Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3656/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, protokol tərtib edən şəxsm Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Aqşin Gəncəliyevin iştirakları ilə, xx.xx.1976-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan MR, Şahbuz rayonu, Biçənək Ə/D Biçənək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında ictimai qaydanı kobud surətdə pozmuş nalayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-3657/2024 nömrəli qərardadı ilə Şəxs barəsində tərtib olunmuş MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilmişdir. Protokol tərtib etmiş 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Aqşin Gəncəliyev məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında vətəndaşa yaxınlaşmış, qeyd olunan yerdə tütün məmulatının istifadəsinin qadağan olunduğunu, barəsində protokol tərtib olunacağını bildirmiş, vətəndaş isə şəxsi məlumatlarını verməkdən imtina etmiş və səs-küy salmışdır. Onu nizam-intizama dəvət etsə də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu zaman həmin şəxsi xidməti maşına əyləşdirərək 24-cü Polis Şöbəsinə gətirmişlər və orada tərəfindən İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, onlara qarşı heç bir tabesizlik göstərməmiş, sadəcə üzərində pul olmadığına görə protokolu yerində ödəyə bilməmişdir. Ağır maddi vəziyyətdə olduğunu, üzərində yalnız 3 manat məbləğində pul olduğunu bildirmiş, protokolun tərtib edilməməsini xahiş etmişdir. Barəsində tərtib edilmiş protokol əsassız və qanunsuz olduğundan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Onun tərəfindən polis tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında vətəndaşa yaxınlaşmış, qeyd olunan yerdə siqaret çəkilməsinin qadağan olunduğunu, barəsində protokol tərtib olunacağını bildirmiş, vətəndaş isə səs-küy salaraq, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Beləliklə şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Lakin raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin vətəndaşa hansı əsasla protokol tərtib olunacağı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, qeyd olunan yerdə siqaret çəkmənin qadağan olunması hər hansısa işarə və ya lövhə vasitəsilə bildirilməmiş, həmçinin məhz həmin küçədə siqaret çəkmənin qadağan olunmasının nəyə istinadən irəli sürülməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsində qanunla qadağan olunan yerlərin siyahısı konkret olaraq qeyd olunmuşdur. Vətəndaşın isə məhz bu siyahıya daxil olan yerlərdə tütün məmulatından istifadə etməsi sübuta yetirilməmişdir. Belə olduğu təqdirdə polisin tələbinin qanuni olub-olmaması şübhə altına düşmüş olur. Həmçinin həmin qanunun 10.2-ci maddəsinə əsasən mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. Hazırkı iş üzrə həmin işarənin qeyd olunan yerdə təmin edilmədiyi məhkəmə iclasında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 510 və 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs izahatından, məhkəməyə verdiyi ifadəsindən, bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq hər hansısa müqavimət göstərməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 510 və 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3656/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3656/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver