Məhkəmə qərarları › İş №3(007)-3642/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3642/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3642/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, 26 yanvar 1958-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi ev 1B, mənzil 127-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 iyul 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 17 aprel 2023-cü il tarixdə saat 20:00-da tanışı X3 məxsus olan və özü yanında olsa da, sürücülük hüququ olmadan idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində üzü R.Rüstəmov küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən yolun “Porshe” avtomobil mağazasının qarşısından keçən hissəsində onunla eyni istiqamətdə hərəkət edərək piyada zolağının qarşısında dayanıb piyadaların həmin zolaqda hərəkətlərini başa çatdıraraq yolun boşalmasını gözləyən “Kia Rio minik” markalı 99-SN 897 dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vuraraq onunla toqquşmuş, zərbədən sonuncu avtomobil irəli atılmış və qabaq hissəsi piyada zolağının üzərində yolu sağdan sola adi addımlarla, yanbayan keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş, yol hərəkəti qaydalarını pozması nəticəsində həmin zərərçəkmiş şəxslərə dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi, dostu Elvirə məxsus “Chevrolet Cruze” markalı **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Koroğlu” metrostasiyasından Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsi ilə kəsişmə istiqamətində soldan birinci hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkət etmiş, həmin vaxt Elvir sərnişin kimi onun yanında oturmuşdur. Yolun “Porsche” avtomobil mağazasının qarşısından keçən hissəsində onunla eyni istiqamətdə qarşısında hərəkət edən “Kia Rio” markalı avtomobil qəflətən piyada zolağının qarşısında avtomobili saxladığı üçün aralarında olan məsafə az olduğundan avtomobili saxlaya bilməmiş, ehtiyyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə qarşısında dayanmış avtomobili arxasından vurmuşdur. Zərbənin təsirindən həmin avtomobil qabağa atılıb yolu sağdan sola keçən iki nəfər qadın piyadanı vurmuşdur. Avtomobildən düşdükdə ona məlum olmuşdur ki, həmin xanım piyadalar xəsarət almışlar. Buna görə o, həmin iki nəfər qadın piyadanı, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yoldan keçən digər nəqliyyat vasitəsinə mindirib xəstəxanaya yola salmış, özü isə həmin sürücü ilə hadisə yerində qalıb polis əməkdaşlarının hadisə yerinə gəlməsini gösləmişdir. Onun avtomobil idarə etmək üçün “BC” kateqoriya sürücülük vəsiqəsi olsa da, vəsiqənin vaxtının bitməsindən xəbəri olmamışdır. Əməlindən səmimi peşmandır, zərərçəkmişlərə vurduğu maddi ziyanı ödəyərək onlarla barışmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişləir, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti və işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmişlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, təhqiqat zamanı verdikləri izahatları elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 sözügedən izahatında göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evə getmək üçün iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsinin bir tərəfindən digər tərəfinə “Porsche” avtomobil mağazası istiqamətinə doğru piyada zolağı ilə adi addımlarla yanyana keçməyə başlamışlar. Yolun iki zolağını keçdikdən sonra hərəkət axımını iki hissəyə ayıran qoşa xəttə yaxınlaşdıqda onların solundan, yəni “Koroğlu” metrostansiyası istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin toqquşmasının səsini eşitmişlər. Bu vaxt həmin avtomobillərdən qabaqda olanı qabaq hissəsi ilə onlara dəydiyi üçün yerə yıxılaraq xəsarət almışlar. Yaxınlaşan sürücülərdən biri onları yerdən qaldırıb yol avtomobillərindən birinə mindirərək xəstəxanaya yola salmışdır. Sonradan ona məlum olmuşdur ki, “Koroğlu” metrostansiyası istiqamətindən hərəkət edən “Chevrolet Cruze” markalı avtomobil qarşısında dayanmış “Kia Rio” markalı avtomobili arxasından vurmuş, zərbədən sonuncu avtomobil qabaq hissəsi ilə onlara dəymişdir. Zərərçəkmiş şəxs2 sözügedən izahatında göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evə getmək üçün iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsinin bir tərəfindən digər tərəfinə “Porsche” avtomobil mağazası istiqamətinə doğru piyada zolağı ilə adi atdımlarla yanyana keçməyə başlamışlar. Yolun iki zolağını keçdikdən sonra hərəkət axımını iki hissəyə ayıran qoşa xəttə çatdıqda sollarından, yəni “Koroğlu” metrostansiyası istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin toqquşmasının səsini eşitmişlər. Bu vaxt həmin avtomobillərdən qabaqda olanı onlara dəydiyi üçün yerə yıxılaraq xəsarət almışlar. Yaxınlaşan sürücülərdən biri onları yerdən qaldırıb yol avtomobillərindən birinə mindirərək xəstəxanaya yola salmışlar. Sonradan ona məlum olmuşdur ki, “Koroğlu” metrostansiyası istiqamətindən hərəkət edən “Chevrolet Cruze” markalı avtomobil qarşısında dayanmış “Kia Rio” markalı avtomobili arxasından vurmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 28 aprel 2023-cü il tarixli 3-13-16/2-52829/2023 nömrəli məktubundan görünür ki, Şəxs 03 may 2011-ci il tarixdə (03 may 2021-ci il tarixədək etibarlı olan) sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Canlı şəxsin ekspertizasına dair 24 aprel 2023-cü il tarixli 340 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol baldırın arxa səthinin kəsilmiş yarası, sağ baldırın bayır səhinin və sağ sağrı nahiyyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan kəsilmiş yara iti kənara malik olan əşyanın, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Canlı şəxsin ekspertizasına dair 28 aprel 2023-cü il tarixli 365 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Keykavuz qızında sol göz ətrafının qançırı və sol qaşın qurtaracaq hissəsinin əzilmiş-cırılmış yarası, sağ əlin üst səthinin İİ əl-daraq nahiyyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin sol yarısının şişkinlik halında əzilməsi, boynun yuxarı şöbəsinin sol yarısının, sol dirsək nahiyyəsinin, sol dizin bayır səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 may 2023-cü il tarixli 8/1174 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Cruze” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə raiyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin srücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin 27 may 2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, hadisə baş verən zaman Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X4 əməlində məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyinə əsasən cinayət tərkibi olmadığındən barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, X1 Şəxs idarə etmək üçün avtomobil verməsinə baxmayaraq Şəxs sürücülük vəsiqəsinin müddətinin bitməsindən xəbəri olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir, bundan başqa, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar