdaşı X3 hadisə yerinə gəlmiş, Şəxs isə bundan nəticə çıxarmamış, sakitləşməmiş, polislərin ünvanına da söyüşlər söymüş, polisin tələbinə tabe olmamışdır. Bundan sonra hadisə yerinə gələn polislər həmin şəxsi polis şöbəsinə aparmışlar. Şəxs ilə barışmaq fikri yoxdur, şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həmin vaxt hadisə yerində iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə olsa da, Şəxs ona qarşı xırda xuliqanlıq hərəkətinə yol verməmişdir, özünü zərərçəkmiş şəxs hesab etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, 06 avqust 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanında xidməti ərazidə olan zaman tanımadığı iki nəfər xanım ona yaxınlaşmış, ağlayaraq bir nəfər şəxsin onları söyüb təhqir etdiyini demiş, kömək istəmişlər. O, həmin yerə getmiş, Şəxs dəvət edərək məsələni aydınlaşdırmaq istəmiş, lakin həmin şəxs ətrafdakı şəxslərin, bina sakinlərinin eşitdiyi halda ümumilikdə polislərin ünvanına da söyüşlər söymüş, nizam-intizama əməl etməmiş, polis əməkdaşı kimi onun qanuni tələbinə tabe olmamışdır. Buna görə polis naryadı dəvət etmiş, həmin şəxsi 25-ci PŞ-nə təmin etmiş, raport yazmaqla barəsində tədbir görülməsini xahiş etmişlər. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 06 avqust 2025-ci il tarixdə saat 13:30-da faktiki olaraq saxlanılmışdır, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən) hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 06 avqust 2025-ci il, saat 13:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3618/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3618/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver