Məhkəmə qərarları › İş №3(007)-3641/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3641/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3641/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, X1 və protokol tərtib edən şəxs – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokoldan və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolundan və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin protokolun və qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinin silinməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində VAZ 2106 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Bakı şəhər DYPİ Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi əsas gətirilərək protokol tərtib edilmiş, protokol tərtib olunarkən ona qeyd olunan maddənin pozulmasına dair heç bir əsas təqdim edilmədiyindən və əsassız tərtib olunduğu üçün protokolu imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixində isə əsassız olaraq tərtib olunmuş adı çəkilən protokol üzrə qərar qəbul edilmiş və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin xx.xx.2023-cü il tarixində öz təşəbbüsü ilə "xxxx" MMC-nin mütəxəssisini cəlb etməklə və videoçəkilişlə qeydə alınmaqla qeyd olunan avtomobilə texniki baxış keçirilərkən İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində qeyd olunan nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan hər hansı bir dəyişiklik aşkar edilməmiş və bu barədə 07 nömrəli, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin mühəndis-məsləhətçisi S.M.Babayev tərəfindən müvafiq arayış tərtib edilmişdir. Həmin arayış BDYPİ-yə təqdim olunsa da, mütəxəssis tərəfindən tərtib olunan arayışa əhəmiyyət verməyərək müvafiq qərar qüvvədə saxlanılmışdır. Daha sonra o, Nizami Rayon Məhkəməsinə müraciət edərək barəsində qanunsuz olaraq tətbiq edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmiş, Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatında işə baxılaraq, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-2967/2023 saylı qərarı ilə Bakı şəhər X13 İdarəsi əməkdaşlarının müvafiq inzibati xəta haqqında qərarın qəbul edilməsində kobud prosessual pozuntulara yol vermələri, qərarın qəbul edilməsini əsaslandırmadıqları, avtomobilə onun iştirakı ilə baxılaraq hər hansı bir baxış aktı tərtib etməmələri kimi hallar müəyyən edilərək barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı qərar ləğv edilmiş və iş yenidən baxılması üçün geri qaytarılmışdır. Lakin, DYPİ əməkdaşları məhkəmənin müvafiq qərarı ləğv etməsi üçün əsaslandığı kobud pozuntuları aradan qaldırmaq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş müddət ərzində baxaraq iş üzrə qərar qəbul etmək əvəzinə işin baxılmasını qanunsuz və əsassız olaraq qəsdən uzatmış və yalnız xx.xx.2023-cü il tarixində yuxarıda qeyd olunan avtomobilə heç bir baxış keçirilmədən yenidən eyni məzmunlu qərar qəbul etmişlər. Həmçininn o, qeyd etdi ki, ona məxsus yuxarıda qeyd olunan nəqliyyat vasitəsi artıq 3 aydan artıq müddətdir ki, DYPİ əməkdaşlarının qanunsuz və əsassız əməllərinə görə duracaqda saxlanılmaqdadır. Buna görə də o, gündəlik işlərində bir çox çətinliklərlə üzləşir. Bu məsələ ilə bağlı o, şəxsən dəfələrlə Bakı şəhər X13 İdarəsinə gedərək işə yenidən baxılmasının tezləşdirilməsi, avtomobilə onun iştirakı ilə baxış keçirilməsi haqqında müraciətlər etsə də, ondan müxtəlif məzmunlu izahatlar almaqla kifayətlənmiş və müraciətlərimə heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Belə olan halda barəsində qanunsuz olaraq tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini, 3 aydan artıq müddətdir ki, əsassız olaraq duracaqda saxlanan ona məxsus VAZ 2106 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxarılaraq ona təhvil verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X6 bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-2967/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər BPİnin DYPİ-nə göndərilmişdir. Bundan sonra yenidən araşdırma aparılmış, şəxs dəvət edilərək izahatı alınmışdır. İnzibati xəta haqqında protokolun və qərarın qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokoluna əsasən X8 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Həmin protokol əsasından qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən X8 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 07 nömrəli Arayışın surətindən görünür ki, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən VAZ 2106 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin yaylarına baxış keçirilmiş, heç bir konstruksiya dəyişikliyi aşkar edilməmişdir. İş materiallarında olan və həmçinin sonradan şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edildi ki, şikayətçi və mütəxəssisin iştirakı ilə VAZ 2106 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir, baxış zamanı konstruksiya dəyişikliyi aşkar edilmir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, İXM-nin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Bunun üçün də mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində İXM-in 342.2.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar