Məhkəmə qərarları › İş №3(007)-3650/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3650/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3650/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 20 iyun 2024-cü il il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 20 iyun 2024-cü il il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 12 iyul 2024-cü il tarixli 3(006)-2640/2024 nömrəli qərardadı ilə, baxılmağa hazırlıq mərhələsindən, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi aidiyyət məsələsini müzakirə edib qərar qəbul edərkən belə nəticəyə gəlmişdir ki, qeyd olunan inzibati xəta hadisəsi Bakı şəhəri Nizami rayonu ərazisində törədildiyindən və X7 şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət vermədiyindən Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq, şikayətə inzibati xətanın törədildiyi yerin məhkəməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. İstinad olunan maddənin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayətin həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilməsi müəyyən edilmişdir. Şikayətdən, mübahisələndirilən qərardan və məhkəmə iclasında verilən izahatlardan aydın olur ki, şikayət vermiş şəxs X7 “M X11 Kredit Təşkilatı” MMC-nin İnsan resursları departamentinin böyük hüquqşünasıdır, o, MMC-nin vəzifəli şəxsi qismində işçi X2 ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən əmək qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunaraq cərimə növündə tənbeh edilmiş, həmin cərimə şərti olaraq tətbiq edilmişdir. Hansı ki, “M X11 Kredit Təşkilatı” MMC hüquqi ünvan üzrə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Svetlana Məmmədova (Rəsulzadə qəs.) ev 107-də qeydiyyata alınmışdır. Məhkəmə şikayətə mahiyyəti üzrə hüquqi qiymət vermədən diqqətə çatdırır ki, X7 hüquqi şəxsin rəhbərinin adından, verilmiş səlahiyyətlər çərçivəsində hərəkət etmişdir, mübahisənin əsasını hüquqi şəxslə işçi arasında mövcud olmuş əmək münasibətlərinin ehtimal olunan pozulması təşkil edir. Ona görə belə xarakterli xətalar məhz hüquqi şəxsin hüquqi ünvanında törədilmiş hesab olunur, materiala Nizami Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında isə göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Belə olan halda, hesab edirəm ki, inzibati xətalar qanunvericiliyində aidiyyətlə bağlı normalar nəzərdə tutulsa da, inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə öz qərarı ilə həmin işi məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməsi müvafiq norma ilə tənzimlənmədiyindən qanun analogiya üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar bir məhkəmədən digərinə əsaslandırılmış qərarla göndərilməlidir. Məhkəmə digər məhkəmədən aidiyyət qaydasında göndərilmiş cinayət işini və ya digər materialı mübahisəsiz, şərtsiz olaraq icraatına götürməlidir. Lakin, bu, heç də o demək deyildir ki, cinayət işini və ya digər materialı alan məhkəmə aidiyyət qaydaları pozulmuş olsa da belə, həmin işə və ya digər materiala hökmən baxmalıdır, çünki Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsi və CPM-in 29-cu maddəsi məhkəmə aidiyyətinin qanunsuz olaraq pozulmasını qadağan edir, həmin norma işin və ya digər materialın göndərildiyi məhkəməyə həmin işi və ya materialı geri qaytarmağı qadağan edir. Ona görə də işi və ya digər materialı digər məhkəmədən almış məhkəmə hazırlıq iclası zamanı işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə dərhal öz qərarı ilə həmin işi və ya materialı məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməlidir. Apellyasiya instansiyası məhkəməsinin sədri öz qərarı ilə həmin işi və ya digər materialı aid olduğu məhkəməyə göndərəcəkdir. İstinad olunan normaların tələblərini, Konstitusiya Məhkəməsinin Plenumunun şikayətə ərazi aidiyyəti üzrə hansı məhkəmə tərəfindən baxılmalı olması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsini şərh edərkən müəyyən etdiyi halları və gəldiyi nəticəni, eləcə də işin faktiki hallarını nəzərə alaraq, belə hesab edirəm ki, şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması üçün hər hansı hüquqi əsas yoxdur. X3 fiziki şəxs olaraq daha əvvəl Nizami rayonunda yaşaması, mübahisələndirilən məsələyə həmin yerin məhkəməsi tərəfindən baxılmasına əsas vermir, şikayətə məhz hüquqi şəxsin hüquqi ünvanının aid olduğu rayonun yurisdiksiyasında yerləşən məhkəmə tərəfindən baxılmalıdır. Lakin inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə, özünün materialı onu göndərmiş məhkəməyə və ya digər aidiyyəti məhkəməyə göndərməsi qanunla qadağan edilir, ona görə hesab edirəm ki, material məhkəmə aidiyyətinə dair məsələnin həlli üçün məhkəmənin yurisdiksiya üzrə aid olduğu Bakı Apellyasiya Məhkəməsinin sədrinə göndərilməlidir. Əlavə olaraq nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan məsələnin dəqiqləşdirilməsi məqsədi ilə əlavə araşdırma aparılmış və bu zaman aidiyyət qaydasının pozulduğu müəyyən edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 110, 112, 118 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 20 iyun 2024-cü il il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə dair material, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün, Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar